Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Səba” ASC barəsində inzibati xəta haqqında protokol tərtib edib. Oxu.Az xəbər verir ki, Palata tərtib etdiyi protokolu baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, 1848 ABŞ dolları məbləğinin 20 faizi məbləğində cərimə olunması barədə qərar çıxarıb.
Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, “Səba” ASC 1981-ci ildə tikilib istifadəyə verilən Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. 2014-cü ilə qədər “Dəvəçi Broyler” adı ilə fəaliyyət göstərib və həmin ildən etibarən “Səba” adı altında işini davam etdirib.
“Səba” Azərbaycanda ən böyük quşçuluq şirkətlərindən biridir.