Avtomobil xətti zədələdi: Abonentlər qazsız qaldı

Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.