Biabır olacaqlarını bilib, geri çəkildilər: Xalq radikalları dəstəkləmir

"Milli Şura" noyabrın ikisinə təyin etdiyi qanunsuz aksiya qararından geri çəkilib. Bu, onun göstəricisidir ki, radikal müxalifət qüvvələri xalqın onları dəstəkləmədiyini, vətəndaşların qarşıdurmada maraqlı olmadığını dərk edib.

Ekspertlər qeyd edirlər ki, "Milli Şura" şəhərin mərkəzində asayişi pozmaq naminə aksiya keçirməkdə ona görə maraqlı idi ki, ətrafda istirahət edən insanları da tərəfdarları kimi təqdim etsinlər. Qanunla mitinqə icazə verilən əraziyə getmək istəməmələrinin səbəbi, tərəfdarlarının olmadığını bilmələridir. 

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də bu fikirdədir. O, Sherg.az-a deyib ki, oktyabrın 19-da “Milli Şura” tərəfindən keçirilən icazəsiz aksiya cəhdi göstərdi ki, radikal müxalifət heç bir sosial bazaya malik deyil:

"Bu gün mitinq mövzusunun aktual olmadığını onlar özləri də yaxşı bilirlər. Azərbaycan xalqı iqtidara inanır. Xalqımız hər hansı problemlərin həllində dövlətimizin, ölkə başçısının atdığı addımları dəstəkləyir. Radikal müxalifətin niyyəti təxribat törətmək idi. Bu gün ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar, proseslər vətəndaşların sosial müdafiəsinə, rifahına müsbət mənada təsir göstərirsə, mühüm addımlar atılırsa, dəyişikliklər edilirsə o zaman radikal müxalifətə xalqın inanmaması təbiidir. Bu gün müxalifətin şəhərin mərkəzində aksiya keçirməsinə nə zərurət, nə də sosial sifariş var. Noyabrın 2-də mitinq keçirmək istəyirdilər. Hər zaman olduğu kimi onlar bu dəfə də mitinqdən qabaq sosial şəbəkələrdə eksperiment apararaq aksiya istəyinin cəmiyyətdə necə qarşılanması təcrübəsindən istifadə etdilər. Onlar bununla bir daha əmin oldular ki, cəmiyyət mitinq fikirlərini dəstəkləmir. Müxalifətə mitinq keçirməklə bağlı rəsmi icazə verilsə də, onlar ayrılan ərazini doldurmaq gücünə malik deyillər. Bu baxımdan da “Milli Şura” şəhərin mərkəzlərinə can ataraq sadə insanları öz aksiyalarına qatmaq, say artırmaq məqsədi güdürdü. Amma göründüyü kimi onların bu cəhdi də alınmadı. Xalqın özündən mitinq çağırışı edənlərə qarşı böyük narazılıq, təpki görərək noyabrın 2-nə təyin olunmuş qanunsuz aksiyanı arxa plana keçirdilər. Çünki, bu aksiya onların olmayan nüfuzuna zərər gətirəcək və onların tam şəkildə cəmiyyətdən təcrid olunmasına gətirib çıxaracaqdı”.

Anar