General Ermənistanla sərhədə getdi: Elçin Quliyev xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev oktyabrın 2-3-də Xidmətin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, son günlər xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib.

Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.