İsrailin naziri Qubaya gəldi

Oktyabrın 29-da İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalantın rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.

Axar.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar və rayondakı tolerantlıq mühiti barədə məlumatlandırıb.

Daha sonra qonaqlar dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə olub, burada yəhudi icmasının nümayəndələri ilə görüşüblər.

Qəsəbədəki sinaqoqlarla yaxından tanış olan nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birgə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.