Deputat: "Demoqrafik inkişafın təməlində yürüdülən düzgün sosial-iqtisadi siyasət dayanır"

Oktyabrın 1-dən etibarən Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb. Siyahıyaalmada iştirak edən Prezident İlham Əliyev ölkədə demoqrafik vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət normaldır. Bununla yanaşı Prezident insanların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi addımların atıldığını qeyd edib. 

Təbii ki, ölkəmizdə demoqrafik vəziyyətin stabil olması dövlətin islahatları, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlıdır.

Millət vəkili Musa Qasımlı Sherg.az-a bildirdi ki, ölkəmizdə əhalinin siyahıyaalınması mühüm dövlət, ictimai-siyasi xarakter daşıyan bir hadisədir:

Deputat qeyd edib ki, Azərbaycanda demoqrafik inkişafın təməlində yürüdülən düzgün sosial-iqtisadi siyasət dayanır:

“Son illər ərzində ölkəmizdə əhalinin sayı 2 milyon artaraq 10 milyon nəfərə çatıb. Əhalinin sayının artması və ya əhalinin təkrar istehsalı ilk növbədə ölkəmizdə sosial iqtisadi inkişafla bağlıdır. Yeni iş yerlərinin açılması, əhalinin güzəranının yaxşılaşması, maddi-maliyyə imkanlarının artması şübhəsiz demoqrafik inkişafa da təsir göstərib.

Son illər cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət, yeni iş yerlərinin yaradılması, əmək haqları və pensiyaların, tələbə təqaüdlərinin, doktorantların, müharibə əlillərinin və şəhid ailələrinə verilən müavinətlərin artırılması əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşmasına səbəb olub. Bu da özü ilə demoqrafik inkişafa şərait yaradıb. Bütün bu inkişafın təməlində sabitlik dayanır”.