Polkovnik-leytenantın şikayəti araşdırıldı: Təqaüdündən hər ay 300 manat tutulacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.

“Eyni zamanda adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.

Bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək” – nazirlikdən bildirilib.