Cəsarət Əliyev
(II yazı)
Öyrətmənin istəyi nə?
Öyrətmənin hər bir səviyyədə, orta və ali öyüddə də, peşə öyrənilməsində də, araşdirmaçılıqda da əsas istəyi birdir: uyğun bilikləri və peşə vərdişlərini vermək. Yalnız bundan sonra hər hansı bir kəs, hər hansı bir sahədə özü ayaq üstə dayana və vətəndaşa, şəxsiyyətə çevrilə bilər. Şəxsiyyətsiz bilik daşıyıcısına, işbilənə, və əksinə, iş görməyi öyrənmədən, biliklərə yiyələnmədən şəxsiyyətə çevrilmək ola bilən bir iş deyil.
Televiziyalarda deyilir, saytlarda yazılır, tez-tez üzləşirik belə deyimlərlə: məktəbin işi vətəndaş yedişdirməkdir. Bilərəkdən cümlənin tamamlayıcısı – daha bilik vermək deyil – hissəsi buraxılır ki, insanlarda məntiqi ziddiyyətli duyğular yaratmasın. Soruşsan ki, kənddə qoyunu qurda verən çobanı, öyrətməyən öyrədəni kimsə vətəndaş adlandırar, yox deyəcəklər. Biliklər və onların əsasında yönəltməni öyrənməyən öyrənən - məktəbli necə vətəndaşa çevriləcək? Öyrətmə yalnız məktəbdə baş vermir ki, daş ustası, dəmirçi, xalçaçı yanında da öyrənib peşəyə yiyələnmək olur. Onların içərisində öyrədən də, öyrənən də işini bilməsə, bacarmasa kim onlara vətəndaş deyər. İş bilməyən adamın vətən sevgisi, yaxşı halda platonik sevgidən uzağa gedə bilərmi? Öyrətmənin hər bir səviyyədə, orta və ali öyüddə də, peşə öyrənilməsində də, araşdirmaçılıqda da əsas istəyi birdir: uyğun bilikləri və peşə vərdişlərini vermək. Yalnız bundan sonra hər hansı bir kəs, hər hansı bir sahədə özü ayaq üstə dayana və vətəndaşa, şəxsiyyətə çevrilə bilər. Şəxsiyyətsiz bilik daşıyıcısına, işbilənə, və əksinə, iş görməyi öyrənmədən, biliklərə yiyələnmədən şəxsiyyətə çevrilmək ola bilən bir iş deyil. İşbilməzin özünü tox tutması, quru bəyliyi uzun sürən bir nəsnə deyil. Hər peşənin və peşə yiyəsinin çərçivələri var. Çobana bu çərçivədən kənarda bacarmadığı iş tapşırıldıqda o işi batıracaq və deyəcəyik ki, bu ki “çoban”dır. Hansı ki öz yerində o, yaxşı bir vətəndaş idi. Məktəblərdə öyrənənlərə öncə bilik, öyüd vermək gərəkdir, sonra onlara bilik və bacarığına görə öncə öz aralarında və bütövlükdə toplumda yerini düzgün bəlirləməyə yardımçı olmaq yaxşı olar. Onlar özləri bacarıqlarını və yerini bilməklə, ürəklərində el sevgisi ilə vətəndaşa çevriləcəklər. Bir neçə misal yerinə düşər. İndiki gənc nəsil bilmir, o vaxtki olaylar dövrünü yaşayanlardan çoxu isə, olsun ki, xatırlamır. 1989-90-cu illərdə SSRİ Ali Sovetinin bir sessiyasında xəbər yayıldı ki, bir azərbaycanlı qadın – deputat bir sənədi imzalamaqdan imtina edib. Aydın oldu ki, olayın nədəni sənəddə Qarabağ adının keçməsi, amma nədən danışıldığının bizim deputat tərəfindən anlaşılmaması olub. Sovet dövründə qayda beləydi, öz işində ünlü olanlar siyasi və eləcə də digər biliklərinin olub-olmamasından asılı olmayaraq deputat seçilərdi. Bu olay o vaxt bir çoxlarında, o cümlədən də, bizimkilərdə gülüş doğurmuşdu. Hansı ki, bu olayda göz qoyulası başqa bir nəsnə də var: vətəndaşlığın nə varsa hamısını üstələməsi. Qadın deputat Qarabağ sözü keçən sənəddə, birdən elimə qarşı nəsə yazılmış olar deyib qol çəkməkdən imtina etmişdi. O, öz işini bilən bir kəs təki, deputat olana kimi öz yerində olub və yaxşı vətəndaşdı. Amma orta öyüddə iyerarxiya, yerini bilmə vaxtında aşılansaydı, yox, deputat işi mənlik deyil deyib vaxtında imtina edərdi. İndi isə, yaxşı bir vətəndaş kimi, gücü qol çəkməkdən imtinaya çatırdı.
"10 – Yox, müəllim yazmayın. 9 - müəllim yazmayın. Yaxşı ... ”. Türanə o qədər yeyin deyirdi ki, mən çatdırıb yaza bilmirdim. Baxmayaraq ki, bakalavr dəstəsində iyerarxiya qiymətə görə deyil biliyə görə bəlirlənmişdi, o özünə sığışdırmırdı ki, ondan bilikli olanlarla bərabər qiymət alsın. O, yaxşı bilirdi ki, yüksək qiymət onlara stipendiya almaları və bununlada valideyinlərin üzərindən iqtisadı yükün qismən götürülməsi üçün verilir. Öyrənən işdə görməlidir ki, bilikdə birincilər sırasında olmayıb layiq olduğu yerdə dayanması nəinki onu aşağılamır, əksinə hörmətə mindirir. Hamının gözü qarşısında Türanə nə qədər ucaldı. Əslində bu çoxdan baş vermişdi. Hamının eşidəcəyi səviyyədə, o ki Azərbaycan qadını timsalıdır, demişdik. Hətta belə deyimlər onda başkicəllənməsi yaratmamışdı. Yeri gələndə, “yazmayın” deməklə imtina etməyi bacardı, həm özünü, həm də onun haqqında deyilənləri doğrultdu. Başlıcası odur ki, hər bir kəs özü öz yerini bilsin, kənardan onsuz da, hər bir nəsnə yaxşı görünür. Elə buradaca ....
Bir iş ki söhbət düşdü, elə buradaca Azərbaycan qadını ilə bağlı bəzi düşündüklərimizi bölüşək. Bütün dövrlərdə azərbaycan qadının gözəl obrazı, mənəvi dəyərləri yazıçı, şair qələmi ilə cızılıb. Son dövr nəsrində İsa Hüseynovun “Nəsimi”də (Məşhərdə) yaratdığı Şəms obrazını yəqin ki, Nəsiminin nüfuzu kölgədə qoyub. Görmədik ki, “Nəsimi” filmindən söhbət gedəndə bu əyilməz, ölümə gedən qadın obrazı üzərində dayanılsın. Elə buradaca deyək ki, Şeyx Əzəm obrazı da “Ovod”dakı Montanelli qədər çətin cızılası bir obrazdır, o da, çoxlu psixoloji konfliktləri özündə daşıyır. Tamam bunun əksinə olaraq Rəfael bəy Hüseynov, real həyatdakı qadınların bədii obrazını yaratmaqla, onlara layiq olduqları ucalığı qaytarmağa çalışıb: Müşfiqin bacısı, Hüseyn Cavidin, Əhməd Cavadın həyat yoldaşları və bir çox başqaları ki həyat hekayətləri çox başıpapaqlıya dərs olası bir nəsnədir. Bizcə Rəfael Hüseynovun bişmiş qələmi ilə cızılan ssenariyə söykənərək çəkiləsi film hamını ilgiləndirər. Maraqlıdır, hər bir qadın haqqında ayrıca novellalar şəklində hazırlanmış filmi vahid süjet ətrafında birləşlədirmək ola bilən bir işmi? Eldə kişi qırğını vaxtı kişiliyi qadının daşıması – hə, belə bir toplum taleyi. Yüzillikləri biri-birinə calayası belə bir süjet yəqin ki, ədəbi fantaziya üzərində qurulmalıdır.
Qayıdaq mövzuya. “Xoşbəxt adamsınız” ki, evdar siyasətçilərin təkcə “qorbaçı” deyil ölkəni (SSRİ-ni) fırladan Sitaryanla, Şahnazarovla üz-üzə oturub Azərbaycan-Ermənistan problemini araşdırmalarını görməmisiniz. Hə, yerini bilməmə!
Bu tip sosial olayların modelləşdirilməsində klassik (enerjilərə görə çoxölçülü) Bolsman paylanması da yarayar, çoxölçülü yayğın Lütfi zadə metodları da. Toplumu alt çoxluqlara ayırma - məsələn, siyasi və elmi – çox önəmlidir. Yalnız o vaxt hər bir kəsin hansı çoxluqda – məsələn, siyasi yoxsa elmi çoxluqda - liderlər dəstəsində, yoxsa hər hansı başqa bir yerdə olması aydın görünər. Onda, barmaq tuşlayıb “mən sizdən çox bilirəm” deyən kəsin siyasi biliyinin yoxluğu (Lütfi zadə metodu ilə yanaşmada siyasi mənsubiyyət funksiysının sıfra yaxın olması) və belə olan halda siyasi çoxluqda birincilik iddiasının şəxsi faciəsinə çevrilməsinin sirri açılar. Təkcə siyası biliklərin deyil, praktik yönəltmə (idarəetmə) vərdişlərinin və uyğun siyasi mədəniyyətin olmaması da, hətta ifrat el sevgisi olduğu halda belə siyasi lider olmağa yol vermir (siyasi çoxluqda tam mənsubiyyət funksiysı sıfra yaxındır). Yerində yanlış oturma faciə ilə bitər. Bitdi də. Hansı ki, vaxtında ... deyilmişdi.
Bizim toplumda biliyini, imkanlarını düzgün qiymətləndirməmə, yerini bilməməyə aid çoxlu misallar çəkmək olar. Yerini bilməyəndən isə sözün tam anlamında vətəndaş ola bilməz. İmkanı olmadığı halda liderlik edən kəsin azacıq əyməsi (məsələn, vətən savaşı gedən ölkədə siyasi fərarilik siyasi yönəltmənin (idarəetmənin) tam itməsinə və nəticədə siyasi kollapsa gətirər), siyasətdə toplum, bilikdə elmi istiqamət, elmi institut (çoxlu elmi istiqamətlərin deqradasiyasının əsas nədəni), öyüddə universitet (plagiatorun, rüşvətxorun rektorluğu) faciəsinə gətirər. Ona görə, gələcəkdə hər hansı alt çoxluqda özünü tapan vətəndaş yetişdirmək istəyiriksə, onda orta oxuda onlara başlıca olaraq uyğun bilikləri vermək və yerini bilməyi öyrətmək gərəkdi.
Birinci çox aydın anlaşıldığı halda, ikinci, yəni yerini bilməyi öyrətmək abstrakt görünür. Bunu necə etməli? Yoxsa, “barmaqla yerini göstərmək” gərəkdi? Belə işdə heç bir halda subyektiv yanaşmaya yol vermək olmaz. Təbii paylanma nəticəsində hər kəs öz yerini tutmalıdır. Öyrətmədə önəmli işlərdən biri, bəlkə də birincisi öyrənənin potensialının üzə çıxarılmasıdır. Onda, özü-özünə tanıdılan kəs üzvü olduğu dəstədə və bütövlükdə toplumda yerini tapar, qiymətləndirmə də obyektiv olar. Potensial isə, artıq əldə edilmiş biliklər və qavrama, biliyə və peşəyə yiyələnmə imkanları ilə bəlirlənir. Məsələn, riyazi proqramı kompüterinə qoymaqla və bəzi sadə sintaksis və əmrləri öyrətməklə Pərvin (magistr) proqramı qavradı. Bu, onun potensialından xəbər verirdi və bizim son on ildə üzləşdiyimiz ikinci hal idi. Yerini bilmə təkcə yuxarıdan aşağı enmə deyil, həm də aşağıdan yuxarıya canatmadır. Bakalavrda öyrənən, lövhədə çoxlu tənlikləri bir-birinə bağlayan sistemi, necə deyərlər, oynaya-oynaya həll edərək Günəşdə temperaturun dərinlikdən asılılığını çıxardı (bu, həm də analitik düşüncəyə misaldır). O, yüksək bal alaraq yuxarı eşalonda öz yerini tapdı. Hansı ki, son dörd ildə yerini geriqalanlar dəstəsində salmışdılar. Belə olaylar haqda bir öyrənən belə dedi: bu dörd ili bizi gözüqıpıq edib deyirdilər ki, yalnız pul verməklə qiymət ala bilərsiniz. Sonradan xəbər tutduq ki, öz gözündə gözdən salınmışların bir çoxu öz potensialını anladıqdan sonra, heç vaxt bu haqda fikirləşmədiyi halda, maqistraturaya imtahan veriblər.
(Ardı var)