DTX sosial şəbəkələrlə bağlı tədbir keçirdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimləri və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır.

Noyabrın 7-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 nömrəli məktəb-liseydə ilk dəfə yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri və bu formatda keçirilən interaktiv seminara rayonun 26 məktəb və liseyinin 600-dən çox şagirdi qatılıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən video-çarx nümayiş olunub.

Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Səadət Veysova açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

S.Veysova DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, dosent, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanovun, Akademiyanın İnformasiya təhlükəsizliyi fakültəsinin kursantı M.Mirzəxanlının “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Müasir gəncliyimiz və sosial şəbəkələr: qazandığımız və itirdiyimiz” və digər aktual mövzularda məruzələri dinlənilib. Seminarda 11-ci sinif şagirdləri Elnur Qaracayev və Aybəniz Vəzirli sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.