NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib

Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq 

Ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. Orta yol yoxdur

ABŞ öz səfirliyi vasitəsilə Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələbinə yazılı cavab verib. Eyni zamanda NATO Brüsseldə öz yazılı cavabını Rusiya nümayəndələrinə təqdim edib. Məzmun tam açıqlanmasa da, rəsmilərin açıqlaması Qərbin güzəştə getməyəcəyini göstərir. Hərbi alyansın baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Gürcüstan, Ukrayna və Moldovadan öz ordularını çıxartmalıdır. O bildirib ki, NATO “açıq qapı” siyasətindən qətiyyən imtina etməyəcək. 

Rusiya ilə ciddi fikir ayrılığının olduğunu qeyd edən Stoltenberq məhz buna görə dialoqu vacib saydığını bildirib və Rusiya ilə “birbaşa əlaqə xətti” yaradılmasını təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını şəxsən oxuyub. Kreml sözçüsü Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ-ın cavabının təhlil edilməli olduğunu deyib: 

“Əlbəttə, onları təhlil etmək müəyyən vaxt aparacaq. Nəticə çıxarmağa tələsməyək”. Peskov, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinkenin nə zaman görüşəcəyinə dair sualı cavablandırarkən dəqiq tarix barədə hələlik anlaşmanın əldə olunmadığını qeyd edib: “İndiyə qədər onlar dəqiq razılığa gəlməyiblər. Görüşün mənalı olacağını bildiriblər, amma səhv etmirəmsə, hələlik onun tarixi ilə bağlı anlaşma yoxdur”. O, ABŞ və Rusiya prezidentləri arasında görüşün mümkünlüyü ilə bağlı da sualı cavablandırıb və əlavə edib ki, buna prezidentlər özü qərar verəcək: “İşgüzar səviyyədə müəyyən təmaslar olacaq. Bundan sonra görüş və danışıqlara ehtiyac olub-olmamasına və lazım gələrsə, nə vaxt keçiriləcəyinə prezidentlər özləri qərar verəcəklər”. 

Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vyaçeslav Nikonov deyib ki, Amerikanın cavabını mənfi dəyərləndirmək olar. Deputat vurğulayıb ki, NATO-nun bəyanatlarında Rusiyanın narahatlığına dair heç nə nəzərə alınmayıb. Xatırladaq ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməyəcəyi barədə təminat, hərbi blokun 1997-ci il sərhədlərinə qayıtması və s. kimi tələblər qoymuşdu.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Qərbin cavabının mahiyyəti aydındır. Analitik bildirib ki, Amerika və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək: 

“Hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var. Şimali Atlantika Blokunun qapıları açıqdır. ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etmək niyyətində deyil. Qərb sadəcə Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risklərin azalması mövzularını müzakirə etməyə hazırdır. Beləliklə, NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib. Aydındır ki, bu cavab Kremli qane etməyəcək. 

“Silahlara nəzarət, şəffaflıq və risklərin azaldılması” amorf mövzulardır və Kremli maraqlandırmır. Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, Vaşinqton verdiyi vədi yerinə yetirmir”.

E.Şahinoğlu bəyan edib ki, Kreml Vaşinqtona və Brüsselə 3 tələb irəli sürməklə təşəbbüsü ələ keçirdiyini düşünürdü: “İndi tam tərsidir, Vaşinqton və Brüssel tələblərə yazılı cavab göndərməklə topu Kremlə atıb. Rusiya prezidenti ya Vaşinqtonun və Brüsselin cavabını qeyri-qənaətbəxş hesab edib Ukraynaya müdaxilə planını reallaşdıracaq, ya da dialoqun davamını seçib Ukrayna ilə sərhəddəki qoşunlarını tədricən geri çəkəcək. 

Orta yol yoxdur. Vaşinqton Avropadakı müttəfiqlərini indidən ona hazırlayır ki, Rusiya köhnə qitəyə enerji daşınmasını dayandırsa, alternativlər reallaşmalıdır. Bu o deməkdir ki, Vaşinqtonun özü də Kremlin müsbət cavabına ümid etmir”.