Öyrətmə nə?


Cəsarət Əliyev

Ailə, bağça, orta və yüksək oxu, döyüş qurumlarında qulluq,  bilikyaratma istəyindən doğulmuş öyrətmə qurumları daha çox populyar olan öyüd məktəbləridir. Bəs həyat məktəbi? Bəs oxumadan və yalnız görüb-götürməklə nəsillərdən nəsillərə min illərlə ötürülən bilik və dünyagörüşü? Dərin intuitiv düşüncə və dünyagörüşlülükdən doğan  görüm, yaratma və onların bizim eldə də Cəlil, Ələkbər, Üzeyir timsalında ortalığa çıxması həm də ondan xəbər verir ki, bizim bu yöndə bildiklərimiz və bütövlükdə hamıya bəlli olanlar, bu böyük problemin içərisində çox az bir nəsnədir.  Makarenko? Yox, gəlin söhbəti bir qədər başqa cür quraq. Üzləşdiklərimiz, “eşitdiklərimiz, gördüklərimiz” ...

Məktəb tipləri və şəxsiyyət


Bəzən insan, yaratdığının əldə etmək istədiyindən qat-qat çox bir nəsnə verəcəyini ağlına belə gətirmir. Fridman, Eynşteyn tənliyinin vaxtdan asılı həllərini tapdıqda Eynşteyn çox ucadan “Ola bilməz! Mən bu tənliyi stasionar - yəni vaxtdan asılı olmayan - kainat üçün qurmuşam” , dedi. Eynşteynə hamılıqla, “yavaşı, Albert, tənliyin səndən ağıllıdır”, söylədilər.  Bünövrəsi yaxşı qoyulmuş, yetgın qurulmuş nəsnələrin üzərində sonralar nələr qurulmurki?! Bu söhbəti ondan yana açdıq ki, axı çox vaxt Borun məktəbi var, amma Eynşteynin yox, deyirlər. Bununla da, kadr – insan yetişdirilməsini əsas götürürlər. Eynşteyn tənliyinin təkcə analitik həllərini tapanlar fərqli ölkələrdə yaşayanlardı. Bu insanların yaratdıqları, Eynşteynin öz etdikləri ilə birgə çox ölkələrdə kosmologiya məktəblərinin əsasında durdu, bu sahədə həm universitet dərsliklərinin, həm də monoqrqafiyaların  yaranmasına gətirdi. Eynşteyn və Bor ayrı, fərqli məktəblər yaratmışdilar: böyük araşdırmaçıların yetişməsinə gətirən nəzəriyyələr qurmaqla (Eynşteyn) və  sanballı nəziriyyələr  yaradan araşdırmaçılar yetişdirməklə (Bor). Eynşteyn kimi, yalqız Şrödingerin bir tənliyi hansı ölkədə “kvant mexanikası məktəbləri” yaratmadıki?! Bu sözləri bir çox araşdırmaçılar haqqında da söyləmək olar. Onlardan biri də, hind əsilli amerikalı astrofizik Çandrasekardır. Onun öyüd verdikləri çox azdır və onların içərisində ikisi türkdür: biri osmanlı, o biri isə azəri türküdür. Hər biri dünyada bir astrofizik kimi yaxşı tərəfdən tanınan insanlardı. Onlardan biri, azəri türkü, Yusif Sübuti haqqında danışmaq yerinə düşər. Onun araşdırdıqları astrofizikanın elə Çandrasekar tərəfindən araşdırdırılan fundamental problemləridir. 2000-ci ildə Təbrizdə astrofizikaya aid regional konfrans keçirilirdi. Yusif bəylə tanışlığımız səhər yeməyi yeyərkən başladı. Tanışlıqdan sonra hansı dildə danışacağımı soruşdu. Dedim ki, konfransın dili ingilis dilidir, amma mən Təbrizdə ilk dəfəyəm,  ona görə  istəyirəm öz dilimizdə də danışım. Söz ağzımdan çıxmamış, “mən də istəyirəm, amma iş orasındadır ki, dilimizdə heç vaxt bilikdən danışmamışam, terminalogiyanı bilmirəm”, dedi. Və davam etdı: Olar mən ingiliscə danışım, sizsə bizim dilə çevirəsiniz? Dedim bu iş çətin deyil, amma sizə,  astronomların ağsaqqalı kimi, konfransın açılış sözü verilib. Bəlkə bundan yararlanıb bir neçə kəlmə dilimizdə də danışasınız. Fikrə dalmağa qoymadan, üç dildə danışarsınız, bu işi asanlaşdırar (yalnız bir dildə, ingilis dilində açılış sözü deyilməliydi), dedim. Üç dildə, gözəl, çılğınlıqla deyib bu tapıntıdan sevinc hicci keçirdiyini gizlətmədi. Konfrans Təbriz universitetinin fizika fakultəsinin akt zalında keçirilirdi. Yusif bəyin konfransı açarkən, üç dildə danışacam deməsi, bir sırası kişilərdən, o biri sırası isə çarşaba bürünmüş qadınlardan ibarət olan zalı uğuldatdı. İngilis dilində açılış etdikdən sonra azərbaycanca çıxışını bu sözlərlə başladı: Mən evdə, ailədə, xiyabanda gəzintidə türkcə danışaram, amma elmi toplantıda bu dildə heç vaxt danışmamışam. Əgər yanılsam, üzürlü sayın, dedi. Və danışdı, zal yenə uğuldadı. Hə! Açılışdan sonra elmi çıxışlar başladı. Birinci söz Sübutiyə, ikinci sözsə bizə verilmişdi. Yusif bəy lövhə qarşısına çıxdı və danışmaq yerinə nəyisə (bəlkə də, kimisə) axtarırmış kimi boylanmağa başladı. Böyük zalda gözgörməzdə oturmuşduq.  Heç kimin bilmədiyini biz bilirdik, demişdi axı, onun danışığını dilimizə çevirək. Yavaşca durub qarşıya sarı yeriməyə başladıq, bizi görcək, hə, indi başlamaq olar, dedi. Başladı və bitirdi. Zalda uğultu az qala qışqırığa çevriləcəkdi. Bu uğultu, sözsüz ki, dillə bağlı idi. Günortadan sonra nə zalda, nə də yeməkxanada cinsi ayrıseçkilikdən əsər-əlamət qalmamışdı, hamı bir-birinin yanında çəkinmədən əyləşib söhbətləşirdi. Ertəsi günsə universitetdə o vaxta kimi görünməmiş bir olay baş verdi. İşıqlar kəsilmişdi. Amma konfrans baş tutdu. Gün doğana kimi öyrənənlərin əlindən yaxamızı qurtara bilmədik. Bilik bir yana, ellə, dillə bağlı nə varsa soruşur, öyrənmək istəyirdilər. 

Deyirsiniz, bu son deyilənlərin öyrətməyə nə dəxli? Eynşteyn Plankın ölümü ilə bağlı yazdığı yazıda, biliyi peşə kimi seçenlər haqqında belə deyirdı: (qısaca) elm məbədinə gələnlər çox, onun ucalmasına kərpic qoyanlarsa tək-tək adamlardır. Plank belələrindən idi. O, davam edərək, yup-yumşaq, əyilən bitkilərdən meşə qalxmaz deməklə, şəxsiyyət olmayanın biliyi də ola bilməz – fikrini vurğulayır. Şəxsiyyət olmayanın nə məktəbi, nə də yetkin bir araşdırması da ola bilməz.  Bu keyfiyyət yuxarıda deyilən hər iki tip məktəbin yaradılmasının kökündə duran bir nəsnədir. Yusif bəy belə keyfiyyəti daşıdığına görə dünyada da, öz elində də nüfuz yiyəsidi. Adi bir olayda da, belə işə görə nələrlə qarşılaşa biləcəyini yaxşı bilsə də, özünü şəxsiyyət kimi göstərdi.  O nədəndən də beynəlxalq səviyyəli araşdırma institutu açmışdı və məktəb yaratmışdı (çağırış etsələr də, biz o vaxt oralarda(!) işləməkdən imtina etdik). 

(Ardı var)