Generallarımız Türkiyədə:“Vahid ordunun yaranması...”

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov bu gün Türkiyəyə yola düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

 Baş qərargah rəisimiz general-leytenant Kərim Vəliyev də artıq qardaş ölkədə səfərdədir.

 Bu barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, qarşılıqlı səfərlər təəccüblü deyil:

“Belə hallar tez-tez olur. İki dövlət konfederativ şəraitdə vahid ordunu idarə edirlər. Bunu Azərbaycan hökuməti də təsdiqləyir. Hətta Prezident İlham Əliyev bizim Türkiyə ordusunun kiçik modelini yaradacağımızı bildirmişdi. Yəni baş verənlər vahid ordunun yaranmasına doğru gedir”.