Zaxarovanın “Xəzər beşliyi” təlaşı: “Bu ölkələrin digərləri ilə birləşib Kremlə qarşı... ”

Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Həştərxanda keçirilən “Xəzər mediaforumu-2021” tədbirində çıxış edib. O, bildirib ki, “Xəzər beşliyi" formatı effektiv regional əməkdaşlıq nümunəsidir. Zaxarova Xəzər regionunda turizm potensialından istifadə etmək üçün əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

 Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən narahat olan rəsmi Moskvanın indiki məqamda belə bir açıqlama verməsi maraqlıdır. Bu barədə “Sherg.az”a danışan siyasi analitik Turab Rzayevin fikrincə, bəyanat heç də təsadüfi deyil:

“Rusiya öz təhlükəsizliyini təmin etməyə, sərhəd dairəsini qorumağa çalışır. Kreml sərhəd münaqişəsinin yaranmasını istəmir. Eyni zamanda şimal qonşumuz aktiv xarici siyasət yeridərək Xəzər ölkələrini iqtisadi-siyasi cəhətdən özündən asılı hala salmaq, onlarla “müttəfiq” olmaq istəyir. Bu, həmin ölkələrin digər dövlətlərlə birləşib ona qarşı ittifaq yaratmasının qarşısını almaqdan ötrüdür. Bir sözlə, Zaxarovanın açıqlaması Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədlidir. Moskva hesab edir ki, bu, regionda sülh və sabitliyi təmin etmək üçündür”.