Müharibəni istəməyən görkəm ala bilərlər, amma...

Divara dirənmiş erməni toplumu əsl üzünü gizlədir

"Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır"

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır. O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib: "Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Bunun üçünsə imzalanmış üçtərəfli bəyanatların müddəalarının icra edilməsi tələb olunur. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və yerinə yetirməyə davam edəcək”.

C.Bayramov bildirib ki, Azərbaycan hələ torpaqlarının işğal altında olduğu dövrdə həm regionda, həm də regiondan kənarda bir sıra böyük layihələrin təşəbbüskarı və iştirakçısı olub: “Torpaqlarımızın azad olunması ilə də yeni imkanlar açılıb, Azərbaycan yenə də yeni layihələrə start verir. Azərbaycan tərəfi Ermənistan tərəfindən olan əməkdaşlıqla bağlı müsbət qərarlara qarşılıqlı cavab verməyə hazırdır. Lakin ölkəmizə qarşı hər hansı təhdidlər olarsa da, Azərbaycan onu cavablandıracaq”.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, erməni xalqı müharibədə məğlub olmuş Paşinyana yenidən etimad göstərməklə müharibə istəmədiyi mesajını hamıya verdi: 

"Təbii ki, erməni cəmiyyəti xəstə cəmiyyət olduğu üçün hər verilən mesajı normal təfəkkürlü cəmiyyətin mesajı kimi qəbul etmək olmaz. Çünki onlar tarixən başqa qüvvələrin əlində alət olublar və bu, indi də belə davam edir. Odur ki, erməni cəmiyyəti, xalqı adlanan toplumun günün birində hansısa alçaqlıqlar edə biləcəyi ehtimalını da gözardı etmək olmaz".

A.Qasımov hesab edir ki, Azərbaycan dövləti və xalqı hər zaman erməni toplumunu gələcəkdə də potensial düşmən kimi qəbul etməlidir: 

"Azərbaycan onun vədlərinə və sözlərinə bir o qədər də etimad göstərməməli, bir sözlə, ehtiyatlı olmalıdır. Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır. Erməni toplumu öz xəstə təfəkküründən qurtulmayınca, bu, belə olmalıdır. Əgər nə vaxtsa hiss olunsa ki, erməni toplumu əsl xalq kimi formalaşıb, real faktları normal cəmiyyət kimi qəbul edir, onda ikitərəfli qarşılıqlı münasibətlər qonşuluq səviyyəsində davam edə bilər. XİN-in fikirlərini də bu kontekstdən dəyərləndirmək olar. Azərbaycan hakimiyyəti də yaxşı bilir ki, indi məğlub olmuş, divara dirənmiş erməni toplumu əsl üzünü gizlədib. Cildini dəyişərək müəyyən dövr üçün yazıq və əzilmiş, müharibə istəməyən görkəm ala bilər. Ona görə də tez-tez "dəmir yumruq" ifadəsini işlədib, əks halda "cavab veriləcək" bəyanatını verirlər".