Görkəmli özbək alim Babaxan Məhəmməd Şərifin 70 illik yubileyi və lüğətin təqdimatı baş tutub
"Bu gün Azərbaycanla Özbəkistan arasındakı əlaqələr bütün sahələr üzrə inkişaf edir. Xüsusən ədəbi və mədəni əlaqələr iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə təkan verir. Dostluq əlaqələrimiz günü-gündən möhkəmlənir”.
Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” qəzeti və Mətbuat Şurasının birgə keçirdiyi Özbəkistan-Azərbaycan ədəbi və dostluq əlaqələrinin möhkəmlənməsi, tərcüməçilik fəaliyyətində böyük xidmətləri olan Babaxan Məhəmməd Şərifin 70 illik yubileyi və "Azərbaycanca-Özbəkcə”, "Özbəkcə-Azərbaycanca” lüğətinin təqdimat mərasimində səslənən bu fikirlər iki ölkə arasında dostluq münasibətlərinin inkişafının bir daha təsdiqi oldu.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev tədbiri giriş sözü ilə açaraq Babaxan Şərifin 70 illik yubileyi və "Azərbaycanca-Özbəkcə”, "Özbəkcə-Azərbaycanca” lüğətinin təqdimatının ölkənin ədəbi və mədəni həyatı üçün əlamətdar olduğunu diqqətə çatdırdı:
"Bu gün iki səbəb üçün – görkəmli ədəbiyyatşünas alim Babaxan Şərifin 70 illik yubileyi və lüğətin təqdimatı üçün yığışmışıq”.
«Kaspi» Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva qonaqları salamlayaraq, Babaxan Şərifin yaradıcılığı haqda qısa məlumat verdi: «Hərdən düşünürəm ki, niyə Babaxan müəllim müəllimlik peşəsi ilə məşğul olmaqdan əlavə, ömrünü yazı-pozuya, daha çox kitaba bağlayıb.
O, 60-70-ci illərdə universiteti bitirəndən sonra jurnalist kimi fəaliyyət göstərib. Kitaba, sözə bağlılıq, millətin taleyi, ədəbiyyatı ilə bağlı kitabların nəşri onun canına, qanına hopub, taleyinə çevrilib. Hər adamın işi deyil ki, sözə könül verə, taleyini sözlə bağlayıb, sözün ovsunu ilə bərabər millətini, xalqını da tanıda. Eyni zamanda, bütün türkdilli xalqlar arasında bir körpü rolunu oynaya bilsin. Məsələn, 90-cı ildə onun "Türk-özbək” danışıq kitabçası 3 dəfə nəşr olunub. Çünki bu çox vacibdir. Bu nəşrin türkdilli xalqlar arasında maneəsiz danışıq üçün əhəmiyyəti böyük idi. Bu əsrin əvvəllərində türkdilli xalqların vahid dil məsələsinə bir təkan idi. Babaxan müəllim bu işin öhdəsindən layiqincə gəldi. Ona görə də bu kitab 3 dəfə çap olundu. Bu kitabın xalqlar arasında ünsiyyət və körpü rolu oynaması onun taleyində bir sıra izlər buraxdı. Onu tanıtdı, sevdirdi, çoxlu dostlar qazandırdı. Babaxan müəllim həmyaşıdları və yeni nəsillər arasında bir körpü rolu oynayaraq, özünün türkçülük ideyasını və bu ideologiyaya xidmətini ortaya qoya bildi”.
S.Vəliyeva görkəmli alimə səslənərək: "neçə illər sonra gələcək nəsillər də sizin yazdığınız kitablardan, böyük zəhmətlə ərsəyə gətirdiyiniz lüğətlərdən bəhrələnəcəklər” bildirdi:
"Məhz bu xidmətləriniz nəzərə alınaraq, siz TÜRKSOY-un "Şərəf”, Mahmud Kaşqari mükafatlarına layiq görülmüsünüz. Azərbaycandan mükafatlar almısınız, Türk dünyasının xidmət mükafatlarına layiq görülmüsünüz. Bunlar hər adama verilmir. Bu mükafatlar yalnız o insanlara verilir ki, onlar türk dünyasında imzaları ilə, gördükləri işlərlə tanınırlar. Bu, özbək xalqını sevindirdiyi kimi, bizi də sevindirir. Sizin Azərbaycanla bağlı gördüyünüz işlər bizi çox sevindirir”.
S.Vəliyeva qeyd etdi ki, görkəmli alim Babaxan Şərif həm də professor Əli Həsənovun "Geosiyasət”, Elmira Axundovanın «Heydər Əliyev. Şəxsiyyət və zaman» kitablarını, Anarın əsərlərini, eləcə də gənc yazarların hekayələr toplusunu tərcümə edərək onları tanıdıb: "Bu sizin həm özbək, həm də Azərbaycan ədəbiyyatına xidmətinizdir». S.Vəliyeva Azərbaycanla Özbəkistan arasındakı dostluğa təkan verən tələbə mübadilələrinin həyata keçirilməsinə ehtiyac olduğunu qeyd etdi: "Bu, çox vacib məsələdir. Əgər bu tədbirdə ali məktəb rektorları iştirak etsəydilər, onlar bu məsələyə diqqət çəkərdilər. Mən inanıram ki, vaxtilə mövcud olan, sonradan zəifləyən maarifçilik, ədəbi əlaqələrimizin yenidən möhkəm əsaslarla formalaşmasında bu dostluğun əhəmiyyəti yüksək olacaq”. S.Vəliyeva iki ölkə arasındakı dostluq münasibətlərinin genişlənməsində Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin də böyük xidmətlərinin olduğunu qeyd etdi.
Özbəkistanla əlaqələrinin 90-cı illərin əvvəllərindən yarandığını qeyd edən Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu son illər ölkəmizdən Özbəkistana çoxlu səfərlərin, o cümlədən mediaturların təşkil olunduğunu bildirdi:
"Son illər Özbəkistanda belə tədbirlərin keçirilməsi üçün böyük imkanlar yaranıb. Mənə elə gəlir ki, bu imkanlardan istifadə edib daha böyük işlər görməliyik».
Yaxın günlərdə Özbəkistandan qayıtdığını söyləyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında körpü olan şəxsiyyətin yubileyinin Bakıda da qeyd edilməsinin böyük şərəf olduğunu bildirdi:
"Babaxan müəllim təkcə Özbəkistanda deyil, bütün türk dünyasında tanınan böyük şəxsiyyətdir. Bütün ailəsi ilə könlünü türk dünyasına vermiş insandır. Təkcə Özbəkistanda çıxan kitablarında məqalələrini Azərbaycana həsr etmir, həmçinin Türkiyədə çıxan son kitabında 10 məqalə Azərbaycanla bağlıdır”. Q.Paşayeva qeyd etdi ki, iki ölkənin gənc nəsillərinin bir-birini tanımasına çalışmalıyıq: "Azərbaycanda Özbəkistanın, Özbəkistanda Azərbaycanın təbliğinə çox yer verməliyik. Biz təbliğ etməliyik ki, iş adamlarımız Özbəkistanla əlaqələrini genişləndirsinlər. İnsanlarımız turist kimi xaricə gedərkən Özbəkistanı seçsinlər. Çünki Özbəkistan görülməli ən gözəl ölkələrdəndir. İnanıram ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra daha da inkişaf edəcək”.
Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Özbəkistan-Azərbaycan dostluq əlaqələrinin get-gedə möhkəmləndiyini qeyd etdi: "Biz Mərkəzi Asiyanın əsas dövlətlərindən olan Özbəkistanla dostluğumuzu daha da möhkəmləndirməliyik. Gəlin, üzümüzü türk dünyasının böyük mərkəzinə, mədəniyyət beşiyinə çevirək. Mən hər birinizdən bu dəstəyi gözləyirəm». S.Abbasov təqdimatı keçirilən lüğətin tarixdə ilk belə layihə olduğunu qeyd etdi: "Babaxan müəllim Özbəkistan tərəfdən layihənin həmmüəlliflərindən biridir”.
Yazıçı-publisist Şöhrət Barlas Özbəkistan-Azərbaycan dostluğu və sevgisinin əbədi olmasını arzuladı:
"Bu sevgi əbədi olmalıdır. Ənənələrimizi qorumaq lazımdır”.
Görkəmli alim Ramiz Əsgər qeyd etdi ki, türk dünyasının iki mühüm ölkəsi var:
Türkiyə və Azərbaycan: "İkisi də qüdrətlidir, ikisi də qədimdir. İkisi də böyük bir mədəniyyətin varisidir. Özbəkistan Mərkəzi Asiyanın qəlbidir. Bizim ölkələrimiz arasında mədəni və ədəbi əlaqələr güclüdür, ancaq biz bu əlaqələri daha da gücləndirməliyik. Yaxın günlərdə Özbəkistan prezidenti ölkəmizə səfər edəcək. Bu əlaqələr daha da güclənəcək”.
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Babaxan Şərifi 2014-cü ildən tanıdığını dedi:
"İlk dəfədən Babaxan müəllimi nikbin insan kimi tanıdım. Bir insan sevgisi, düşüncəsi ilə hər kəsə təsir edir”.
Tədbirdə, həmçinin yazıçı-publisist Yunus Oğuz, filologiya elmləri namizədi Fazil Güney də çıxış edərək yubilyarı təbrik etdilər.
Tədbirin sonunda Babaxan Məhəmməd Şərif təşkilatçılara təşəkkürünü bildirdi: "Sizin sevginizi görüb, özümü 18 yaşdakı kimi hiss etdim. Biz türk dünyası olaraq hamımız qardaşıq. Qardaşlar arasında qovğa çıxa bilir, amma sevgi varsa, nifaq yaranmır. Biz qardaşlıq bağlarını sevgi bağlarına çevirməliyik. Görəcəyimiz işlər gördüyümüz işlərdən çoxdur. Birliyimiz türk dünyasını genişləndirməyə yönəlməli, öz yerimizi dünya xalqları içərisində tapmalıyıq. Ədəbi əlaqələrimizlə bağlı olan, milliliyimizi qoruyan əsərləri ortaya qoymalıyıq. Türk dünyasının ayaqda qalması üçün bütün imkanlarımızı səfərbər etməliyik».
Sonda qonağa «Kaspi» Təhsil Şirkəti və «Kaspi» qəzetinin, Azərbaycan Yazıçılar Birliyinin, Mətbuat Şurası İdarə Heyətinin və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin diplomları təqdim olundu.