Oktyabrın 1-dən etibarən Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb. Siyahıyaalmada iştirak edən Prezident İlham Əliyev ölkədə demoqrafik vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət normaldır. Bununla yanaşı Prezident insanların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi addımların atıldığını qeyd edib.
Təbii ki, ölkəmizdə demoqrafik vəziyyətin stabil olması dövlətin islahatları, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlıdır.
Millət vəkili Rauf Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə əhalinin sayı ilə bağlı mütəmadi olaraq statistik məlumatlar verilir.
Deputat bildirib ki, Azərbaycanda demoqrafik durumun stabil olması sosial islahatlarla birbaşa əlaqəlidir:
“Sonuncu dəfə Azərbaycanda əhalinin sayı 10 milyona çatdı. Hətta bu zaman hər kəs bir-birini təbrik elədi. Bu gün bölgələrdə və kəndlərdə çoxlu sayda insanlar yaşayır. Amma onların qeydiyyatları yoxdur. Ona görə də statistik göstəricilər və demoqrafik vəziyyətin araşdırılması çox vacibdir. Bu sahədə çox gözəl tədbirlər görülüb, müvafiq anketlər hazırlanıb. Vətəndaşın adı, soyadı, atasının adı, harada işlədiyi və.s məlumatlar var. Bu olduqca yaxşıdır. Beləliklə əhalinin demqrafik vəziyyəti ilə bağlı məlumatlar əldə olunur. Hesab edirəm ki, hər kəs bu işdə dövlətə dəstək olmalıdır. Çünki əhali haqqında statistik məlumatlar elektron formada olandan sonra ölkədə demoqrafik stabillik də olacaq”.
Parlament üzvünün fikrincə, ölkəmizdə sosial islahatlar aparılmaqla demoqrafik durumun şəffaflığı da ortaya çıxacaq:
“Kimsə xahiş edir ki, ona qaz, su çəkilsin. Amma qeydiyyatı olamayan vətəndaşa bu köməkliyi etmək mümkün olmur. Ona görə də əhalinin demorafik vəziyyəti barədə məlumatlar əsasdır”.