Elektron sistem QHT-lərin işini asanlaşdırdı: Daha təşkilatlar vaxt itirmirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilib.

Şurasının sədri, Azay Quliyev SƏLİS barədə ətraflı məlumat verib. Bildirib ki, bu sistem vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. Onu yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaşların iştirakını təmin etməkdən ibarətdir.



Sahib Məmmədov: "Binanı tanımayan QHT-lər rahat şəkildə layihəsini təqdim edə, qalib ola, icra edə bilər"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a sistemlə bağlı danışarkən deyib ki, bu layihə artıq işləyir.

Onun sözlərinə görə, layihə çərçivəsində Şuranın qrant layihələri də həyata keçirilir, hesabatlar da qəbul edilir. Həmçinin elektron şikayətlər qəbul olunmaqdadır:

"Yəni layihədə nəzərdə tutulan bütün maddələr üzrə fəaliyyət var. Müsbət nəticələr də əldə olunmaqdadır. Məsələn, artıq 12-13 min vətəndaş elektron sistem vasitəsilə Şuraya təqdim olunan layihələrlə tanış olublar, qiymətləndirmə aparıblar. Yaxud da bir neçə QHT qrant layihələrini həmin sistem vasitəsilə təqdim edib, müsabiqədə  qalib olub. Layihəsi qəbul olunan təşkilat səlahiyyətliləri yalnız 2 dəqiqə vaxt itirirlər ki, bu da, gəlib qol çəkməyə itirilən zamandır. Demək istədiyim odur ki, elektron sistem özünü doğruldub.  Layihənin müsbət rezonansları var". 

S.Məmmədov vurğulayıb ki, bu gün Şura ilə QHT-lər arasında əlaqələr təmassız, elektron müstəviyə keçib: 

"Dediyim kimi, yalnız bir komponent, müqavilənin imzalanmasıdır ki, bunun üçün təşkilat yetkililəri Şuraya gəlməlidirlər. Əslində bu prosedur da aradan qaldırıla bilər, sistem hazırdır. Sadəcə olaraq, qanunvericiliklə bağlı məsələ var ki, müqavilə imza ilə həyata keçirilməlidir. Bu qanunvericilikdə həllini tapdıqdan sonra, təşkilatlara Şuranın binasının harda olması önəmli olmayacaq. Binanı tanımayan QHT-lər rahat şəkildə layihəsini təqdim edə, qalib ola, icra edə bilər. Həmçinin texniki və maliyyə hesabatını da elektron şəkildə verə bilər. Sistem elə qurulub ki, təmas olmadan, rahat şəkildə proses getsin.