Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması qida sahəsində də sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, onları narahat edən problemlər öyrənilib birgə müzakirə edilir. Belə görüşlərin həyata keçirilməsində əsas məqsəd şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır.
Bununla əlaqədar agentliyin rəhbərliyi dəfələrlə media vasitəsilə çağırışlar edib, qanunazidd hərəkətlər edən agentlik əməkdaşları və agentliyin adından istifadə edən şəxslərlə bağlı məlumatların verilməsi xahiş edilib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş mövqeyi ortaya qoyaraq, AQTA-nın 1003 – Çağrı Mərkəzinə dərhal məlumat versinlər", - məlumatda vurğulanır.
“Qida təhlükəsizliyi” anlayışının əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, agentlik prosesdə iştirak edən bütün tərəfləri – sahibkarları, istehlakçıları, eyni zamanda hər bir vətəndaşı sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymağa, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə aktiv iştiraka dəvət edir.