Vüqar Rəhimzadə: "Rusiya-Azərbaycan münasibətləri dostluq xarakteri daşıyır"

“Rusiya-Azərbaycan münasibətləri mühüm strateji xarakter daşıyır”. Bu sözləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, hər iki dövlət arasında qonşuluq, dostluq və bir çox sahələri özündə əhatə edən əhəmiyyətli münasibətlər var:

“Sonuncu dəfə cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya Prezidenti ilə görüşü, “Valday” iclasında çıxışı Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, ölkə başçısının və Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında Rusiya-Azərbaycan münasibətlərinin nə qədər strateji xarakter daşıdığı göründü. Təbii ki, iqtisadi münasibətlərin qurulması, Rusiya-Azərbaycan enerji siyasəti ilə bağlı qarşılıqlı anlaşma şəraitində proseslərin və ticarət əlaqələrinin yüksək səviyyədə inkişaf etməsi göz önündədir. Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinlə İlham Əliyevin şəxsi münasibətləri bu proseslərin davamlı və uğurlu inkişafında mühüm rol oynayır. İlham Əliyevin sonuncu səfəri zamanı Azərbaycan-Rusiya münasibətlərinin perpektiv imkanları və inkişafı ilə bağlı önəmli mesajlar verildi.

Ermənistan-Rusiya münasibətlərinə gəldikdə V.Rəhimzadə qeyd etdi ki, Ermənsitanda iqtidarda olan hakimiyyət təlxək xarakterlidir:

“Paşinyanın öz ölkəsinə yanaşması anlaşılan deyil və olduqca anormaldır. Hər zaman Ermənistanda oynaq siyasət olub, münasibətlər qeyri-səmimiliyi ilə seçilib. Rusiya prezidentinin sonuncu dəfə Yerevana səfəri və orada baş verənlər Rusiya-Ermənistan arasındakı soyuq münasibətləri bir daha sübut etdi. Ümumiyyətlə, Ermənistan hakimiyyəti dünya siyasətində ortaya anormal yanaşma qoyur. Paşinyanın özü birmənalı olaraq dünyada gedən proseslərdə subyektiv yanaşma ortaya qoyduğundan  obyektivlikdən tamamilə uzaqdır. Ona görə də Rusiya-Azərbaycan münasibətləri çox səmimi və dostluq xarakteri daşıyır. Ermənistanın mövqeyi isə tək Rusiyada yox bütün dünyada günü-gündən zəifləyir”.