Öyrətmə nə?

Cəsarət Əliyev

(III yazı)

Öyrətmənin görünməyən etgi yolları


Öyrənənlə dostluq etmək üçün öncə onun etibarını qazanmaq gərəkdir. Öyrənin ən xoşlamadığı nəsnə, bilərəkdən ya bilməyərəkdən etdiyi  yanlışlığa görə onu kiminsə - direktorun, kafedra müdirinin, dekanın – ayağına verməkdir. Öyrədən həmin andaca öyrənənin gözündə şəxsiyyət kimi ölür, gücsüz görünür.  Öyrənən öyrədəndə öz valideyni kimi bir arxa görmədikdə, çətin ki öyrədən onun sevgisini qazana.

Sevgi və dostluq. Heç görməmisiniz, ana uşağı yaxşıca kötəkləyir, amma buna baxmayaraq uşaq cumub ananın ayaqlarını qucaqlayır, yapışıb qopmur (bununla, yəqin ki, etmə, bəsdi deməklə yanaşı, həm də, bilməyərəkdən, ana sevgisinin nə  böyüklükdə olguğunu göstərir). Ana özünü uşağa o qədər sevdirib ki, yolverilməz bir yolla cəzalandırılması da uşağın anaya sevgisini azaltmır. Uşaq ona olan sevgini içəridən intuitiv duyur.  Yalançı diqqətlə, şirnikdirici cəlbetmə ilə uşağı uzun sürə aldatmaq olmur. Sevgi içəridən duyulursa, onda heç sözə də yer qalmır. Qarşılıqlı anlaşma təbii alınır. Bəs məktəbdə belə deyil? Öyrədənin sevgisi və həm də işini bilməsi çox hallarda onu öyrənənin kumirinə çevirir və gələcək seçiminə nədən olur.  Bəs sevgini necə qazanmalı? 

Keçmişdə universitetin beşinci kursunun iki ayını öyrənənləri orta məktəbə öyrətmə praktikası keçməyə göndərirdilər. Biz də elə. Praktikaya bizi kafedradan Qurban müəllim aparmışdı. Qayıtdıqdan sonra, adətən, kafedrada praktikanın yekunu haqqında hesabat verilirdi.  Toplantı başlar-başlamaz Qurban müəllim bizim adımızı çəkərək üzünü kafedra müdiri Rəhim müəllimə tutdu və Rəhim müəllim,  onu heç-olmazsa beşilliyinə orta məktəbə göndərmək lazımdır, dedi. Mən də, Rəhim müəllim də çaşqınlıq içərisində idik. Qurban müəllim nə demək istəyirdi? Bu, dəyərvermə, yoxsa cəza idi?  Axı artıq kimin harada işləyəcəyi, demək olar ki, bəlli idi. O, dediyinə aydınlıq gətirdi. Demə o, bizdən çox razı qaldığını bu şəkildə bildirirmiş. Hansı ki, o iki ayı mən onun dediklərinin heç birinə əməl etməmişdim ki, bu da uzun sürə söz çəkişməsinə gətirmişdi. Yalnız birini danışacam ki, onun açdığımız söhbətə birbaşa aidiyyatı var. 

Artıq xeyli vaxt idi ki praktikaya başlamışdıq və dərs keçirdik. Bir gün sinifə yoxlama gəldi. Bir neçə nəfər, Qurban müəllim də onların içərisində, heç nə demədən keçib arxa sırada əyləşdilər. Sinif zəif idi, həmişə kim hazırdı sualına cəmi bir neçə əl qalxardı. Bu dəfə isə cəmi bir əl qalxdı. “Lövhəyə” çağırdım. Danışmağa başladıqda aydın göründü ki, o, fikrini çatdıra bilmir. Gündəlikdən tanıdığım üçün söhbəti sorğu üzərində qurub dərsi bildiyini üzə çıxardım və yüksək qiymət yazdım. O, yerinə oturmaqçun yaxınlıqdan keçəndə pıçıldadı - müəllim daha heç kim hazır deyil. Özümü heç nə eşitməmiş kimi apararaq ona qiymət yazdım və lövhə qarşısına çıxaraq birdən-birə yeni dərsi danışmağa başladım. Siz o anda Qurban müəllimin nələr çəkdiyini görəydiniz. Əllə işarə etməyi bir yana, az qala qışqıracaqdı ki, bir neçə nəfərdən soruşmaq gərəkdir. Bizə bunu bərk-bərk tapşırmışdılar. Amma biz özümüzü görməməzliyə vurduq. Dərsdən sonra Qurban müəllim dedi ki, komissiya üzvlərinin dərsin öyrənənlərə çatdırılması ilə bağlı iradı olmasa da, onlar soruşmadan razı qalmadılar. Sonrakı “dərsə girdikdə” sinifdə nəsə bir dəyişiklik, ruh yüksəkliyi gördüm. Öyrənənlərin üzündə xoş bir istəyi göstərən təbəssüm vardı. Bunun nəylə bağlı olduğunu yalnız kim hazırdı sualını verdikdə bildim. Bütün əllər qalxmışdı. Görünür “sinifkom” hər şeyi onlara danışıb və mənim bütün tənələri öz üzərimə götürərək onları çətin durumdan çıxardığımı onlara başa salmışdı.  Onlarsa qarşılığında biz oxuyacağıq, bacardığımızı edəcəyik ki öyrənək – deyirdilər. Və bu, təkcə bir gün deyil bütün praktika boyu sürdü. Xəbər öncə məktəbə yayıldı, sonra da direktora çatdı – 9b fizika dərsinə həmişə hazır gəlir (amma heç kim demədiki bu, 9b haqqında o vaxtlar keçmiş sovet məkanında formalaşmış dözülməzlər fikrinin üstündən xətt çəkdi). Ağlımıza belə gətirməzdik ki, bu olay kiminsə universitetdən qovulmasının qarşısını alacaq. Bu, artıq ayrı söhbətdi. Misalı çəkməkdə istəyimiz isə öyrənənlə dostluğu necə qurmaq kimi sorğuya cavab axtarmaq idi. Öncə öyrənənin etibarını qazanmaq gərəkdir. Bu süni yox, çox təbii olmalıdır. Öyrənin ən xoşlamadığı nəsnə, bilərəkdən ya bilməyərəkdən etdiyi  yanlışlığa görə onu kiminsə - direktorun, kafedra müdirinin, dekanın və ya bir başqasının – ayağına verməkdir. Öyrədən həmin andaca öyrənənin gözündə şəxsiyyət kimi ölür, gücsüz görünür.  Öyrənən öyrədəndə öz valideyni kimi bir arxa görmədikdə, çətin ki öyrədən onun sevgisini qazana. Sevgi olduqda öyrənən öyrədən haqqında – ola bilər ki, dərsi öyrənmərəm, amma o, məni aşağılamayacaq, əzməyəcək, gözdən salmayacaq, əksinə əlimdən tutub qaldıracaq – deyib düşünəcək. Öyrədən öyrənənlə dost olduqda bir-biriylə tamam fərqli bağlılıq meydana çıxır. Bəlkə də müəllim sözündən qaçmaq olar, amma dost sözündən - çox çətin. Necə ola bilər ki, öyrənənin dostu ona tapşırıq versin, amma o, dost sözünü qulaqardına vursun. Orta məktəb müəllimlərimizlə keçirilən yubiley görüşündə bunu bir daha yada salmaqla onların uğur mexanizminin sirrini açmağa çalışdıq.  Bənzər olayla universitetdə oxuyarkən də rastlaşdıq. Sovet dövründə Leninin adıyla bağlı bir stipendiya vardı. Fakultədə cəmi iki nəfər bu stipendiyaya namizəd göstərilmişdi. Biri biz idik. Demə, digər tərəfin universitetdə işləyən yaxın qohumu ərki çatdığı bəzi müəllimlərdən bizim qiyməti aşağı salmağı xahiş edibmiş. Qısaca deyim ki, o vaxt bu istəyi yerinə yetirən tapıldı. Amma bu misalı çəkməkdə bizim istəyimiz başqadı. Nüvə fizikasını bizə qocaman müəllim olan Rəhmi Həsənov öyrədirdi. Bütün dövrlərdə özünü həm bilikli öyrədən, həm də şəxsiyyət kimi göstərmişdi. Kimliyindən asılı olmayaraq bilməyənə qiymət yazmazdı. Nüvə fizikasından yana o qədər söz dartışdırmışdıq ki, istər-istəməz aramızda bir yaxşı ilişgi, dostluq yaranmışdı. Bu fəndən biliyin dəyərləndirilməsi imtahana bənzər qiymətli soruşma yolu ilə aparılırdı və ağır keçirdi. Bəzən dəstənin az qala yarısı öncədən “xəstəlik kağızı” alardı ki, “kəsilmək”dən yaxa qurtarsın. “İmtahan” gedirdi. İçəri girdim, məni görcək, gəl, dedi. Kitabçanı ver – yumşaq səslə dilləndi. Çıxarıb qiymət kitabçasını verdim. Soruşmadan qiymət yazdı. Və bu işdə nə mənə, nə də tələbə yoldaşlarıma qəribə gələcək bir nəsnə yox idi. Universitetdə ən çətin müəllim sayılanlardan ikisi də belə etmişdi. (Bu olayda bizə qəribə gələn onun digər namizəd tərəfə qiymət yazmaması idi.) Amma demə, bu bir başqa olay imiş. Bu haqda mənə uzun illərdən sonra danışdılar. Mənə aşağı qiymət yazmağı yanılıb ona da  tapşırıblarmış. O isə, tapşıranın istəyinin əksinə olaraq bizə soruşmadan qiymət yazmışdı. Axı biz dost idik. O, dostunu kiminsə ayağına verə bilməzdi. Belə görmüşük və gördüklərimizi yeni nəslə ötürməyə çalışırıq. Tanıdığımız, biliyini bildiyimiz adama qarşı münasibətimiz birqiymətlidir və onu nəinki kimsə dəyişə bilməz, hətta imtahanda ... öz yazdıqları da. Magistrlərin imtahan vərəqlərini yoxlayırdım. Gözlərimə inanmadım, yaxşı tanıdığım öyrənən Qaliley nisbiliyində informasiyanın yayılma sürətinin sonlu, Eynşteyn nisbiliyində isə - sonsuz olduğunu yazmışdı. Gündəlikdəki sorğularda cavab həmişə doğru, imtahandan da ağır keçirilən kollokfiumlarda da eləcə. Və birdən-birə yanlış cavab yazıb, amma qiymətini aşağı salmadım. Ertəsi gün xəbər etdim ki, universitetə gəlsin. Soruşdum, yenə də doğru cavab. Bəs niyə yanlış yazmısan deyəndə gözləri, necə deyərlər, kəlləsinə çıxdı. İmtahan vaxtı keçirdiyi psixoloji gərginlik onu yanıltmışdı. Bəs biz? Formallığı əsas götürüb tanıdığımız, biliyinə bələd olduğumuz öyrənənə aşağı qiymət yazaydıq? Bu həm də, dost bildiyinə, özü bilməsə belə, xəyanət etmək olardı. Biz çalışdıq ki, onun biliyini qiymətləndirək, daha imtahan vermək qabiliyyətini yox. Onların üst-üstə düşmədiyi isə çoxdan bəllidir.  Yəqin ki bir çoxları imtahan götürən maşınlar haqqında düşündü. Hə, hələ o ağılda maşınlar yaradılmayıb ki, əzbərlənib yazılmışı bilikdən ayıra, psixoloji gərginlikdən doğan yanlışlıqla biliksizliyi fərqləndirə, bir sözlə biliyi ortalığa çıxara. 
Bağsızlıq (Sərbəstlik, açıq olma). Dərslərə gəlməyə də bilərsiniz. Gəlib  bir-başa imtahan verərsiniz. Amma mən bilirəm ki, ... , o nədən də gəlsəniz yaxşı olar. Dərs ilini adətən belə başlayırdıq. Bağsız, açıq olma təkcə bununla bitmir ki. O, çox olaylarda özünü göstərir. İnsanı açıq burax, buxovsız et və bax görək kimlər azadlığı, öz-özünü yönəltməni (idarəni) qazana bilir. Yalnız öz-özünü idarə olduqda açıqlıq azadlığa çevrilə bilər. Açıq buraxılmış insanlar şüurluluq səviyyəsindən asılı olaraq azadlıq səviyyələrinə görə paylanırlar. İki misal çəkim. 1. Bir müəllimlə görüşməliydim, ona görə bir-başa dərs dediyi auditoriyaya getdim. Dəstə tanış, amma görürəm ki, öyrənənlərin hamısı dərsdə deyil. Müəllimlə söhbətimi bitirdikdən sonra, dəstə başçısına işarə etdim ki, yaxına gəlsin. Gəlib yanaşı əyləşdi və mənim “uşaqlar” hanı sualıma, müəllim, “uşaqlar” yalnız sizin dərsə gəlirlər, başqa dərslərə gəlmirlər. İşə bax, biz deyirik ki, gəlməyə bilərsiniz, onlar hamılıqla gəlirlər, amma kimlər ki, dərsə gəlməyi tələb edir, gəlmirlər. Bu, öyrənənlərin bizim dərsə verdiyi dəyərə baxmayaraq bizi incitdi. Onlarla ayrıca görüşüb söhbət edəndə elə nəsnələri açıb danışdılar ki ... . Demə öyrənənlərin dərsə gəlməməsində, öyrənməməsində marağı olanlar varmış. Demə dərsə gəlməməyə və öyrətməməyə görə pul ayrıca yığılırmış. 2. Magistrlər dəstəsində hamısı qızdı. Onlara tam sərbəstsiniz, istədiyiniz vaxt auditoriyadan çıxa və qayıda bilərsiniz, dedim. Buna baxmayaraq, bir dəfə də olsun kimsə auditoriyadan özbaşına çıxmadı. Birinci dərsə gecikməməkçün çox vaxt çatdırıb yemək yeyə bilmirdilər. İki dərs arası sürədə yeməkxanaya qaçmaq yerinə auditoriyaya gəlirdilər ki, bəs acıq, icazə verin ki, yeməkxanaya gedək. Yəni, bir az geciksək bizi qınmayın. Baxmayaraq ki onlara hər cür sərbəstlik verilirdi, onlar bundan sui-istifadə etmirdilər. Axı dili ilə dediyi halda ki acam, öyrənəni işgəncə verilirmiş kimi eşitməyə, öyrənməyə məcbur etmək nə deməkdir? Bu, öyrənəndə öyrədənə qarşı hirs və nifrətdən başqa nə yarada bilər? Bir az gecikmə ilə başlayan dərs isə vaxtından bəzən iki dəfə çox sürürdü. Bu sürədə bir nəfər də olsun nəinki yoruldum deməzdi, belə olmuş olsa belə çalışırdı ki, bildirməsin. Onlara hansı qayğı göstərilirdisə, onlar da eyni ilə özlərini məsuliyyətli bilirdilər. Demək olar ki, onlar hamılıqla onlara verilən sərbəstliyi azadlığa çevirmişdilər. Azad insanasa bilik də vermək olar, onlardan fədakarlıq gözləmək də. Onlar bilmirdi ki, təşkil etdiyimiz yürüşlərdə biz onların həm də fədakarliğını yoxlayırıq. 
Biri-birini öyrətmə. Bu iş çox dərs saatı ayrılan bakalavrlarda daha yaxşı həyata keçirilirdi, nəinki çox az vaxt ayrılan magistrlərdə. Hansı ki, magistrin ixtisas fənnini daha yaxşı mənimsəməsi üçün magistraturaya gərəyincə vaxt ayrılmalıdır. Universitetdə oxu vaxtı, öyrənənə öyrətmə vərdişlərinin (müəllimlik etmə) aşılanması orta məktəblərdə yalnız iki aylıq praktika keçməklə bitir. Başqa yollar da var: Birinin biliyinin yoxlanmasının və bu vaxt ona həm də bilmədiklərinin öyrədilməsinin digərinə tapşırılması. Bu yolun öyrənənə çox böyük etgisi var. O, hələ öyrənən oturacağında oturarkən a) öyrədən (müəllim) məsuliyyətini duymağa başlayır; b) başa düşür ki, qarşısındakını öyrətmək üçün ondan daha çox bilməlidir; c)  öyrətdiyinin dərsi mənimsəməsinə görə cavabdehdir. Öyrənənlərin sonuncunu aşkar duyması üçün öyrətdiklərinin aldığı qiymətin onların öz qiymətlərinə birbaşa etgisi olacağını şərt kimi qoymuşduq. Siz görəydiniz, özlərindən çox öyrətdikləri sorğu-sual edildikdə onlar quaq kəsilərək nə qədər həyacan keçirirdilər. 
Bu yol öyrənənə çox nəsnə aşılayır. Öyrədən (müəllim)  məsuliyyətini duyan öyrənənin davranışında, psixoloji durmunda dəyişiklik baş verir. O, yetkin insan görkəmi alır, bildiklərini daha dərindən öyrənməyə başlayır ki, öyrətdikləri qarşısında qızarmasın. Digər qarşı tərəfsə hələ imtahanlara çox qalmış dərsi mənimsədiyindən özündə bir rahatlıq, bir xoşbəxtlik duyur. 
Ən başlıcası, öyrədənlə öyrənən arasında elə bağlılıq yaranır ki, bəlkə də tələbəliyin bitməsi ilə bitəsi ünsiyyət ömrü boyu sürəcək qarşılıqlı sevgiyə çevrilir, universitetdə (orta oxuda) genişlənən dairə, gələcəkdə ailələri də bir-birinə qovuşdurur. 
Və nəticə: 24-nəfərdən 17-si maksimal bal toplamışdı (öyrənənləri biz imtahan etməmişdik). Ən zəif öyrənənsə (oğlan) qaça-qaça gəldi ki, müəllim bu dörd ildə ilk dəfə idi ki, özüm imtahan verib qiymət almışam. 
Özü-öyrənmə. Analitik düşüncəsiz, yəni analiz etmə bacarığı olmadan özü-özünü öyrətmə, başqa sözlə özü-öyrənmə baş tutası bir iş deyil. Məsələ həlli analiz etmə bacarığını yaratdığı və formalaşdırdığı kimi, öyrənənin tanış olmayan mövzularda sınanması özü-öyrənməni aşılayır. Əslində özü-öyrənmənin aşılanması öyrənmənin fəlsəfəsində köklü nədənlərdən biridir. 
Elə bu yaxınlarda, birisi, özü-öyrənməni bilən və öyrədən kəs kimi, bir saytda misal çəkir ki, məsələn, özü-öyrənmə odur ki, sürməyi öyrətmədən avtomobili verirsən öyrənənə, o da, vura-vura sürməyi öyrənir. Bəh-bəh, afərin! Qəza (catastrophe) nəzəriyyəsində dahi və manyak misalını çox çəkirlər: Dahi də, manyak da ideya aludəçiləridirlər. Amma manyakın ideyanı yerinə yetirmək üçün heç bir biliyi, texniki hazırlığı yoxdur və əksinə, dahinin işi görmək üçün potensialı var. Aydındır ki, manyakın aludəçiliyi qəzaya gətirəcək. Məsələn, avtomobil sürmək sevdasına düşən manyak yönəltməni bacarmadığı üçün qəza törədəcək. Bu zaman o, özünün də, başqalarının da bədbəxtliyinə gətirən bir işə qoşulmuş olur. Yuxarıda “adı çəkilən” kəs də öyrətməyə aludə olub gör nə qədər insanı bədbəxt edib və edəcək. Öyrətmə ideya oğurluğu deyil ki, əlindən gələ.

(Ardı var)