“Rus hərbçilərinə sülhməramlı statusu verilə bilməz” - AKTUAL SÖHBƏT

“Bunu yalnız BMT və yaxud ATƏT çərçivəsində etmək olar”

“Onlara verilə biləcək status bundan sonra onların mövqeyini daha da gücləndirəcək”

“Həmin sülhməramlılar birmənalı olaraq özülərini bölgənin sahibi kimi hiss edəcəklər”

“Mandatın verilməməsi isə rusların hüquqi baxımdan havadan aslı vəziyyətdə qalmasını təmin edir, gedişatı belə də saxlamaq lazımdır”


İkinci Qarabağ müharibəsinin başlanması ildönümünə az qalıb. Məlumdur ki, sentyabrın 27-si 2020-ci ildə Azərbaycan Ordusu ermənilərin təxribatından sönra əks-hücum əməliyyatlarına başladı. Azərbaycan, Rusiya və Ermənistan rəhbələrinin birgə imzaladığı üçtərəfli bəyanatla 44 günlük müharibə noyabrın 10-da yekunlaşdı. Bu bəyanatın imzalanması isə bölgədəki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə rus “sülhməramlılarının” Qarabağa yerləşdirilməsinin şahidi olduq. Ancaq rusların şəxsi maraqları naminə ermənilərə dəstəyi, öz missiyalarını yerinə yetirməməkləri Azərbaycan cəmiyyətində böyük narazılığa yol açıb.

Bölgədə gedən proseslərlə bağlı tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu ilə həmsöhbət olduq.
“Sherg.az” müsahibəni təqdim edir:

-Sentyabrın 27-si yaxınlaşır. Ermənilərin yaxın zamanda hansısa təxribatı baş tuta bilər?

-Şübhəsiz ki, 44 günlük müharibənin başlanğıcının 1-ci ili ilə bağlı ermənilərin hansısa təxribatlar törətmək cəhdləri olacaq. Düşünmürəm ki, bu, hansısa böyük miqyaslı təxribatlar ola bilər. Yalnız lokal şəkildə hansısa Azərbaycan postlarına hücum çəkmək və yaxud Azərbaycan Ordusunun hissələri ilə rus “sülhməramlıları” arasında münaqişə yaratmaq kimi təxribatların baş tutması mümkündür. Məncə, ermənilər bunu bir təbliğat vasitəsi kimi həm ölkə daxilində, xüsusilə Qarabağda ermənilərin yaşadıqları ərazilərdə edə, həm də beynəlxalq diqqəti özünə cəlb etmək üçün müəyyən aksiyalar keçirə bilərlər. Söhbət ilk növbədə siyasi-ictimai xarakterli aksiyalardan gedir. Hansısa miqyaslı hərbi qarşıdurma yaratmaq onların marağında deyil və buna gücləri də yoxdur. Təbii ki, olarsa, bu vəziyyətdən Rusiya sui-istifadə edəcək. Çünki hazırda Azərbaycanla Rusiya arasında xeyli ziddiyətli məsələlər var ki, rəsmi Moskva bundan narazıdır.

-Rəsmi Bakı rus sülhməramlılarının fəaliyyətindən narazıdır. Rusiya açıq şəkildə Ermənistana dəstəyini göstərir. Azərbaycan tərəfi nə etməlidir?

-Rusiya “sülhməramlılarının” ermənilərə açıq şəkildə dəstək verməsi, ermənilərin işğal altında qalan ərazilərdən nəinki çıxarılmasını təmin etməməsi, əksinə onlara hərbi təlimlər keçməsi, yeni hərbi texnika və canlı qüvvənin bölgəyə gətirilməsinə şərait yaratmaqları Azərbaycan rəsmi dairələri və cəmiyyətində haqlı narazılıq doğurur. Fikrimcə, Azərbaycan ilk növbədə bu məqamların qarşısını almaq üçün 3 istiqamətdə fəaliyyət göstərməlidir. Birinci istiqamət odur ki, Rusiya Azərbaycandakı hərbçilərinə sülhməramlı statusunun verilməsi haqqında rəsmi Bakı ilə anlaşma istəyir. Buna qətiyyən yol vermək olmaz. Çünki sonrakı fəsadlar daha ciddi ola bilər. İkinci istiqamət isə budur ki, Azərbaycan müntəzəm olaraq rus “sülhməramlılarının” pozuntularını qeydə almalı və onlar barəsində Rusiya hökumətindən izahat tələb etməlidir. Üçüncüsü isə, birinci və ikinci bəndlərdən istifadə edərək, Laçın dəhlizinin birgə nəzarətinə nail olmalıdır. Çünki Rusiya öz öhdəliklərini yerinə yetirmir. Üçtərəfli bəyanatın şərtlərinə əməl edən yeganə tərəf Azərbaycandır. Azərbaycan qalib ölkədir və belə çıxır ki, sanki məğlub kimi ona diqtə olunan şərtləri icra edir. Bu, yanlışdır. Maksimum dərəcədə çalışıb, heç olmasa, rus hərbçiləri ilə birlikdə Laçın dəhlizinə nəzarətdə iştirak etmək lazımdır ki, Qarabağdan həm erməni əsgərləri çıxarılsın, həm də yeni silah-sursat və canlı qüvvənin gətirilməsinə imkan verilməsin.

-Qeyd etdiniz ki, Rusiya bölgədəki hərbçilərinə rəsmi olaraq sülhməramlı statusunun verilməsini istəyir. Bu baş tutarsa, nələr yaşana bilər?

-Rus hərbçilərinə heç bir halda rəsmi səviyyədə sülhməramlı statusu verilə bilməz. Bunu yalnız BMT və yaxud ATƏT çərçivəsində etmək olar. Digər tərəfdən isə Azərbaycan ərazisində Rusiya sülhməramlıları özünü faktiki olaraq işğalçı ordu kimi apardığından onlara verilə biləcək status bundan sonra onların mövqeyini daha da gücləndirəcək. Həmin sülhməramlılar birmənalı olaraq özülərini bölgənin sahibi kimi hiss edəcəklər. Mandatın verilməməsi isə rusların hüquqi baxımdan havadan aslı vəziyyətdə qalmasını təmin edir, gedişatı belə də saxlamaq lazımdır. Heç bir mandatdan söhbət gedə bilməz.

-Xankəndinin aqibəti necə olacaq?

-Bu, bir az çətin sualdır... Xankəndinin taleyi indiyə qədər sadaladığım məsələlər, Rusiya-Ermənistan münasibətləri, Rusiyanın Qarabağda qarşısına qoyduğu məqsədlərin və hara qədər gedib çıxa biləcəyindən asılıdır. Bəzən belə iddialar irəli sürülür ki, Azərbaycan antiterror əməliyyatını həyata keçirə bilər. Düşünmürəm ki, bu əməliyyat Xankəndi üzrə keçirilsin. Xankəndini əldə etmək imkanımız noyabrın 9-da idi, təəssüf ki, bu edilmədi. İndi bütün vasitələrdən istifadə etməklə orada yaşayan erməni əhalisinə iki məqamı aşılamaq lazımdır. Birinci məqam odur ki, ya onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlığını qəbul edərək, orada qalıb yaşayırlar. Ya da Azərbaycan onlar üçün elə bir imkan yaratmayacaq ki, separatçılıq fəaliyyətini davam etdirsinlər. Xankəndinin müqəddəratı yalnız bu halda həllini tapa bilər. Rusiya qoşunları Qarabağdan çıxdıqdan sonra Xankəndini ala bilərik. Nə qədər ki, Rusiya qoşunları oradadır, Xankəndinin aqibətini həll etmək üçün əlimizdə yetərincə imkanlar yoxdur.

-Zəngəzur dəhlizinin tez zamanda açılması realdırmı?

-Düzünü desəm, Zəngəzur dəhlizinin açılacağını gözləmirəm. Bu günkü Ermənistan hökuməti çox gözəl anlayır ki, Zəngəzur dəhlizi ilk növbədə Rusiyanın bu dəhlizdən Naxçıvan vasitəsilə İrana və Yaxın Şərqə çıxışını təmin etmək üçündür. Yəni silah-sursat və hərbi qüvvə daşınması üçün dəhliz əsasən ruslara lazımdır. Rusiya hərbi-strateji dəhliz açır ki, Yaxın Şərqə çıxa bilsin və qlobal siyasətdə öz sözünü deməyə imkan əldə etsin. Təbii ki, bu məqamda həm Azərbaycan, həm də Ermənistandan istifadə etməyə çalışır. Ermənistan Zəngəzur dəhlizini vermirsə, düşünmürəm ki, bu məsələnin üzərində israrla dayanmalıyıq. Çünki Zəngəzur dəhlizinin bizim üçün müəyyən qədər əhəmiyyəti var, amma bu məsələ 90 faiz Rusiyanın maraqlarına xidmət edir. Azərbaycan dəhlizin açılmasını tələb etməklə diplomatik dvident qazanıb, Ermənistan və Rusiyanı fakt qarşısında qoya bilər. Yəni nə Rusiya bu dəhlizin açılmasını təmin edir, nə də Ermənistan buna imkan yaradır. Mövcud şəraitdə əldə etdiyimiz qazanc yalnız bu ola bilər. Diplomatik faktor kimi dəhlizin açılmamasından istifadə etmək və son nəticədə ola bilsin 10 noyabr bəyanatının şərtlərini yerinə yetirilmədiyinə görə, həmin bəyanatdan çıxmaq mümkündür. Bu da siyasi və geosiyasi reallıq yarandıqda olar. Hazırda bu, mümkün deyil. Lakin gələcəkdə heç kim bunu istisna edə bilməz.


-Ermənistanın zaman-zaman təxribatlarına şahid oluruq. Cavab olaraq antiterror əməliyyatlarına başlaya bilərikmi?

-Ermənistan təxribatları Rusiya ilə birgə planlı şəkildə həyata keçirir ki, Azərbaycan tərəfi məhz antiterror əməliyyatına başlayaraq rus qoşunları ilə toqquşsun və Rusiya sülhməramlılarını qorumaq adı altında bölgəyə daha çox hərbi güc yeritsin. Bu, 2008-ci ilin senarisidir və Cənubi Osetiyada tətbiq olunub. Hazırda Kremlə yaxın təbliğatçılar və ekspertlər açıq şəkildə həmin ssenari ilə Azərbaycanı hədələyirlər. Ola bilsin ki, onlar Azərbaycanın antiterror əməliyyatı keçirə biləcəyindən ehtiyatlanıb belə bir profilaktik hədə-qorxu gəlirlər. Ancaq bu, hər bir halda riskli addımdır. Düşünürəm ki, antiterror əməliyyatların zamanı hələ gəlib çatmayıb. Təxribatçıları cavab atəşi ilə susdurmaq və bunu mümkün qədər effektiv etmək lazımdır. Yəni Azərbaycan hərbçilərinə qarşı təxribat törədən ermənilər məhv edilməlidir ki, bu, hər kəsə dərs olsun.

-Ermənistan rəsmi Bakı ilə yekun sülh müqaviləsini imzalayacaqmı?

-Sülh müqaviləsinin imzalanma prosesi uzunmüddətli danışıqların nəticəsi ola bilər. 30 ildən çox tarixi olan bir münaqişənin sülh müqaviləsi ilə həlli qısa zamanda mümkünsüzdür. Xarici amillərin təsiri, onların sülh prosesinə neqativ münasibəti var. Baxmayaraq ki, hamısı sülhdən danışır, əslində tamam başqa məqsədləri güdürlər. Fikrimcə, vasitəçi Gürcüstan olarsa, sülh danışıqlarını başlamaq olar. İşin gedişatında da məsələnin necə həll olunacağı və sülh müqaviləsinin hansı şərtlər çərçivəsində imzalanacağı aydınlaşar. Azərbaycan müharibədən qalib çıxmış ölkədir, Ermənistan isə məğlub olub, böyük itkilər verib, ölkədəki bütün infrasturuktur demək olar ki, çöküb. Bu şəraitdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq olardı. Amma bir çox səbəbdən, əsasən də daxili-siyasi səbəblərdən hələlik bunu edə bilməzlər. Hər bir halda sülh prosesinə başlamaq lazımdır. Məsələn, Gürcüstanın vasitəçiliyi ilə bölgədə maraqları olan və münaqişədən öz aləti kimi istifadə etməyə çalışan böyük güclərin sülh prosesinə təsirindən kənarlaşdırmaq olar. Nə qədər ki, onların təsiri olacaq, heç bir sülh müqaviləsi imzalana bilməz. Nümunə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlər formatını deyə bilərəm. Sülh üçün yalnız uzunmüddətli danışıqlar, şərtlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qismən də bərpası və müəyyən etimad yaranması lazımdır. Etimad yarandıqdan sonra sülh müqaviləsi haqqında düşünmək olar. Hələlik isə çox tezdir.

 Söhbətləşdi: Yeganə Bayramova