Deputat: "Hadi "Yox millətimin imzası imzalar içində" deyib, fəryad edərək dünyasını dəyişdi"

“Azərbaycanın üçrəngli bayrağının bu gün nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalanması bizim üçün sonsuz iftixar mənbəyidir”. Sherg.az bildirir ki, bu sözləri tarixçi-alim, millət vəkili Fəzail İbrahimli Dövlət Bayrağı Günü ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir:

"Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun! İnanıram ki, belə də olacaq və Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq!”-deyə, deputat qeyd edib.