İramin İsayev
Professor, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri
“Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır...”
Heydər Əliyev
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov ən məhsuldar qələm sahiblərindən biridir. Kamal müəllimin ictimai fikrin müxtəlif problemlərindən bəhs edən araşdırmaları oxucular tərəfindən rəğbətlə qarşılanır. Həmin araşdırmaların nəticəsi olan əsərlərin-monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin sayı 20-dən çoxdur. 250-dən artıq elmi-pedaqoji, publisistik yazısı işıq üzü görmüşdür. Çinar ağacı yarpağından tanındığı kimi K.Camalovun da yaradıcılığı öz qələm üslubu ilə tanınır. Məhz belə bir qabiliyyətə malik olmaq imkanı onun bu cür faydalı işlər görməsinə şərait yaratmışdır. Alimin “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə (VII əsr - XX əsrin əvvəlləri)” adlanan (ADPU-nun nəşriyyatı, 2019; Elmi redaktoru akademik H.Əhmədov) dərs vəsaiti qiymətli vəsaitdir. Düşüncəmə görə, pedaqoji fikrimizin inkişaf tarixinə dair yazılan hər bir kitab dəyərlidir. Çünki “Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır” Diodor. Zəngin məzmuna malik bu vəsaitin mən yalnız bəzi məqamlara toxunmaqla dərs vəsaiti haqqında sadəcə müəyyənlik yaratmaq fikrindəyəm.
Dərs vəsaitini aşağıdakı məzmun xətlər üzrə ümumiləşdirmək olar:
- VII-XV əsrlərə qədər və sonra Azərbaycan mütəfəkkirlərinin dövrü və onun mühüm pedaqoji problemləri, uyğun olaraq tərbiyə, təhsilin, onun təşəkkülünə təsir edən amillər;
- Həmin dövrdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin təhsil və tərbiyə haqqında ideyaları;
- XVIII-XIX əsrlərdə Azərbaycanda maarif və pedaqoji fikrin inkişaf istiqamətləri, pedaqoji fikrin aparıcı nümayəndələrinin ideyaları;
- XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikir.
Öncə qeyd edim ki, vəsaitdə klassiklər haqqında (Həzrəti Əli, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Fəzlullah Nəimi və .), onların yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri haqqında çox deyilib, çox yazılıb. Klassiklərin əsərlərinin ideya mənbələri, el variantları, elmi çalarları, təsir dairələri araşdırılıb, əsərlərinin kommentarili elmi nəşrləri buraxılıb. Orta və ali məktəblərimizdə Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və başqaları həmişə öyrənilib və indi də öyrənilməkdədir. Lakin adlarını çəkdiyimiz bu elm azmanlarının, üləmaların irsi elə zəngin, nəhayətsiz elm və sənət xəzinəsidir ki, insanlar onlardan iqlim-iqlim, zaman-zaman bəhrələnsələr də “doydum, bəsdir” deməzlər. Ölümsüzlük qazanan klassik sənət adamlarımızın yaradıcılığına birtərəfli yanaşmadan əl çəkərək olduğu kimi, öyrənməyə başladığımız indiki zamanda klassiklər irsinə müraciət edilməsi daha aktual, daha gərəkli görünür.
Adlarını çəkdiyimiz Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Fəzlullah Nəimi poeziya korifeyləri olmaqdan əlavə, həm də dövrünün bütün elm sahələri üzrə kamil bilici, ilahiyyat alimi olmuşlar. Təəssüf ki, biz onları orta və ali məktəblərimizdə yalnız bir şair və yaxud nəsr ustadı kimi tanımaqla kifayətlənmişik. Baxmayaraq ki, onların söykəndikləri fəlsəfəyə, yiyələndikləri elmə, tapındıqları hikmətə bələd olmadan onların söz, fikir çəkisinin ağırlığını, siqlətini lazımınca duymaq, dərk etmək mümkün deyil.
Kamal müəllim hikmət sahiblərinin yiyələndikləri elmə, fəlsəfi fikirlərinə bələd olduqdan sonra onların tərbiyənin və elmin inkişafındakı rolunu, əxlaqi-mənəvi dəyərləri, humanist gərüşləri, valideyn-övlad münasibətinə baxış və görüşləri təhlil-tədqiq obyektinə çevirmişdir. Tərbiyənin və elmin inkişafında Həzrəti Əlinin(ə.) rolundan bəhs edən tədqiqatçı qeyd edir ki, Həzrəti Əli (ə.) elmə, biliyə yiyələnmək yolları ilə bağlı orijinal fikirlərə sahibdir. Göstərilir ki, Həzrəti Əli (ə.) elmi iki yerə bölür: anadangəlmə elm və eşidilib öyrənilən elm. Həzrəti Əli (ə.) deyir ki, anadangəlmə qabiliyyət yoxdursa, eşitməklə öyrənilən elm heç bir fayda verməz (Bax: səh.16). Həzrəti Əlinin “Divan”ını və “Nəhcül-Bəlağə” əsərlərini oxuyub tamamladıqdan sonra Pedaqoq-alim haqlı olaraq belə qənaətə gəlir ki, Həzrəti Əli (ə.) şəxsiyyətin təşəkkülündə tərbiyənin gücünə böyük əhəmiyyət vermiş və onu geniş mənada başa düşmüşdür. Lakin tərbiyənin rolunu həddən artıq şişirtməmiş, irsiyyəti, xüsusən mühiti də şəxsiyyətin formalaşmasına təsir edən mühüm amil kimi qəbul etmişdir. Həzrəti Əliyə (ə.) görə tərbiyənin məqsədi Vətənini, xalqını qəlbən sevən, elmli, təhsilli, saf mənəviyyatlı, sağlam əqidəli, geniş dünyagörüşlü, əməksevər, mərd, mübariz vətənpərvər şəxslər yetişdirməkdən ibarətdir. O, tərbiyənin sinfi xarakterdə olduğunu göstərmiş və sübut etmişdir ki, nəcib əxlaq, saf mənəviyyat məhkum sinifdə, əməkçi xalqda daha parlaq təzahür edir. Əxlaq tərbiyəsindən bəhs edərkən Həzrəti Əli (ə.) haqlı olaraq formasiya və ya antoqonist siniflərin olduğu cəmiyyətin mahiyyətindən irəli gələn, adamlarda daha çox özünü göstərən acgözlük, mənsəbpərəstlik, fərdiyyətçilik, xəsislik, tamahkarlıq, lovğalıq, paxıllıq, yaltaqlıq, kobudluq və s. kimi sifətləri kəskin tənqid etmişdir.
Kamal Camalov, eyni zamanda türkdilli xalqların poeziyasına ilk dəfə əruz vəznini gətirən Balasaqunlu Yusifin “Qutadğu bilig” (Xoşbəxtliyə aparan elm) əsərində tərbiyə məsələlərini geniş təhlilə cəlb etmişdir. Müəllif dönələrlə vurğulayır ki, “Qutadğu bilig” əsəri əxlaqi saflıq, mənəvi dəyər, humanizm, ədalət, şərəf və ləyaqət, sadəlik və təvazökarlıq, vicdanlılıq, əməksevərlik, qəhrəmanlıq, mərdlik, qocalıq, alicənablıq, sədaqət və səmimiyyət, dostluq və yoldaşlıq, dəyanət və ehtiram, vədəyə əməl etmək, dar gündə başqalarına kömək etmək, vətənpərvərlik, özündən böyüklərə, valideynlərə hörmət etmək, özündən kiçiklərə qayğıyla yanaşmaq, ağlın gücü, alimlərə hörmət və s. kimi görüşlər üzərində qurulmuşdur. 85 bölmədən ibarət olan bu əsərdə tədqiqatçı əsasən ailə tərbiyəsi münasibətlərində valideynlərə hörmət, uşaq tərbiyəsinə diqqət, sonsuzluğa münasibət kimi görüşlərə toxunur. K.Camalovun şərhindən oxuyuruq ki, Balasaqunlu Yusif gənclərə evlənərkən kökü, nəsəbi yaxşı olan və ya iffətli, namuslu, təmiz ailədən qız almasını məsləhət edir. Ər üzü görməmiş olsun. Beləsi səni sevər, səndən başqasını tanımaz, yaramaz hərəkətə yol verməz deyir. Qeyd edir ki, evlənən zaman özündən aşağı təbəqədən qız al. Onda ömrün şad-xürrəm içərisində keçər. Var-dövlət sahibi olan qız alsan ömrünə yara vurmuş olarsan. Bu yaranın da yeri həmişə göynəyər (Bax: səh.46).
K.Camalov “Qutadğu bilig” əsərini oxuyub bitirdikdən sonra belə qənaətə gəlmişdir ki, Balasaqunlu Yusif ailədə vahidlik prinsipi ilə yanaşı nümunənin roluna böyük önəm vermişdir. Çünki uşaq valideynin həyatında baş verən ən kiçik dəyişikliyi görür, hiss edir, hətta valideyn fikrinin bütün dönüşləri gözə görünməyən yollarla uşağa çatır. Məhz buna görə də hər bir valideyn özünə qarşı tələbkar olmalıdır – deyir.
Dərs vəsaitində diqqətimi çəkən məqamlardan biri də Yaxın və Orta Şərq ölkələrində alim, şair, mütəfəkkir və ən əsası hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah Nəiminin yaradıcılığında olan humanist görüşlər oldu. Kamal müəllim ehtimal nəzəriyyəsinə vararaq deyir ki, Şəhabəddin Fəzlullah Təbrizi Astrabadi özünə Nəimi (Bol nemətli mənasında) təxəllüsünü Qurandan götürmüşdür. Vəsaitin 88-ci səhifəsində oxuyuruq: Biz nəim ifadəsinə müqəddəs kitabımız Quranda da rast gəlirik. Yerin və göyün yaradanı Allah “Qurani-Kərim”də xoş əməl sahibi olanları axirət dünyasında cənnətlərlə mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir. Yüz iyirmi ayədən ibarət olan “Əl-Maidə” (“Süfrə”) surəsinin 65-ci ayəsində deyilir: “Əgər kitab əhli (Məhəmməd peyğəmbərə və Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən çəkinsələr, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik”. Buradan belə ehtimal çıxara bilərik ki, Fəzlullah “Nəimi” təxəllüsünü “Quran”dan götürmüşdür. Həmçinin nəim – xoşbəxt yaşamaq, firavan yaşamaq, aydınlıq anlamını da ifadə etməkdədir. Bununla o, tərəfdarlarının nəzərinə çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik xurafatçı axund və mollaların vəd etdiyi cənnətdə deyildir, onu bu dünyada həqqə tapınmaqla tapa bilərsiniz (Bax: səh.88).Fikrimizcə, Kamal müəllimin bu ehtimalına bizim də şərik çıxmamız doğru olardı. Tədqiqatçı K.Camalov haqlı olaraq belə qənaətə gəlir ki, azad fikir və sərbəst düşüncə sahibi olan Fəzlullah Nəimi yaradıcılığında yaradılmışların ən şərəflisi olan kamil insanı mədh etmiş, təhsili kamil insanlar yetişdirmək üçün vacib saymış, əxlaqi-etik normaları, ədəb-ərkan qaydalarını əsas götürmüşdür.
XVIII-XIX əsrlərdə Azərbaycanda maarif və pedaqoji fikrin inkişaf istiqamətləri, pedaqoji fikrin aparıcı nümayəndələrinin ideyaları məzmun xətti üzrə müəllif Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi və Nəcəfbəy Vəzirov kimi görkəmli pedaqoq və maarifçilər tədqiqatçı tərəfindən təhlil süzgəcindən keçirilmişdir. Bildiyimiz kimi, Vaqifin poeziyası müxtəlif dillərdə danışır və Vaqif yaradıcılığı layiqincə qiymətləndirilir. K.Camalov bildirir ki, Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən öyrənmiş olsa da onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Eyni zamanda “Molla Pənah Vaqifin şeirləri gənc nəsildə elmi dünyagörüşün formalaşmasına keşməkeşli və şərəfli tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz ruhunda tərbiyəsinə geniş imkanlar açır”. (İramin İsayev “Pedaqoji irsimizdən: Molla Vəli Vidadidən H.K.Sanlıyadək” Bakı-2014, səh 45). Vaqif tam mənası ilə milli bir şairdir. Göstərilir ki, Vaqif, təlim-tərbiyə, əxlaqi saflıq və xarakterin möhkəmliyi kimi etik məsələləri izah edərkən bir mühüm, düşündürücü həqiqəti də geniş şərh edir. Bu da sevgidə sədaqət, azad məhəbbət ideyası yolunda hər növ cəfaya dözmək, ilqar saflığı və əhdə dönük olmamaq kimi yüksək əxlaqi-estetik prinsiplərin ardıcıllıqla müdafiəsindən ibarətdir. Şairin əsasən belə bir işıqlı, təmiz qayəni təlim etdiyi göstərilir: sevgi, eşq, gözəllik o zaman birləşə bilər ki, sevgililər arasında düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə yaransın. Gözəllik azad, bakir və ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti yaşada bilər. Tədqiqatçı tərəfindən haqlı olaraq göstərilir ki, Molla Pənah Vaqif mənsub olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq, huşyar cavanlarını elmə-maarifə yiyələnmiş, açıqgözlü, mədəni bir nəsil kimi görmək istəyir. Onun poeziya yaradıcılığında estetik gözəlliyin əsasında şairin tərbiyəvi-əxlaqi qayəsinin, təlim etikaya dair müddəalarının geniş şərhi dayanmışdır. Göründüyü kimi, M.P.Vaqif cismən və ruhən gözəl, azad və təmiz gəncliyi, ağıllı, nəcib, həyat mübarizəsinə hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli vətəndaşlar kimi görmək, tanımaq və tərənnüm etmək idealları ilə yaşamış və yazıb yaratmışdır.
Dərs vəsaitində maraq kəsb edən təhlillərdən biri də maarif xadimi Mirzə Fətəli Axundovdur. Çox ədəbiyyatlar Axundovu ateist kimi təhlil edir və tanıdır. Kamal müəllim isə Axundov yaradıcılığındakı faktlara söykənərək həm də Axundovu deist dramaturq kimi təhlilə cəlb etmişdir. Qeyd olunur ki, M.F.Axundov tərki-dünyalıq ideyalarını təbliğ edən insanlara həyatda ən adi zövqləri belə qadağan edən yalançı din ümayəndələrini ciddi surətdə qınayır, insan ləyaqətini alçaldan ruhaniləri şarlatan adlandırır. Həmçinin, bəhs edilir ki, M.F.Axundov dram əsərlərində, məktublarında, fəlsəfi fikirlərində xalqı başa salır və müraciət edir ki, qadınları azad edin, onları qaranlıq evlərin qapalı divarları arasında həbs etməyin, onların tərbiyəsi ilə məşğul olun. “Ey camaat! Qadınları həbsdə, örtük altında saxlamaq böyük zülm olmaqdan əlavə, eyni zamanda bəşəriyyətin yarısı haqqında edilən bu haqsızlığın kişilər üçün də hədsiz-hesabsız zərəri vardır... Qadınları həbsdə və örtükdə saxlamayın! Onları tərbiyəsiz qoymayın, onlara zülm və haqsızlığı rəva görməyin. Bir nəfərdən artıq arvad almayın!”. Və yaxud, yenə də yalançı din xadimlərinin “Nəğmə oxuma, haramdır; nəğməyə qulaq asma, haramdır; nəğmə öyrənmə, haramdır; teatr yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmək məkruhdur; rəqsə tamaşa eləmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şahmat oynama, haramdır; nərd oynama, haramdır; mənzilində heykəl saxlama haramdır” – kimi hayqışqırıqlarına qarşı Axundov yazır ki, halbuki bunlar “müəyyən ölçüdə olarsa, insanın düşüncəsinə cila verir, əqli saflaşdırır və artırır”. Göründüyü kimi, müəllif belə qənaətə gəlir ki, Mirzə Fətəli Axundov islam dininə deyil, islam dininə gətirilən və sağlam zəkaya uymayan etiqadlara, xəyalatlara gülür, eyni dərəcədə kəskinliklə rədd edir.
XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin pedaqoji fikirləri adlı məzmun xətti üzrə müəllif əsasən Məhəmmədağa Şahtaxtlının və Firidun bəy Köçərlinin də maarifçilik fikirləri müəllif tərəfindən oxunaqlı bir dillə, məntiqi ardıcıllıqla şərh edilmiş, onların fikirləri uğrunda mübarizələri, praktik fəaliyyətləri göstərilmişdir. Vəsait axıradək çox maraqla oxunur. Dərs vəsaitinin ən gözəl məziyyətlərindən biri Məhəmmədağa Şahtaxtlının və Firidun bəy Köçərlinin fəaliyyəti fonunda keçən əsrin (XX əsrin – red.) ilk illərində Azərbaycanda əmələ gələn canlanma ilə oxucuları tanış etməsindən ibarətdir. Həmin illərdə maarif cəmiyyətlərinin yaradılması, xalq maarifinin inkişaf etdirilməsi, tədrisin ana dilində aparılması, dərsliklər yaradılması, qadın azadlığı və s. məsələlər ictimaiyyəti düşündürən başlıca problemlərdən idi. Bununla əlaqədar ideya ixtilaflarından irəli gələn mübahisələr, mübarizələr də meydana çıxırdı.
Burada eyni zamanda F.Köçərlinin “Tərəqqi”, “Şərqi-Rus”, “Dəbistan”, “İqbal”, “İrşad”, “Molla Nəsrəddin” və digər qəzet və jurnal səhifələrində məktəb işinə, müəllimlərin həyatına, ana dilinə münasibət, uşaqların tərbiyəsinə aid dərc edilmiş məqalələrinin əsas məziyyətləri aşkar edilir. Daha sonra K.Camalov Firidun bəy Köçərlinin uşaq kitablarına, dərsliklərə və həmçinin “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə dair qiymətli fikirlərinin elmi icmalını verir. Burada F.Köçərlinin düzgün pedaqoji tələblər qoyduğu göstərilir. Müəllif adlarını çəkdiyimiz qəzet və jurnallarda bu mövzuda çap edilmiş onlarca məqaləsinin təhlilini vermiş, elmi ümumiləşdirmələr aparmışdır. Kamal müəllim haqlı olaraq belə bir nəticəyə gəlir ki, Məhəmmədağa Şahtaxtlı və Firidun bəy Köçərli ana dilinin tədrisi uğrunda, qadın azadlığı ətrafında başlanan hərəkata və s. məsələlərə rəhbərlik edən, istiqamət verən pedaqoq, mühərrir kimi bu yolda böyük fədakarlıqlar göstərmiş, həm ədəbi yaradıcılıqlarında, həm də publisistikalarında bu mövzuya axıra qədər sədaqətli olmuşlar.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə (VII əsr - XX əsrin əvvəlləri)” adlanan dərs vəsaiti yalnız təqdir edilməlidir.
Alim üçün ən böyük mükafat elmdə nüfuz qazanmaq, görkəmli mütəxəssislər tərəfindən dəyərləndirilmək, tələbələrinin, müəllim kollektivinin və xalqın sevimlisinə çevrilməkdir. Zəngin elmi yaradıcılığı ilə şöhrət qazanan, yetişməkdə olan nəslin tərbiyəsinə öz töhfəsini verən dosent, Əməkdar müəllim Kamal Camalov məhz belə bir uğur sahibidir. Sonda deyərdim ki, gənc alim Kamal Camalovun monoqrafiyalarını, məqalələrini oxuyanda yadıma belə bir kəlam düşür. Deyirlər, insanda olan əsl istedad, qabiliyyət istənilən fəaliyyət növündə, peşədə və sənətdə özünü biruzə verir. Əgər Nizami Gəncəvi dünya ədəbiyyatının korifey şairi olmasaydı, məşhur heykəltaraş, yaxud görkəmli rəssam olardı. Əgər Əcəmi dahi memar olmasaydı, tanınmış yazıçı və ya filosof olardı və s. Mən bir professor olaraq məmnunluq duyuram ki, o, de fakto bizimlədir. Kamal Camalova pedaqogika elmini daha yüksək zirvələrə qaldırmaq naminə böyük nailiyyətlər arzulayıram.