Politoloq: "Azərbaycan Rusiya ilə təminatlı əlaqələr sistemi qurub"

“Rusiya Azərbaycandakı sabitliyi qiymətləndirərək ölkəmizlə əməkdaşlıq formatını genişləndirir”. Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, hər iki dövlət başçısının şəxsi münasibətlərinin yaxşı olması ölkələr arasındakı münasibətlərin də getdikcə inkişafına səbəb olur:

“Azərbaycan Rusiya ilə həm qonşuluq siyasətində, eləcə də sabitliyin yaranması istiqamətində böyük  və təminatlı əlaqələr sistemi qurub. Bu baxımdan heç bir məqam şübhə doğurmur.

İlham Əliyevlə Vladimir Putin arasında qarşılıqlı anlaşma rejimi bərqərar olub. Ümumiyyətlə, siyasi aləmdə şəxsi münasibətlərin rolu böyükdür. Bəzi hallarda şəxsi zəmində olan ədavətlər ölkələr arasında müharibələrə səbəb olur. Bu baxımdan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan həqiqətən də Rusiya ilə çox səmərəli siyasət aparmaqla tək iki dövlətin yox, bölgədə yerləşən digər dövlətlərin də gözləntilərinə cavab verə bilir. Valday forumuna çıxış üçün 4 dövlət başçısı dəvət olunmuşdu. Azərbaycan bu dövlətlər içində olması olduqca mütərəqqi hal idi. Rusiya və onun rəhbərliyi Azərbaycanı layiqincə qiymətləndirir. Hər iki dövlət arasında bütün sahələrdə münasibətlər genişlənir. Bir halda ki, iki Rusiya ilə Azərbaycanın meyili üst-üstə düşür, deməli buna böyük zərurət var”.