Borçalı türklərinin soyad sonluqları milliləşir

“Soydaşlarımızla bağlı müvafiq qanunvericilik bazasının qəbul olunacağına ümid edirəm”

“Çünki qanun layihəsi ilə bağlı Gürcüstan parlamentində və bizim nümayəndələrinin ilkin müzakirələrində pozitiv bir ovqat var”

Gürcüstan parlamentində azərbaycanlı vətəndaşlara soyad sonluqlarını dəyişdirməyə hüquqi əsas verəcək qanun layihəsinin müzakirəsi üçün işçi görüş keçirilib. Bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.
Görüşdə İnsan haqları və vətəndaş inteqrasiyası məsələləri üzrə Komitənin sədri Mixeil Sarcveladze, onun müavini Savalan Mirzəyev, parlament üzvü Zaur Darğallı, ədliyyə nazirinin müavini Tornike Çeişvili və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

 Bildirilib ki, komitədə Gürcüstan vətəndaşlarına (yezidilər, azərbaycanlılar da daxil olmaqla) tarixi və mədəni ənənələrinə uyğun olan soyadlarının qaytarılmasına imkan verəcək qanunvericilik dəyişikiliyi üzərində iş aparılır.

Bu məsələnin müxtəlif etnik mənsubiyyətli şəxslər üçün əhəmiyyətini vurğulayan görüş iştirakçıları bununla bağlı mövcud problemləri və onların həlli yollarını da müzakirə ediblər.Xatırladaq ki, Gürcüstanda yaşayan soydaşlarımız onlara soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi hüququnun verilməsini istəyirlər.

Qanun layihəsi barədə fikirlərini “Sherg.az”la bölüşən “Borçalı” İctimai Birliyinin sədri, ictimai-siyasi xadim Zəlimxan Məmmədli vurğulayıb ki, sovet imperiyasının təsiri altında yaşadıqca rusların təlqin etdiyi “ov”, “yev” sonluqlu soyadlarından istifadə etdik. Təbii ki, bu durum mahiyyətimizə də müəyyən mənada təsir göstərib:

“Bu baxımdan qeyd olunan qanun layihəsinin qəbuluna dair təşəbbüs bütün hallarda düzgündür. Gürcüstandakı soydaşlarımızın soyadlarının milliləşməsi lazımdır.Artıq Sovet imperiyası dağılıb, eyni zamanda ölkəmizdəki parlament və hökumət üzvlərinin əksəriyyəti “ov” və “yev” soyadındadır. Çünki Azərbaycan Respublikasının soyadların milliləşməsi ilə bağlı qanununa etinasızlıq və hörmətsizlik var. Ona görə də ölkəmiz bu sahədə yaxşı nümunə ola bilmədi.

Gürcüstandakı soydaşlarımıız Azərbaycanın mənəvi dünyasının tərkib hissəsidir. Hətta “Gürcüstan azərbaycanlıları” adlı bir ifadə var. Bu ifadə ilə razı deyiləm.

Düşünürəm ki, Azərbaycan qanunvericiliyində soyadlarımız “lı”, “li”, “soy”, o cümlədən “oğlu” sonluğu ilə bitə bilər. Keçmiş zamanlarda nəslin adı ilə tanınma da mövcud olub. Bu baxımdan indi də soyad kimi nəslin adından istifadə etmək mümkündür. Beləliklə, millət olaraq vəhdətimizə və mənəvi birliyimizə təkan vermiş olarıq. Başqa alternativlər axtarsaq, çox mübahisələr çıxacaq, “alimlər” peyda olacaq”.

Z.Məmmədlinin qənaətincə, ən yaxşısı odur ki, Azərbaycan nümunəsi olsun və əhalinin soyadı kütləvi şəkildə milliləşsin:

“Soydaşlarımızla bağlı müvafiq qanunvericilik bazasının qəbul olunacağına ümid edirəm. Çünki qanun layihəsi ilə bağlı Gürcüstan parlamentində və bizim nümayəndələrinin ilkin müzakirələrində pozitiv bir ovqat var”.