Noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Oxu.Az xəbər verir ki, noyabrın 23-də VDNX-nin Kosmonavtika və Aviasiya Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko forumun plenar iclasını keçirəcəklər.
Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Roskonqres” Fondunun yardımı ilə təşkil ediləcək.
Rusiya-Azərbaycan Regionlararası Forumu dialoq üçün unikal bir platformadır. Noyabrın 22-də forumun işgüzar proqramını Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar.
Proqrama Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının iclasları, habelə nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirməsinə dair dəyirmi masalar daxildir.
Rusiya Prezidentinin müşaviri Anton Kobyakov deyib ki, forum Rusiya ilə qonşu respublikaların, o cümlədən, Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan arasında əlaqələrinin inkişafına yönəlmiş addımların davamıdır.
“Buna görə də əsas məqsəd hökumət və iki dövlətin biznes nümayəndələri arasında sərbəst ünsiyyət üçün şəraitin yaratmaqdır”, - A.Kobyakov əlavə edib.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksin Oreşkin isə qeyd edib ki, ölkələr arasındakı yüksək səviyyəli qarşılıqlı əlaqə təkcə müvafiq qurumların birgə işi deyil:
“Bu, həm də mövcud problemlərin həllində və əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməkdə fəal iştirak edən birliyin qətiyyəti ilə bağlıdır. Rusiya və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini və kənd təsərrüfatı sektorunda vahid əməkdaşlıq sisteminin formalaşmasını davam etdirəcək.
Ölkələrimizin qarşısında nəqliyyat, texnoloji modernləşdirmə sahəsində böyük vəzifələr durur. Turist axınının və qarşılıqlı səfərlərin çoxalması istiqamətində işlər görülür. Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi davam edir”.
Qeyd edək ki, 2018-ci ildə keçirilən forum Rusiya və Azərbaycan dövlət orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, təhsil və elm müəssisələrinin, medianın mindən çox nümayəndəsini bir araya gətirmişdi.
Forum zamanı 17 müqavilə imzalanmışdı.