Bakıdan uçuş 45 dəqiqə çəkdi

Ən böyük sərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib

"Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun"

  “Azərbaycan Hava Yolları”nın (AZAL) ən böyük sərnişin təyyarəsi texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub: "Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir.

Tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”. Qeyd edək ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib. Bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib. Hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edən HHİ qülləsinin tikintisi başa çatdırılıb. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində inşa olunmuş ikinci hava limanıdır.  

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Deputatın sözlərinə görə, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur: 

"Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun".