BMT –də məsələ qaldıraq:“Qarabağa beynəlxalq sülhməramlılar..."

“Fikrimcə, rus sülhməramlıların mandatının olması onların fəaliyyətini məhdudlaşdıra bilər”

“Əks halda isə belə qanunsuzluqlar, icazəsiz gediş-gəlişlər davam edəcək”

“Sülhməramlıların fəaliyyətinin bitməsinə təxminən altı ay qalmış müxtəlif təxribatlar törədiləcək və beləliklə, onların Qarabağda daha çox qalmalarına zəmin yaranacaq”  

İkinci Qarabağ müharibəsinin ilk ildönümü yaxınlaşır. Müxtəlif ekspertlərin fikrincə, Prezident, Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri verdiyi günə, yəni sentyabın 27-dək düşmən təxribatı gözlənilir. Əslində bunun işartıları görünür. İrandan Qarabağa yenə də yüklər daşınır, Ermənistan hakimiyyəti daxilində çaxnaşma düşüb, Rusiya “cığallıqlarına” davam edir, Türkiyə isə hələlik təmkinini qoruyur. Eyni zamanda Bakı və Ankara arasında hərbi əməkdaşlığın güclənməsi də diqqət çəkir. Odur ki, “Sherg.az” olaraq son proseslər barədə tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasovla söhbətləşdik:

- Qarabağa İrandan yüklərin daşınmasını necə xarakterizə edərdiniz?

- Tehranın bu məsələdəki mövqeyi məlumdur. Amma bu, təkcə İranın yox, həm də Rusiyanın təxribatıdır. Çünki hadisələr sülhməramlıların nəzarət etdiyi yerlərdə baş verir. Əgər Rusiya vəzifəsini yerinə yetirə, təhlükəsizliyi təmin edə bilmirsə, bunu özümüz etməliyik. Hələlik belə imkanımız yoxdur. Deməli, əvvəllər olduğutək yenə də cənub qonşumuza etirazımızı bildirməli, nota verməliyik.

- Bəs sülhməramlıların özbaşınalığına necə əncam çəkməliyik?

- Rus hərbçilərinin fəaliyyəti ancaq üçtərəfli razılaşma ilə tənzimlənir. Amma onların mandatları yoxdur. Fikrimcə, sülhməramlıların mandatının olması onların fəaliyyətini məhdudlaşdıra bilər. Əks halda isə belə qanunsuzluqlar, icazəsiz gediş-gəlişlər davam edəcək.

- Sülhməramlılarının komandanının yenilənməsi nəyisə dəyişə bilər?

- Bu, çox müəmmalı məsələdir. Əslində Rüstəm Muradov may ayında səlahiyyətlərini general Avdıyevə təhvil verməli idi. Amma proses nədənsə uzandı. Avdıyev vəzifəsinə təyin olunduğu gündə isə belə demək mümkünsə, sürpriz oldu. General Mixail Kosobokov sülhməramlıların komandanı vəzifəsinə təyin edildi. O, xüsusi təyinatlı qoşunların generalıdır. Bax, bu, maraqlı faktdır. XTQ zabitinin belə vəzifəyə təyin olunması sülhməramlılıq niyyətinə ziddir. Görünür, Rusiya sülh istəmir, müharibəyə hazırlaşır.

- Moskva və Tehranın narahatlığının Bakı ilə Ankara arasında hərbi əməkdaşlığın intensivləşdiyi vaxta təsadüf etməsi təsadüfdürmü?

- İran bunlara adekvat cavab olaraq gücünü göstərir. Düzdür, biz də qüdrətimizi nümayiş etdiririk. Amma unutmaq olmaz ki, hər şey, o cümlədən təlimlər öz torpaqlarımızda baş tutur. Biz nə Rusiya, nə İran, nə də Ermənistan ərazisində təlim keçirik. Onların torpaqlarında gözümüz də yoxdur. Bu mənada üçtərəfli hazırlıqlarla bağlı kimsə bizə “Gözün üstündə qaşın var” deyə bilməz. Həm beynlxalq hüquq, həm də konstitusiyamız öz ərazimizdə təlim keçməyə imkan verir.

- Bu günlərdə Muradov sülhməramlıların Qarabağdakı fəaliyyətinin beş ildən artıq davam edəcəyinə dair açıqlama verib. Bu, nə qədər realdır?

- Səslənən bəyanat bizim üçün yenilik deyil. Rusiya hakimiyyəti sülhməramlılar üçün ümumilikdə 200 milyon dollar ayırıb. Əlbəttə, Moskva bu qədər vəsaiti sadəcə beş ildən ötrü ayırmaz. Fikrimcə, sülhməramlıların fəaliyyətinin bitməsinə təxminən altı ay qalmış müxtəlif təxribatlar törədiləcək və beləliklə, onların Qarabağda daha çox qalmalarına zəmin yaranacaq.  Sülhməramlıların Qarabağda daha nə qədər qalmalarına isə Azərbaycan siyasi hakimiyyəti qərar verəcək.

- Mənfi ssenarinin qarşısını almaq məqsədilə hansı preventiv addımlar atmalıyıq?

- Bildiyiniz kimi, bəzi beynəlxalq təşkilatlar Ermənistanı dəstəkləyir. Sülhməramlıların fəaliyyət müddəti başa çatanda ermənilər guya onlara qarşı kütləvi soyqırımın olması haqqında dünyaya car çəkə bilərlər. Bu, tipik erməni fitnəsidir və Azərbaycan hakimiyyəti üçün gözləniləndir. Hətta, ola bilsin, ermənilər bu barədə saxta fotolar, videolar yayacaqlar. Bizsə BMT Təhlükəsizlik Şurasının növbəti iclaslarının birində rus sülhməramlılarının beynəlxalq sülhməramlılarla əvəzlənməsi məsələsini gündəmə gətirməliyik.

- Ermənistanın Qərblə yaxınlaşdığı bir vaxtda keçmiş prezident Robert Köçəryanın Moskvaya çağırılması nəyə işarədir?

- İndiyədək Köçəryanı hakimiyyətə gətirmək üçün bir neçə dəfə cəhd edilib. İndi Kreml “B” planına əl ata, bunu güc yolu ilə edə bilər. Hazırkı baş nazir Nikol Paşinyan isə hakimiyyətini qorumaqdan ötrü Türkiyə ilə əlaqələrə girir. Proseslərin nə ilə nəticələndiyini indidən demək çətindir. Çünki Rusiyanın xarici siyasətini təxmin etmək adətən mümkünsüzdür. Şimal qonşumuz öz ambisiyaları üçün hər şey etməyə hazırdır.

Kənan Novruzov