“Serj Sarkisyanın Qarabağa səfərini iki istiqamətdə şərh etmək olar”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Ekspert bildirib ki, Sarkisyan İrəvanda itirdiyi nüfuzu Dağlıq Qarabağ separatçılarının əhatəsində yenidən əldə etmək istəyir:
“Hətta ola bilər ki, Sarkisyan Paşinyan hakimiyətini qəbul edərək məhz onun razılığı ilə bu səfəri reallaşdırıb. “Qarabağ klanı” Paşinyan hökümətinə qarşı ciddi addım atmaq gücündə deyil. Ümumiyyətlə, Sarkisyanın erməni cəmiyyətində önəmli nüfuzu qalmayıb. Nəzərə alaq ki, “Qarabağ klanı”nın varlığı rəsmi İrəvandan asılıdır. Qondarma rejimdə baş verən bütün hadisələr birbaşa İrəvanın diqqətindədir. Bir müddət öncə panerməni oyunlarının Dağlıq Qarabağda keçirilməsi və məhz “Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirilməsi əslində iki tərəfin vahid hərəkət etdiyinin göstəricisidir”.
Analitikin sözlərinə görə, Paşinyan Ermənistan rəhbəri olduğu müddətcə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox çətin dövr olacaq:
“Paşinyan erməni Qriqoryan kilisəsinin və lobisinin dəstəyinə güvənir. O, ABŞ və Rusiya arasında seçim etmək əvəzinə, nisbətən balanslı siyasət göstərməyə çalışır. Baş nazirin tez-tez işğal altındakı ərazilərə gəlməsi və panerməni mesajları səsləndirməsi münaqişənin həllinə hesablanmayıb. Ona görə də mümkün qədər diqqətli olmalıyıq”.