Ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin Azərbaycanda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir.
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsini ölkəmizin siyasi nüfuzunun təzahürü kimi qiymətləndirib. Ölkə başçısı qeyd edib ki, ölkəmizin belə bir Konqresə ev sahibliyi etməsi çox böyük hadisədir:
“Bu, bizim böyük qələbəmizdir. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak edib. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir.
Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ədalətli qərardı. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.
Deputat: "Bu, Azərbaycanın dünyada beynəlxalq miqyasda əldə etdiyi böyük uğurdur"
Millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi bizim üçün böyük fəxrdir.
Deputat qeyd edib ki, konqresin Bakıda keçirilməsi Dünya Kosmik Klubunun bizə diqqətinin göstəricisidir:
“Hesab edirəm ki, bu, Azərbaycanın dünyada beynəlxalq miqyasda əldə etdiyi böyük uğurdur. Biz tanınmış dövlətik, bizə böyük rəğbət və hörmət var. Ölkəmizlə hesablaşırlar, məsləhətləşirlər. Bəlkə də dünyada sayılıb-seçilən bir neçə ölkə var ki, belə formatda və yüksəklikdə tədbirlərə ev sahibliyi edir. Düşünürəm ki, xalqımız bununla fəxr edir. Bütün bunlar ölkəmizdə qarşı olan hörmət və diqqəti göstərir. Bu uğurları Prezidentimiz İlham Əliyevin siyasətinin parlaq təzahürü kimi qiymətləndirirəm”.