"Ermənistan-Azərbaycan arasındakı münaqişədə əsas katalizator və lokomotiv rolunu məhz erməni kilsəsi oynayıb"
"Qaregin rus sülhməramlılarının müşayiəti ilə torpaqlarımıza gəlib. Əslində bu məqam bizim üçün başqa imkanlar meydana çıxarır"
Ermənilərin katolikosu II Qaregin Qarabağa gəlib. Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə gələn Qaregin qondarma rejimin rəhbəri Araik Arutyunyanla və Xankəndidə olan ermənilərlə görüşüb və din xadiminə yaraşmayan növbəti açıqlamalar verib. Bildirib ki, “Qarabağ münaqişəsi” bitməyib və erməni xalqının mübarizəsi davam edir. Əslində bütün dinlərin əsasında sülh dayanır. Adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə tamamilə bunun əksini edir, erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə səsləyir. Ümumiyyətlə, erməni katolikosu heç zaman sülhə xidməti ilə yadda qalmayıb.
Daim terrorçu, irqçi mövqeyi və bəyanatları ilə gündəmə gəlib. Hətta Şeyxülislamın ona ünvanladığı sülh təşəbbüslərinə də müsbət reaksiya verməyib. “Din xadimi” 44 günlük müharibə zamanı da aqressiv çıxışları ilə seçilib, keşişlərin əlinə silah verərək Qarabağa göndərib. Yəni Qareginin bütün fəaliyyəti Qarabağda gərginliyi artırmaqdan ibarət olub. Əgər baş keşiş 44 günlük müharibədən sonra Qarabağa qayıdan 25-30 min erməninin başına ağıl qoymaq üçün, onları sülhə səsləmək üçün gəlmiş olsaydı, bu gəlişə göz yummaq olardı. Lakin göründüyü kimi Qareginin məqsədi hərbçilərlə görüşərək onları yenidən müharibəyə çağırmaq, ermənilərin “mübarizə ruhunu” yüksəltmək imiş. Bəs, Laçın dəhlizinə nəzarəti həyata keçirən Rusiya sülhməramlıları Qaregini hansı əsasla Azərbaycan torpağına buraxıblar?! Niyə terrora açıq dəstək verən qaniçən “keşişin” Qarabağa gəlişinə və erməniləri üsyana səsləməsinə imkan yaradılıb?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə deyib ki, Ermənistan-Azərbaycan arasındakı münaqişədə əsas katalizator və lokomotiv rolunu məhz erməni kilsəsi oynayıb. Analitik vurğulayıb ki, Qaregin din xadimi deyil, ideoloji-hərbi və terrorçuluq metodundan istifadə edənlərin başında duran şəxsdir:
“Erməni kilsəsi bölgəyə ciddi şəkildə zərbə vurublar. Yüz il ərzində həm daşnak təfəkkürü, həm də erməni kilsəsinin tezisləri, ideoloji baxışları “dənizdən dənizə Ermənistan” inşa etmək məqsədi ilə bölgə xaqlarına, xüsusən Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçiriblər.
Məsələ ondan ibarətdir ki, Qaregin rus sülhməramlılarının müşayiəti ilə torpaqlarımıza gəlib. Əslində bu məqam bizim üçün başqa imkanlar meydana çıxarır.
10 noyabr razılaşmasının mühüm tərkib hissəsindən biri də xalqlar arasında etimada və barışa gətirib çıxaracaq yolun qət edilməsidir. Həmin yol üzərində bir sıra məsələlər həll etməliydi ki, onlardan da biri köçkünlərin öz yurdlarına qayıtması ilə bağlıdır.
O zaman belə bir məsələ meydana çıxır. Əgər ermənilərin Qarabağa gəlişinə, özü də bunun sülhməramlıların müşayiəti ilə həyata keçməsinə şərait yaradılırsa, o halda imkan verilməlidir ki, Azərbaycanın din xadimləri, tarixçiləri və bütövlükdə Qərbi Azərbaycanla bağlı şəxslər, ziyalılar da öz tarixi yurdlarına gedə bilsinlər. Yalnız o təqdirdə bu prosesdə erməni tərəfinin və eyni zamanda Rusiya sülhməramlılarının səmimiyyətinə inana bilərik.
Düşünürük ki, məqsəd 10 noyabr sazişində yer alan müddəanın həllinə təkan verməkdir”.