Nazirlik rəsmisi canavar hücumlarının əsas səbəbini açıqladı

Dünyada çox az sayda ölkələrda, o cümlədən, Azərbaycanda heyvanları saxlamaq qaydalarına riayət edilmir. İnsanlar heyvanları açıb buraxır, sonra da canavar onlara hücum edir.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır:

“Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır. Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır”.

H.Əlizadə bildirib ki, azsaylı ölkələrdə meşələrdə heyvanlar üçün yem qoyulması halı olur:

“Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də meşəyə heyvanlar üçün yem qoymağı effektiv saymıram. Burada insanlar daha məsuliyyətli olmalıdır.  Bu yaxınlarda Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub. Araşdırdıq ki, fermerlər toya gedib, heyvan yiyəsiz qalıb”.

“Heyvanları qorumaq üçün elektrik çəpərindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa, o zaman nazirlik tərəfindən müdaxilə oluna bilər”, - deyə direktor qeyd edib.