“Hesab edirəm ki, Musavat Partiyasının qərargahında baş tutan "dəyirmi masa" muxalifətin əvvəl keçirdiyi digər "dəyirmi masa"lardan heç nəyi ilə fərqlənmir”. Bu sözləri Sherg.az-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, noybarın 5-dəki toplantı sadəcə Azərbaycandakı radikal müxalifətin öz mövcudluğunu qorumaq cəhdlərindən başqa bir şey deyildi:
“Ölkəmizdə Cənab Prezident həyata keçirdiyi islahatlar siyasətini bir az da dərinləşdirib. Yaxın 1 ay ərzində ölkəmizdə çoxsaylı gənc kadrlar yüksək postlara təyin olundular. Belə bir şəraitdə, Azərbaycan müxalifəti meydana yaşı 80-i ötən Əli İnsanovu çıxarmaqla cavab verdi.
Ölkə başçısının Azərbaycanda dövlət idarəetməsini gəncləşdirməsi və çevikləşdirməsinin fonunda müxalifətin cəmiyyətə təqdim etdiyi səhnə yaşı 80-i ötən Əli İnsanovun timsalında düzənlənən mətbuat konfransı idi. Bu, həmin Əli İnsanovdur ki, nazir işlədiyi vaxtlarda müxalifəti ən ağır ifadələrlə təhqir edib. Eyni zamanda onunla eyni masanı paylaşan insanlardan da onun ünvanına ən ağır ittiham və təhqirlər yağdırılıb. Bu gün Azərbaycan ictimaiyyəti baş verən hadisələri yaxından izləyir və təhlil edir. Haqlı olaraq sual yaranır ki, biri-birinə pataloji nifrəti olan bu şəxsləri bir masa arxasına yığan maraq və qüvvə kimdir.
Fərid Şahbazlı: "Bu, həmin Əli İnsanovdur ki, nazir işlədiyi vaxtlarda müxalifəti ən ağır ifadələrlə təhqir edib"
Hesab edirəm ki, Azərbaycan xalqının adı korrupsiyada hallanan, səhiyyəmizi ağır duruma salan, davranışları ilə ictimaiyyətə saymazyana münasibəti ilə ad çıxarmış Əli İnsanov kimi bir adamı özünü lider elan edən müxalifətə heç bir etimadı yoxdur.
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan müxalifəti müxalifətçiliyi monopoliyaya alıb. Bu sahədə heç bir gənc müxalifətçinin önə çıxmasına, Azərbaycanda sağlam müxalifətin yaranmasına imkan vermirlər. Orada iştirak edənlərin orta yaş həddini hesablayanada və uzun illərdir müxalifət partiyalarına rəhbərlik etdiklərini görəndə bunun tam şəkildə şahidi oluruq. Normalda seçkiləri bir neçə dəfə uduzmuş müxalifət partiyasının lideri siyasi mədəniyyət nümayiş etdirib istefaya getməlidir. Lakin təəssüf ki, biz bunu görə bilmirik. Hansı ki, onların həsrətlə baxdığı Qərbdə bu ənənə mövcuddur. Düşünürəm ki, xalqımız bütün baş verənləri görür və dərindən analiz edir”.