Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Hüquq müdafiəçisi Oqtay Gülalıyev "City Hospital"dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 12 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər:

"City Hospital"da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev olduğu klinikadan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".

Qeyd edək ki, hüquq müdafiəçisini oktyabrın 29-da axşam saatlarında maşın vurub və oktyabrın 30-da əməliyyat edilib.