PKK Türkiyədən ən böyük zərbəni aldı

Amma indiki terror təşkilatı Amerika və İsrailin nəzarətində, onların himayəsindədir


Türk ordusu qarşısında aciz qalan PKK/YPG terror təşkilatının Suriyada Türkiyəyə qarşı yeni məkrli plan qurduğu üzə çıxıb. Məlum olub ki, əliqanlı terrorçular vətəndaş müharibəsindən əvvəl ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Suriyadakı xristian bölgələrinə və kilsələrinə top və minaatanla hücum edərək, məsuliyyəti türk ordusunun üstünə atmağı planlaşdırırlar. 

Mülki xristian vətəndaşlar və kilsə kimi ibadət yerlərinə qəsdən zərər vurmaq istəyən təşkilat Türkiyəni beynəlxalq ictimaiyyət qarşısında çətin duruma salmağı hədəfləyir. Müəyyən fasilədən sonra Suriyadakı PKK güclərinin yenidən aktivləşməsi müşahidə olunur. Təhlükəni nəzərə alan Ankara hökuməti Yaxın Şərqdə yenidən hərbi gücdən istifadə etmək məcburiyyətində qalıb. Siyasi şərhçilər hesab edirlər ki, PKK və YPG-nin məhz indiki məqamda fəallaşmasının, Türkiyəyə qarşı çirkin planlar qurmasının pərdəarxası məqamları var. Məkirli layihənin müəllifləri arasında Avropa ölkələri ilə yanaşı, Rusiyanın da olduğu iddia olunur. 

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli “Şərq”ə deyib ki, son illərdə PKK Türkiyədən ən böyük zərbəni aldı. Partiya təmsilçisi qeyd edib ki, türk ordusu sadəcə ölkə ərazisində deyil, eyni zamanda Suriya və İraq ərazisində də terrorçulara qan uddurdu: 

“PKK-nın SSRİ zamanı kəşfiyyat idarəsi tərəfindən qurulduğu məlumdur. Amma indiki terror təşkilatı Amerika və İsrailin nəzarətində, onların himayəsindədir. ABŞ açıq-aşkar Yaxın Şərqdəki terrorçuları silahlandırır, ən müasir hərbi texnikalarla təchiz edir. PKK-çıların rahat yaşadığı, sərbəst gəzib-dolaşdıqları ölkələrdən biri məhz Amerikadır. Vaşinqton PYD və YPG-ni terror təşkilatı kimi tanımadığını dəfələrlə bəyan edib. Terrorçu qüvvələr müəyyən mərhələlərdə Türkiyəyə qarşı maşa kimi istifadə olunur. Əslində hansısa terror təşkilatı ilə müqayisədə NATO-nun ən güclü ölkələrindən biri olan Türkiyə ilə əməkdaşlıq ABŞ və Avropa ölkələri üçün daha məqbuldur. Terrorçuların istifadə edilməsinin əsas məqsədi Ankaranın həddindən artıq güclənməsinə, dünyada 2-3 söz sahibi ölkələrdən biri olmasına əngəl olmaqdır. Daha doğrusu, bu prosesi mümkün qədər yubatmaqdır”. 

Ə.Məmmədliyə görə, vaxtı ilə Türkiyənin uzun müddət mübarizə apardığı İŞİD də birbaşa Fransa tərəfindən maliyyələşdirilirdi: 

“Türkiyə kəşfiyyatı terrorçulara dəstək verilməsində Avropanın müstəsna “xidmətlərini” çoxsaylı dəlillərlə isbatlayıb. Qardaş ölkə son illər böyümə, super güc olma yolundadır. Bu prosesin önünü kəsmək qeyri-mümkündür. Türkiyə PKK və bənzərlərinin kökünü tamamilə kəsənə kimi hərbi əməliyyatlara davam edəcək. İlanlar öz yuvalarına qədər qovularaq, başları əziləcək”.

İsmayıl Qocayev