Yeni kiberdələduzların hücumu başlayıb

Bir çox proqram təminatı vasitəsilə istənilən şəxsə istənilən nömrədən zəng etmək mümkündür

Osman Gündüz: "Vətəndaşların məlumatlandırılmasına ciddi ehtiyac var, ölkədə rəqəmsal savadsızlıqla bağlı ciddi problemlər qalmaqdadır"

Son günlər ölkəmizdə kiberdələduzluq hallarının çoxaldığı, yeni formada kiber təhdidlərin artdığı müşahidə edilir.  Kiberdələduzlar videozənglər vasitəsilə tanınmışları şantaj edir, bank kartlarının məlumatlarını müxtəlif üsullara ələ keçirirlər. Hətta vətəndaşın tanıya biləcəyi nömrələrdən zəng etmək imkanı verən müxtəlif proqram təminatlarından istifadə edilərək, şəxsi məlumatlar asan formada ələ keçirilir.

Texno-bloger Fərid Pərdəşünas "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda kiberdələduzlar tərəfindən "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb. O vurğulayıb ki, əslində bir çox proqram təminatı vasitəsilə istənilən şəxsə istənilən nömrədən zəng etmək mümkündür: 

"İndi daha çox məşhur "Spoofing Caller ID" hücumları yayılmaqdadır. Yəni istədiyiniz adamın nömrəsi ilə başqasına zəng edə bilirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ata çıxır, amma danışan başqa adam olur. Yaxud sizə polisdən, bankdan zəng gəlir, amma arxada danışan cinayətkardır. Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir. İşin pis tərəfi bu əlavə ilə səsi dəyişməyin mümkün olmasıdır. Artıq bu metodla Azərbaycanda da hücumlar  var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin VPN ilə hücumlar olur. Çünki proqram təminatı qlobal işləyir və bu, yerli operatorların problemi deyil. Yəni bu, telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu yalnız telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, baş verənlərlə bağlı vətəndaşlara qabaqlayıcı mesajların verilməsinə, kibertəhlükəsizliklə bağlı profilaktiki tədbirlərin görülməsinə, kiberdələduzluq halı baş verdikdən sonra atılacaq addımlar haqqında vətəndaşların məlumatlandırılmasına ciddi ehtiyac var:

 "Ümumiyyətlə, ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər qalmaqdadır. Qeyri-dövlət sektorunda əsas səlahiyyətli qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətidir. Son günlərdəki kiberdələduzluqlarla bağlı bu qurum tərəfindən hansı tövsiyələrin verilməsi ilə maraqlandım. 

Rəsmi saytlarına daxil olduqda gördüm ki, bu tip axırıncı xəbərdarlıq-tövsiyə məlumatı 5 ay öncə yerləşdirilib. Bildiyim qədər yarıtmaz fəaliyyətinə görə Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov da  bir müddət öncə vəzifəsindən azad edilib. Ümid edirəm ki, NRYTN-in yeni rəhbərliyi son baş verənlərlə bağlı bu istiqamətdə işləri daha da canlandıracaq.

 Görünən odur ki, həm dövlət, həm də qeyri-dövlət sektorunda kibertəhlükəsizliklə bağlı məsələlərə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Xidməti və Elektron Təhlükəsizlik Xidməti tərəfindən profilaktika, maarifləndirmə, metodiki-informasiya dəstəyi çərçivəsində işlər gücləndirilməlidir.

 Hökumət bütövlükdə əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində kompleks tədbirlər müəyyən etməlidir. Həmçinin, rəqəmsal transformasiya ilə bağlı konseptual sənədlərin qəbulu sürətləndirilməlidir".

Aynurə Pənahqızı