Prezident və birinci xanım yeni köçkün şəhərciyinin açılışında iştirak ediblər (YENİLƏNİB)

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Bildirildi ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olundu ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.

“Qobu Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var.

Bu bağçanın timsalında da aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi üçün dövlət səviyyəsində olduqca əhəmiyyətli layihələr icra olunur. Ölkəmizdə müasir səviyyədə uşaq bağçaları, körpələr evlərinin yaradılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin də mühüm əhəmiyyəti var.

Sonra yaşayış komplekslərinin maketləri ilə tanışlıq oldu. Bildirildi ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd olundu ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzilə köçürsünüz. Bu münasibətlə sizi və digər bacı-qardaşlarınızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir.

“Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və “Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.

Ancaq, əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.

Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.

Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm.

Fəridə Cabbarovanın qardaşı Elxan Qasımov: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz bu günə qədər harada yaşayırdınız?

Elxan Qasımov: Lökbatan qəsəbəsində.

Prezident İlham Əliyev: Kirayədə?

Elxan Qasımov: Xeyr, müvəqqəti verilmiş fin evlərdə.

Prezident İlham Əliyev: O evlər nə vaxt tikilmişdi – bəlkə də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?

Rövşən Rzayev: Bəli, qamış evlərdə yaşayanların hamısı “Qobu Park-1”ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın tapşırığı var idi, ən çətin vəziyyətdə, zirzəmilərdə, həm də qamış evlərdə yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi “Qobu Park-1”də yaşayırlar.

Prezident İlham Əliyev: Bu problemi mən çoxdan bilirəm. Çünki mən ilk dəfə Qaradağ rayonundan deputat seçilmişdim. Hələ o vaxt mənim təşəbbüsümlə “Ümid” qəsəbəsi salındı. Mən o vaxt millət vəkili idim. “Ümid” qəsəbəsində təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da genişləndi.

Rövşən Rzayev: İndi orada 500 mənzil var.

Prezident İlham Əliyev: Eyni zamanda, Lökbatan qəsəbəsində mənim təşəbbüsümlə bir beşmərtəbəli bina da tikilmişdi və o binanın açılışına ulu öndər Heydər Əliyev də gəlmişdi. O vaxt bu, bir yenilik idi. Çünki dövlətin o qədər də böyük vəsaiti yox idi. Ona görə o vaxt mən təşəbbüs göstərmişdim, bu təşəbbüsə qoşulanlar da oldu, bu addımları atdıq. Yadımdadır, o qamış evlər həmişə narahatlıq yaradırdı. Çünki onlar vaxtilə müvəqqəti tikilmişdi və yaşamaq üçün tamamilə yararsız idi.

Rövşən Rzayev: Mehriban xanımın tapşırığı ilə mən orada olmuşdum və bütün şəkilləri təqdim etmişdim. İndi onlar “Qobu Park-1”də yaşayırlar. Bütün ailələr hər zaman təşəkkürlərini bildirirlər.

Fəridə Cabbarova: Cənab Prezident, Sizi xoş gördük. Siz bilirsiniz ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizin fəaliyyətinizə çox böyük dəyər verirlər. Mən yuxumda belə görməzdim ki, Sizinlə, Mehriban xanımla görüşərəm, bir süfrə arxasında əyləşərəm. Bu gün mənim üçün ikiqat bayramdır ki, həm bizə ev verildi, həm də Sizinlə - Ali Baş Komandanımızla bir çay süfrəsi arxasında əyləşmişik. Sizə böyük təşəkkür edirik.

Siz bizim qürur yerimizsiniz. Sizin cəsarətiniz danılmazdır. Bu yaxınlarda beynəlxalq tədbirdə Dağlıq Qarabağ haqqında cəsarətlə dediyiniz sözlərə görə, Sizinlə fəxr edirik. Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli Vətən oğlumuz, qardaşımız var.

Sizə bütün qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri adından böyük təşəkkür edirik. Sizin daimi diqqətiniz şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin üzərindədir. Bunu heç kim dana bilməz. Bunu danmaq üçün gərək kar, kor olasan ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.

Özüm haqqında deyim ki, biz əslən laçınlıyıq. Faciədən doqquz ay öncə Xocalı şəhərinə köçmüşdük. Yoldaşım təhsilli idi, o vaxt Xocalı gözəlləşir demişdilər, ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən utanaram xocalılılardan ki, burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünümüdafiə batalyonuna yazıldı və son damla qanına qədər döyüşdü. Övladlarımız Nicat doqquz aylıq idi, Fuad isə iki yaşında. Yoldaşım dedi ki, “Fəridə, səni qohumlarım çıxaracaq. Mən arxada döyüş yoldaşlarımızın üzünə baxa bilmərəm, bir kişi kimi başımı qaldıra bilmərəm”.

O gündən də Vətəni üçün getdi, heç məzarı da yoxdur. Övladlarım atalarına layiq böyüdülər, təhsil, hərbi xidmətlərini kişi kimi başa vurub, çavuş rütbəsi ilə gəldilər. Hər ikisinə təhsil vermişəm, Fuad ixtisasca qarmon müəllimidir, Nicat universitet bitirib. Aprel döyüşlərində mən gecə saat 4-də bildim ki, hər iki övladım eyni döyüş bölgəsindədir. Mənə demədən bir-birinə məsləhət ediblər. Fuad deyib, “Nicat, sən subaysan, sən getmə, anamı, ailəmi saxla, mən gedim”. Nicat da deyib ki, “Yox, Fuad, sən anaya, ailə-uşağa bax, mən gedim”. Yəni, mən fəxr edirəm ki, onları atalarına layiq böyüdə bilmişəm. Nəinki mənim oğlanlarım, şükür Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər oğullardırlar. İnşallah torpaqlarımız sülh yolu ilə alınsın, amma belə olmasa, onların hər biri Sizin əmrinizlə torpaqlarımızı azad etməyə hazırdır.

Çox sevindim. Bugünkü sevincimi bəlkə də 27 ildə yaşamamışdım. Bəlkə də mənim gözlərim sevincdən bu günə qədər dolmamışdı. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Çox sağ olun. Gözəl övladlar böyütmüsünüz, onlar Vətən uğrunda vuruşmağa hər an hazırdırlar. Azərbaycan gənclərinin mütləq əksəriyyəti vətənpərvərlik ruhunda tərbiyə alır, Vətənə bağlıdır və Vətən üçün hər bir addım atmağa hazırdırlar.

O ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir. Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə vəd etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında bu cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam.

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.

Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Elxan Qasımov: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.

Fəridə Cabbarovanın nəvəsi: "Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu".

Prezident İlham Əliyev: Nə gözəl uşaqdır.

Fəridə Cabbarova: Birinci sinfə gedir, rus dilində oxuyur.

13:09

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.