2017-06-30 00:23:30   |   959 dəfə oxunub

Fotolar əhəmiyyətlidir

Qəzet və saytlarda şəkillər yazıya uyğun yerləşdirilməlidir

Məhəmməd Türkmən: “Bu məsələdə əsas problem saytların “veb redaktor”ları ilə bağlıdır”


İlham Quliyev: "Əsas problemlərdən biri redaksiyalarda fotoqraf ştatının olmamasıdır”

Elçin Bayramlı: "Hər hansı bir mövzuda internetdən hazır şəkil tapmaq daha asandır, nəinki gedib yenidən şəkil çəkib gətirmək”



Qəzet və saytlarda dərc olunan materialları şəkilsiz təsəvvür etmək çətindir. Bu məqsədlə medianın yarandığı dövrdən etibarən mətbuat orqanlarının səhifələrində müxtəlif səpkili fotolar dərc olunub. Hətta zaman keçdikcə yazılarla paralel şəkillər də diqqət çəkən əsas məqamlardan biri olub. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, foto-müxbirlər isə görüntülərlə cəmiyyətə çatdırırlar. İki peşə bir yerdə tamlıq təşkil edir. Media mütəxəssisləri də qəbul edirlər ki, hadisələr söz və foto ilə birgə təsvir olunanda, oxucu tərəfindən daha dolğun və doyurucu qəbul edilir. Bəzən bir yığın sözün deyə bilmədiyini bir-iki şəkil gözəl şəkildə ifadə edə bilir. Azərbaycanda fotojurnalistika sahəsində müəyyən inkişafa nail olunsa da, bəzi qüsurlar özünü hələ də göstərməkdədir.

Ekspertlərə görə, əksər hallarda bir sıra qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Həmçinin, bir çox hallarda müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Əslində mətbuatda dərc olunan yazılarda şəkillərin düzgün yerləşdirilməsi ona görə xüsusi önəm kəsb edir ki, fotolar sərlövhələrdən sonra oxucuların diqqətini çəkən əsas faktorlardan biri kimi yazını insanların gözündə canlandırır, yazıya enerji verir və mövzunun oxunaqlığını, cazibədarlığını artırır. Şəkillər yazı içində bir neçə formada, məsələn, böyük və ya kiçik ölçüdə, bir və ya bir neçə sayda, tam və ya kəsilmiş, yəni montaj edilmiş olaraq verilə bilər. Amma vurğuladığımız kimi, əsas məsələ fotoların yazıya uyğun seçilməsidir. 

Media ekspertlərinin narazılığına səbəb olan digər məsələ isə şəkillər üzərində onu ilk yayan media qurumlarına məxsus loqoların "göz deşməsidir”. 

Ekspertlərin fikrincə, şəkil üzərindəki hədsiz sayda və həcmcə iri loqolar orijinal fotoların effektliyini zədələyir, keyfiyyətini aşağı salır. Təəssüf doğuran hallardan biri isə mətbu orqanların çoxunda fotomüxbir və fotoredaktor ştatlarının olmamasıdır. Mütəxəssislər məqalələrdə verilən fotoların əhəmiyyətindən danışarkən bildiriblər ki, bəzən bir şəklin verdiyi mənanı 50 səhifə yazı verə bilmir. Ona görə də bu işə media qurumlarından öncə ali təhsil ocaqlarında diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, fotojurnalistika sahəsində dünyanın əksər ölkələrindən geri qalırıq. Bəzən saytlarda gözəl bir yazıya elə bərbad şəkil qoyulur ki, məqalə bir dəfə də olsa oxunmur. Əksinə, ən zəif bir xəbəri elə foto ilə təqdim edirlər ki, yazı on min dəfə oxunur. Hesab edilir ki, burada həm redaksiyaların, həm də jurnalist yetişdirən universitetlərin üzərinə böyük yük düşür. Maliyyə problemlərindən dolayı ixtisar başlayan kimi hamıdan qabaq fotomüxbirlər "qurban” verilir. Əslində tam tərsi olmalıdır. Əgər redaksiyada 3 nəfər qalırsa, biri mütləq fotomüxbir seçilməlidir. Biz isə buna önəm vermirik.

"Fotoqraflar.com” saytının təsisçisi, fotomüxbir Məhəmməd Türkmən "Şərq”ə açıqlamasında fotonun məqaləni tamamladığını deyib. Reportyor hesab edir ki, ölkə mediasında çalışan yetərincə foto-jurnalist var və onların böyük hissəsi öz işini bilir. Onun fikrincə, bu məsələdə əsas problem saytların "veb redaktor”ları ilə bağlıdır: 

"Məqalədə əsas fotonu düzgün seçə bilmirlər. Ciddi xəbərə tam əks foto qoyurlar. Məsələn, Putin siyasi bir çıxış edib, önəmli hadisədən söhbət açıb. Lakin xəbərin əsas fotosunda Putinin gülən yerdə fotosu verilir. Kiminsə başına kədərli hadisə gəlir, ancaq sayta kefdə, əyləncədə olan fotosu qoyulur. Foto ölçüləri də düzgün seçilmir, keyfiyyət aşağı olur. Bütün bunların səbəbi isə təlim görməyən, internet resurslarından istifadə qaydalarını bilməyən adamların "veb redaktor” olmasıdır. Təəssüflər olsun ki, redaktorların bəzilərinin 50-dən yuxarı yaşı olur və onlara "təlim keçməlisiniz!” demək mümkün deyil. Çünki eqoları buna imkan vermir. Mən tez-tez xarici agentlikləri izləyirəm. Heç bir ölkədə bizdəki kimi fotolara bərbad formada loqo vuran yoxdur. Bilmirsən, fotonun üstünə loqo vurulub, yoxsa loqoya foto. Azərbaycanda "veb redaktor”lar fotoları səliqəli düzmək, xəbəri anladan fotonu seçmək üçün 1 dəqiqə belə vaxt xərcləmək istəmirlər. Yerli mediada fotonun əhəmiyyətini anlayan, keyfiyyətli foto üçün əməkdaşlarına hər bir şəraiti yaradan bir neçə baş redaktor var. Qalanları üçün fotonun əhəmiyyəti yoxdur. Ona görə də, daima geridə qalırlar”. 

Jurnalist Türkiyə mediasını bu cəhətdən çox bəyəndiyini söyləyib:

"Mənim orada çalışan dostlarım var. Bəziləri saytlarda xəbər kollajı hazırlayırlar. Kollaj mənasız bir xəbəri dəhşətli dərəcədə diqqət çəkən edir. Fotolara çox böyük önəm verilir. Bütün saytlarda, qəzetlərdə foto-redaktorlar var. Fotoreportaj qaydalarına riayət edilir. Yenə deyirəm, hər şeyin kökündə təlim dayanır. Veb redaktorlar təlim keçməlidirlər. Bu işi əhəmiyyətsiz görmək olmaz. "Kompüterin varsa, gəl bizdə admin ol” deməklə iş bitmir. Bu sahəni inkişaf etdirmək lazımdır. Foto-jurnalistlərin işini, zəhmətini yerə sərmək düzgün deyil”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə bildirib ki, müasir jurnalistikanı fotolarsız təsəvvür etmək mümkün deyil: 

"Bəzən bir foto səhifə-səhifə yazının effektindən güclü olur. Məsələn, bir fakt deyim. Səhv etmirəmsə, yanan binadakı xilasetmə tədbirindən bir foto çəkilmişdi. Qucağında körpə uşağı xilas edən polis əməkdaşının fotosu yayılmışdı. O foto polis haqqında minlərlə məqalədən güclü effektə malik idi. Və ya aprel döyüşlərindən sonra şəhid pilotlardan birinin oğlunun atasının tabutu yanında şəkli var idi. Həmin foto şəhid acısı ilə bağlı yüzlərlə məqalənin deyə bilməyəcəyi sözü deyir, mesajı verirdi. Bu sahədə müəyyən problemlərimiz var. Bəzən verilən məqalələrə uyğun şəkil seçilmir. Əksər hallarda da internet resurslarındakı hazır və köhnə şəkillərdən istifadə edilir ki, bu da effektiv olmur. Əsas problemlərdən biri redaksiyalarda fotoqraf ştatının olmamasıdır. Amma son vaxtlar bu sahədə ürəkaçan yeniliklər görürük. Yaxşı, istedadlı gənc fotoqraflarımız yetişməkdədir”.

"Azadinform.az” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da deyib ki, bütün dünya mətbuatında foto həmişə materialda ən əhəmiyyətli hissə olub: 

"Hazırda peşəkar mətbuata malik ölkələrdə, məsələn, Rusiyada, Britaniyada, Fransada, Amerikada foto məsələsinə çox ciddi yanaşılır, mövzuya uyğun elə karikaturalar hazırlanır ki, yazının dəyəri dəfələrlə artır. Foto hazırlanan materialın ən azı yarısı, bəzi hallarda çox isə hissəsi deməkdir. Bizdə də fotonun əhəmiyyəti vaxtilə çox yüksək olub. Jurnalistin yazısını fotolarla təsdiq etməsinə üstünlük verilib. Sovet dövrü mətbuatında yazılarda fotolar, kollajlar, karikaturalar geniş işlənirdi. Baxmayaraq ki, həmin dövrlərdə bu imkan texniki cəhətdən indikinə nisbətən on dəfələrlə zəif idi. Son vaxtlar bizim mətbuatda fotolar sadəcə formal olaraq verilir və şərti şəkil olur. Bunun da bir çox səbəbləri var. Əvvəla, redaksiyalar balacalaşıb, hər saytda 2-3 nəfər işləyir, bəzi qəzetlərdə isə 5-6 nəfər çalışır. Xüsusi fotoqraf ştatı saxlamaq mümkün olmur. Bu halda heç olmasa redaktorun əlində mükəmməl foto arxivi olmalıdır ki, yazıya uyğun şəkil və ya karikatura verə bilsin. İndiki redaktorların bir çoxunun isə elə bir bacarığı və ya istəyi yoxdur”. 

E.Bayramlının sözlərinə görə, hər hansı bir mövzuda internetdən hazır şəkil tapmaq daha asandır, nəinki gedib yenidən şəkil çəkib gətirmək: 

"Şəkillərin istifadəsi zamanı, ölçü, keyfiyyət və s. texniki tələblər redaktorun peşəkarlıq səviyyəsi ilə bağlıdır. Peşəkar redaktorlar barmaqla sayılacaq qədərdir. Bizdə artıq redaktor işi müxbirin verdiyi materialı sayta yerləşdirməklə məhdudlaşır. Bir çox hallarda redaktorların texniki səviyyəsi aşağı olur. O da şəklin pikselini, ölçüsünü, aydınlıq keyfiyyətini xüsusi proqramlarda düzəltmədən birbaşa sayta və ya qəzetə verir. Ümumi götürsək, mətbuatımızda foto problemi ən ciddi problem kimi durur. Hətta bəzən araşdırma və ya reportajlarda belə normal şəkil olmur. Fotolarla müşayiət olunmayan belə yazılar ən azı estetik sayılmır, üstəlik, dəyərini də itirmiş olur. Çünki oxucu qeyd olunanları görmür, bu artıq bəzi hallarda şəxsi və ya qərəzli yanaşma kimi görünür. Əgər keçirilən müsabiqələrdə foto amili də nəzərə alınsa, məncə, bu sahəyə diqqət artar. Baş redaktorlar foto məsələsini tələb kimi qoymalıdır. Fotoqraf yoxdursa, müxbir özü bu işi görə bilər. Yalnız gündəlik qəzetlərdə və böyük agentliklərdə bu sahədə vəziyyət nisbətən yaxşıdır. Onların maliyyə imkanları fotoqraflar və dizaynerlər saxlamağa imkan verir. Buna görə də onlar materiala uyğun şəkilllər çəkir və ya hazırlayır”.

(davamı var)
İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-14
2018-11-13