Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, bu sahədə aparılan təbliğat-təşviqat və maarifləndirmə tədbirlərinin respublikanın təhsil müəssisələrində daha geniş vüsət alması məqsədilə ardıcıl fəaliyyətini davam etdirir.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə reallaşıb.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib, bu sahədə həyata keçirilən təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
Yol hərəkəti təhlükəsizliyinin təbliğində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən təşkilati-hüquqi, sosial-inzibati tədbirlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı şəxslərin bilavasitə və fəal iştirakçılığının da mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Ağayev yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında - təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Mərkəzin direktoru Əntiqə Rzayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil olunduğunu bildirib və bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.