2015-02-24 01:13:03   |   1903 dəfə oxunub

“İndi hər bir universitet özünü maliyyələşdirmə sisteminə keçib”

Dünyamin Yunusov: “Savadsız müəllim ordusunun təhsil ocağına axınının qarşısı alındı”


Azərbaycanda elm və təhsilin tərəqqisi dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilib. Çünki ölkənin sosial-iqtisadi qüdrəti, milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi uğuru və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.  Buna rəğmən ölkədə gənclərin elmə meyllənməməsi səbəbindən Azərbaycan elminin qocalması kimi problemlərə də rast gəlinir. Şübhəsiz ki, cəmiyyətdə mənfi rezonans doğuran həmin axsamalar Milli Məclisə də ayaq açıb və parlamentarilərimizi narahat etməyə başlayıb. Ona görə də millət vəkilləri "Elm haqqında” qanuna əlavə və dəyişikliklərin olunması mövzsusunu çox gündəmə gətirirdilər. Və nəhayət buna nail olundu. Belə ki, müzakirəsi uzun zamandır ləngiyən sözügedən qanun layihəsi fevralın 24-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Məlumata görə, 8 fəsil və 47 maddədən ibarət yeni qanun layihəsində bu sahədəki bütün boşluqların doldurulması məsələsi öz əksini tapıb. Sənədə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, proqramda gənc alimlərə və elmi işçilərə mənzillə təmin olunmaları məqsədilə güzəştli kreditlər və torpaq sahələri ayrılması da gözlənilir. Layihəyə görə, ali məktəblər eyni zamanda "Tədqiqat universiteti” adını da daşıya biləcək. Tədqiqat universiteti statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək.


Qanun layihəsini və ölkənin təhsil həyatının hazırkı durumunu analiz etmək məqsədilə Azərbaycan Dillər Universitetinin (ADU) Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun qonağı olduq. Bizi gözlətmədən və xoş təbəssümlə qəbul edən prorektorla salamlaşdıqdan sonra söhbətə başladıq.

- Dünyamin müəllim, ömrünün böyük hissəsini elmə həsr etmiş professorun gözündə təhsilimizin mənzərəsi necə görünür?

- Bütün sahələrdən fərqli olaraq təhsil sistemi bir qədər gec bəhrə verir. Məsələn, indi hansısa bir dəyişikliyə başlasaq, bunun nəticəsini 15 ildən sonra müşahidə edəcəyik. Sözsüz ki, Mikayıl Cabbarovun və Akif Əlizadənin təyinatları təhsilimizdə müsbət keyfiyyət dəyişikliyinə gətirib çıxarıb. Yeni nazirimiz qlobal düşüncəli bir insandır. Onun Amerikada təhsil aldığı universitetdə olmuşam. Çox böyük və geniş profilli təhsil ocağıdır. Mikayıl müəllim həmin sistemin təcrübəsini əldə edib və ölkəmizdə o təcrübənin çox sürətli şəkildə tətbiqinə başlayıb. Yəni təkcə universitetlər deyil, artıq bu ildən orta məktəblər, kollec və liseylər də boloniya sisteminə keçəcəklər. Yeni nazirin başqa bir təqdirəlayiq addımı o oldu ki, ali məktəblərə özlərini maliyyələşdirmə imkanı verdi. Ali təhsil müəssisələrinin büdcədən maliyyələşməsinə son qoyuldu. İndi hər bir universitet özünü maliyyələşdirmə sisteminə keçib. Bundan başqa, savadsız müəllim ordusunun yetişməsinin və universitetlərə axının qarşısı alındı. Fikir verin, universitetimizdə çalışan müəllimlərin sayı həddən artıq çox idi. Dünya təcrübəsi ilə müqayisə apardıq. Gördük ki, dünya universitetlərində 16 tələbəyə 1 müəllim, bizdə isə 3 tələbəyə 1 müəllim düşür. Bu, belə davam edə bilməzdi. Təqribən 1300-1400 müəllimimiz vardı. Hər il ciddi attestasiyadan keçirməklə, sosial prinsiplər pozulmadan onların sayını yarıya qədər azaltdıq. Təsəvvür edin, IV kurs tələbələrinə dərs deyən nitq praktikası müəllimi ingilis dilində adi cümlələri ifadə edə bilmirdi. Həmin müəllim tələbəyə nə öyrədəcəkdi? Belə olan halda o müəllimə başa salırdıq ki, sən ali məktəbdə işləyə bilməzsən. Hazırda savadlı kadrları saxlamaqla ADU-da 650-700 müəllim fəaliyyət göstərir. Müəllimlərin sayının azaldılması bacarıqlı müəllimlərin əməkhaqqının yüksəldilməsinə şərait yaratdı. Universitetimizdə çalışan sürücüdən tutmuş professora qədər hər kəsin maaşı artırıldı. Bu da qeyd etdiyim kimi, kadr islahatlarının bariz nümunəsidir. M.Cabbarovun yaratdığı şəraitdir. Göründüyü kimi, bütün addımlar intellektli müəllimin sosial şəraitinin yaxşılaşmasına hesablanıb.

- Qeyd etdiniz ki, nazirlik ali təhsil ocaqlarına özlərini maliyyələşdirmə səlahiyyəti verib. Amma bəzi universitetlər bundan sui-istifadə edib, təhsil haqqını yüksək qoyurlar...

- Dünyaya inteqrasiya olunuruq. Dünya və boloniya təhsil sisteminin prinsiplərindən danışırıq. Xaricdə ödəniş iyirmi, otuz və qırx min tələb olunduğu halda bizdə, min, min beş yüz və maksimum 2 min 5 yüz manat istənilir. Bu elə də yüksək məbləğ deyil. Sözsüz ki, ayda 3 yüz manat alan ailə başçısı üçün 2 min 5 yüz manatı ödəmək çətindir. Amma vəziyyətdən çıxış yolu var. Kim yüksək məbləği ödəyə bilməyəcəksə, ödənişi aşağı olan başqa fakültələr seçə bilər. Onları heç kəs məcbur etmir. Bütün fakültələrin ödənişləri məlumdur.

- Elmimizdə eynəksiz görünən başlıca problemlərdən biri də gənclərin bu sahədən uzaq düşməsidir. Sizcə, səbəb nədir?

- Gənclərdə stimul yaratmaq və onları elmə həvəsləndirmək lazımdır. Onlara doğru-dürüst yol göstərilməlidir. Universitetimizdə demək olar ki, bütün fəaliyyətimi gənclərlə birgə qururam. Doktorant və magistrantlara elmi-tədqiqat işlərində dəstək oluruq. Bilmədiklərini soruşurlar, öyrənirlər. Gəncləri qorxutmaq olmaz. Onlara elmin çətinlikləri ilə yanaşı, şərəfli yol olması da aşılanmalıdır. Bu yaxınlarda hörmətli rektorumuz Səməd Seyidovun iştirakı ilə doktorantlarla görüşdük. Səməd müəllim vurğuladı ki, elm həddən artıq çətin görünə bilər. Amma onun dərinliklərinə baş vurduqca, insan daha da ruhlanır. Gənclərimizi ruhdan salmaq olmaz. Əksinə, sevindirmək lazımdır. Onu da nəzərinizə çatdırım ki, artıq bu yöndə işlər gedir.

- Əksər ali məktəblərdə və dövlət strukturlarında gənclərin vəzifələrə çəkilməsi prosesinə başlanıb. Bu, gənclərimizə stimul ola bilərmi?

- Çox yaxşı addımdır. Başqa universitetləri deyə bilmərəm, ADU-da əksər kafedra müdiri gənc kadrlardan seçilib. Üstəgəl, Fransada təhsil alıb gəlmiş Vazeh Əsgərov universitetimizin Tədris işləri üzrə prorektoru təyin olunub. Bu, balaca vəzifə deyil. İkinci vəzifədir. Gəncdir. İşləyir. Savadlı gənclərə bütün qapılar açıqdır. Onlar həmişə qabağa çəkiləcəklər. Qanun layihəsinə edilən dəyişikliklər həmin məsələləri də özündə ehtiva edir.

- Qanun layihəsindən söz düşmüşkən, orda nəzərdə tutulan yeniliklər elmimizə hansı töhfələri verə bilər?

- Gənc alimin mənzil təminatını və sosial şəraiti yaxşı olmalıdır ki, vaxtını məişət qayğılarına deyil, elmə həsr etsin. Doğrudur, son dövrlər dövlət səviyyəsində həmin proseslə əlaqədar müəyyən işlər görülür. Hazırda gənclərin qarşısındakı ən böyük maneə elmi məhsullarını xarici bazarlara çıxara bilməmələridir. Məqalələrini hazırlayırlar. Bununla belə onu xarici jurnallarda dərc etdirə bilmirlər. Bir məqalənin xarici jurnalda işıqlandırılması üçün bəzən min manat xərcləməli olursan. Axı, gənc tədqiqatçı bu qədər pulu haradan alsın? Tədqiqat universitetlərinə gəlincə, adıçəkilən təcrübə xarici ölkələrdə çoxdan mövcuddur. Dünyanın 40-a yaxın ölkəsinə səfər etmişəm. Hər universitetin tərkibində tədqiqat institutları olur. Məsələn, Brüsseldə Hasselt universitetində şahidi oldum ki, həmin müəssisənin tərkibində tədqiqat institutu da fəaliyyət göstərir. Onlar universitetə ildə bir milyard gəlir gətirir. Ayrı-ayrı strukturlarla müqavilələr bağlanır. Birgə işləyirlər və məhsulun satışından əldə olunan gəlirin müəyyən hissəsi universitetin hesabına keçir. Biz ona hazırlaşırıq. Boloniya sisteminin üstünlük və özəlliklərindən biri də budur.

- Layihəyə təklifləriniz oldumu?

- Bu məsələ ətrafında rəhbərliklə geniş müzakirələr apardıq. Elm adamlarının sosial şəraitinin yaxşılaşmasına dair təklif verdim. Yazdım ki, elmlər doktoruna, aylıq qazancından əlavə 500 manat verilsin. Onlar isə 400 manat ediblər. Daha sonra bildirmişdim ki, elmlər namizədinə isə aylığından əlavə 300 manat ayrılsın. Onu da 240 manat ediblər. Bunlar təsdiqlənsə, yaxşı olar. 10 milyonun içərisində cəmi min 5 yüz -2 min arası elmlər doktoru var. Onlar dəyərləndirilməlidir ki, gənclər də baxıb, elmə yaxın olsunlar. Zənnimcə, qanun layihəsi həyata keçsə, elmimizdə xeyli müsbət irəliləyişlərə nail olacağıq. Çünki həmin layihəni bənd-bənd oxumuşam. Qəbul etsələr, yaxşı olar.

- Boloniya sisteminin bəzi universitetlərdə rektorların maraqlarına uyğun gerçəkləşməsi iddiasını nəzərə alıb, prorektordan sözügedən sistemin təhsilimizdə özünü doğruldub-doğrultmadığını soruşduq...

- Düzdür, bəziləri söyləyir ki, ali məktəblərimizdə sovet təhsil sistemi ilə müasir boloniya sisteminin elementləri birləşdirilərək, yamaq təhsil sistemi formalaşıb. Etiraf edək ki, indiki halda boloniya sisteminin mahiyyətini dərk etməyənlər mövcuddur. Ancaq universitetimizdə adıçəkilən sistemin bütün prinsiplərinə əməl olunur. ADU bir çox xarici universitetlərlə əməkdaşlıq edir. Xaricilərlə daim əlaqədəyik. Yeni sistemin nə olduğunu yaxşı bilirik və bütün tamlığı ilə tətbiq edirik. İndiyə qədər heç bir tələbənin narazılığı olmayıb. Çünki sistem düzgün işləyir. Bu işdə digər ali məktəblərə nümunəyik.

- İllərdir ətrafında fikir mübadiləsi aparılan mövzulardan biri də magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsidir. Necə düşünürsüz, həmin dəyişikliyin qüvvəyə minməsi zəruridirmi?

- Fikrimcə, onlara möhlət verilməlidir. Elmdə fasilə vermək olmaz. Fasilə insanı elmdən uzaqlaşdıra bilər. Çünki hərbi xidmət müddətində gənclər kitab üzü görmürlər. Belə olan halda həmin gənclərin kitaba, elmə bağlılığı itir. Və artıq kitabın qulpundan tutmağı unudurlar.

- Tələbə Qəbulu üzrə Dövlət Komitəsi bir neçə ildir ki, abituriyentlərin ali məktəblərə qəbulunu 150-200 bala salmaqla keçid ballarını tamamilə endirib. Bunu necə dəyərləndirirsiniz?

- Bu məsələdə ikili yanaşma ortaya qoyulur. Bəziləri hesab edirlər ki, ölkəmizdə qəbul imtahanlarında uğur qazana bilməyənlər imtahan vermədən bir sıra MDB ölkələrinin universitetlərinə üz tuturlar. Həmin xarici müəssisələrə külli miqdarda vəsait ödəyirlər ki, bu da ölkədən xaricə pul axını deməkdir. Xaricə pul axınının qarşısının alınması baxımdan balların salınması məqbuldur. Digərləri isə iddia edir ki, 150 bal savadsız tələbə ordusunun yetişməsi deməkdir. Təcrübəli bir pedaqoq kimi mən tamam başqa cür düşünürəm. TQDK-nın dövlət imtahanlarını düzgün hesab etmirəm. Bütün xarici ölkələrdə, orta ümumtəhsil məktəbini bitirən şagird hansı qiymət alırsa, həmin qiymətə və ya bala uyğun ali məktəb seçir. İtaliyanın Milan universitetindəydim. Orada söhbət əsnasında belə məlum oldu ki, hüquq fakültəsinə min nəfər qəbul ediblər. Dedim ki, axı bu böyük rəqəmdi. Bildirdilər ki, min nəfərdən cəmi ya yüzü, ya da əllisi diplom ala bilir. Deməli, mindən 9 yüz nəfəri zəkası çatmır deyə yuxarı kursa qalxa bilmir. Bizdə çox işlərdə təkrarçılıq müşahidə olunur. Orta məktəbdə buraxılış imtahanını müvəffəqiyyətlə verən şagirdi TQDK növbəti dəfə imtahana çəkir. Amma elə etmək olar ki, abituriyentlər cəmi bir imtahan versinlər.

- Bundan başqa, təhsilimizdəki içacıdan bəlalardan biri də bəzi universitetlərin saxta diplom satmasıdır. Demək olar ki, hər gün dövri mətbuatda "filan univeristet də saxta diplam satıb” başlıqlı yazılara rast gəlinir. Hətta həmin məsələ qardaş Türkiyə mətbuatının da gündəminə daşınmışdı. Bu barədə də professorun fikirlərini aldıq...

- Bu işdə saxtakarlığa yol verən rektorlarla yanaşı, valideynlər də qınanılmalıdır. Elə valideynlər var ki, deyir mən haqqını ödəyim, övladım heç dərsə gəlmədən diplom alsın. Hətta bəzi valideynlər övladlarını repetitor yanına qoyur və məktəb direktoruna pul təklif edir ki, uşağım dərsə gəlməsin. Bununla belə düşünmürlər ki, övladları məktəblərdə yalnız bilik qəbul etmirlər. Həm də bir şəxsiyyət kimi formalaşırlar. Uşaq məktəbə və ya universitetə gəlməzsə, gedib, küçədə, tində, dalanda necə formalaşacaq. Əslində pis vərdişlər mənimsəyəcək. Saxta diplom satanlara gəlincə, bu işlə məşğul olanlara deyirəm ki, əl çəkin. Gec-tez qara işlər üzə çıxır. Həmin diplomu verənlər cəzalarını çəkirlər. Diplom verirlər, kimlərsə gedib, işə düzəlir. Sonra diplomun saxtalığı aşkarlananda, həmin vətəndaşın da karyerası bitir. Diplom satanlar özləri ilə yanaşı, onu alanların da həyatını məhv edirlər. Əlaqədar orqanlar ciddi olmalıdırlar. Belə əməllər pislənilməlidir. Bunun ortaya çıxmasına səbəb isə bəzilərinin savadsızlığından irəli gəlir. Şəxsiyyəti olan insan yalnız özünün deyil, başqalarının da taleyi ilə maraqlanmalıdır. Gəncləri saxtakarlığa deyil, qanuna alışdırmaq gərəkdir.

- Repetitorluqdan söz açdınız. Bunu təhsilimizin ən böyük bəlası kimi dəyərləndirmək olarmı?

- Burda iki məsələ var. Müəllimlər orta məktəbdə tədris etdiyi fənni yüksək səviyyədə apara bilsə, heç kim repetitora müraciət etməyəcək. İkinci tərəfi odur ki, müəllim bütün enerjisini məktəbdə xərcləmək istəmir. Çünki əməkhaqqı azdır. Amma artıq problemin həllinə çalışılır. Diaqnostik testdən uğurla keçən müəllimlərin əmək haqları iki dəfə artdı. Repetitorluq müvəqqəti xarakter daşıyır. Zaman-zaman aradan çıxacaq.

- Belə çıxır ki, elmin inkişafına gedən yol, yalnız müəllimin əməkhaqqının yüksəldilməsindən keçir...

- Yox, elə düşünmürəm. Pul sadəcə elmin inkişafı üçün komponentlərdən biridir. Hər il bir neçə abituriyent maksimum hədd olan 700 bal toplayır. Onların danışıqlarına qulaq asıram. Əksəriyyəti bildirir ki, repetitordan deyil, məktəbdən aldığı biliklərlə imtahan verib, yüksək bal yığıb. Burada vicdan məsələsi meydana çıxır. Yəni müəllimlər də az əməkhaqqı alıram deyib, dərsə laqeyd yanaşmalı deyil. Dərsdə ciddi və tələbkar olmalıdırlar. Bir halda ki, auditoriyaya girirsən, şagirdə bilik ver, çıx. Bax, həmin o yüksək bal toplayanları digər məzunlara örnək kimi göstərmək lazımdır. Stimul yalnız pulla deyil, həm də yüksək nəticələrlə ölçülməlidir. Təfəkkür və işə yanaşma tərzi dəyişilməlidir. Yüksək bal toplayanların təbliğatı nə qədər çox aparılarsa, elmə, təhsilə gələnlərin də sayı bir o qədər yüksələr. Buna fikir vermək lazımdır.

- Təfəkkür demiş, bir məsələni müşahidə eləmişəm. Deməli, xarici ölkələrdə şagirdlər daha çox dərsə girəndə sevinirlər. Bizdə isə əksinə olaraq dərsdən çıxanda sevinirik. Bu düşüncəni necə aradan qaldırmaq olar?

- Bu, böyük bir tədqiqat sahəsidir. Hər xalq eyni məsələni müxtəlif cür dərk edir. İngilis dilində söz sırasına müvafiq olaraq mübtəda və xəbər cümlənin əvvəlində gəlir. Amma Azərbaycan dilində mübtəda cümlənin başında, xəbərsə sonda işlənir. Bunlar da təfəkkür və dərketmə ilə sıx bağlıdır. İnsan beyninin informasiyanı süzgəcdən keçirmə qabiliyyətindən söhbət gedir. Demək, ingilislər əsas məlumat daşıyıcısı olan xəbəri tez anlayırlar. Burada kulturoloji məsələlər də öz işini görür. Yəni kitab oxumaq da bir mədəniyyət nümunəsidir.

- İctimaiyyətdə belə iddialar yer alıb ki, son zamanlar beynəlxalq arenaya çıxacaq elmi əsərlərimiz yox səviyyədədir. Doğru yanaşmadır?

- Xeyr, beynəlxalq arenaya çıxacaq əsərlər var. Sadəcə onun xaricə çıxarılmasına şərait yaradılmalıdır. Elm adamlarına layiqli qiymətlər verilməlidir ki, onlar da yazıb, yaratsınlar. Daim yeni bir işin axtarışında olsunlar.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-11-14
2018-11-13