Melburn rəhbərliyi bu şəhərin xeyli hissəsində siqaret çəkməyin tamamilə qadağan edilməsini planlaşdırır. Qadağa tədbiri Melburnun mərkəzi rayonlarına aid ola bilər.
Axar.az xəbər verir ki, artıq oktyabrın 4-də Avstraliyanın Melburn şəhərindəki “Bourke Street Mall” alış-veriş küçəsində siqaret çəkmək tamamilə qadağan ediləcək, lakin meqapolisin hakimiyyət orqanları qadağan tədbirinin tədricən bütün şəhərə aid olmasını istəyirlər. Meriyada belə hesab edirlər ki, bu halda Melburnda siqaretçəkmə ilə bağlı xəstəliklərdən ölənlərin sayı xeyli azalacaq. Hazırda Avstraliyada belə halların ümumi sayı ildə 15 minə çatır. Söhbət siqaret çəkmənin kəskin şəkildə və qəti qadağan edilməsindən getmir, çünki bu halda əhalinin müəyyən kateqoriyasının hüquqları pozulmuş olardı. Söhbət tədricən siqaretçəkmədən azad zonalar yaradılmasından gedir. Məsələn, piyadaların hərəkət etdiyi zonalar buraya aid olacaq. Siqaret çəkənlər üçün ayrıca məkanlar təşkil olunacaq və oraya getmək üçün müəyyən qədər vaxt lazım gələcək.
Melburn şəhərinin rəhbərləri vurğulayırlar ki, siqaret çəkənlər həm öz sağlamlığına ziyan vurur, həm də minlərlə insan özlərindən asılı olmayaraq tütün tüstüsü ilə nəfəs almağa məcbur olur. Nəhayət, söhbət “üçüncü şəxslər kimi” siqaret çəkməkdən gedir. Yəni, insanlar bir qədər əvvəl kimlərinsə siqaret çəkdiyi skamyalarda əyləşəndə toksik tüstü hissəcikləri onların dərisindən ciyərlərinə hopur. Elmi yolla sübut edilib ki, “üçüncü şəxslər kimi” siqaret çəkmək insanların sağlamlığı üçün böyük təhlükədir və uşaqlar bu təhlükəyə daha çox məruz qalır.
Bununla bərabər, Melburn rəhbərləri razılaşırlar ki, yüksək stress vəziyyəti yaranan bəzi ictimai yerlərdə, məsələn xəstəxanalarda və ya məhkəmə binalarında siqaret çəkmək üçün ayrıca zonalar olmalıdır. Siqaretçəkmənin tam qadağan edilməsinin birinci mərhələsi elektron siqaretlərə aid olmayacaq.