"Biz bütöv Azərbaycanın səs rəmzini itirdik"


Qulu Məhərrəmli: "Məncə, ilk dəfə Yaqub bəyi Azərbaycana Gülağa Məmmədovla Şövkət xanım dəvət etmişdi"

“Milyonların könlündə özünə “Ayrılıq” nəğməsi ilə yuva qurmuş Yaqub Zurufçunun bizlərdən əbədi ayrılığına çox üzüldük… Güneyli-quzeyli böyük VƏTƏNin ayrılıq dərdini dilə gətirərək milli hissləri oyatmış gözəl sənətkarın ruhu şad olsun!”. Bu sözləri sosial şəbəkə hesabında professor Qulu Məhərrəmli bizlərə əlvida edən Yaqub Zurufçu haqqında yazıb və böyük sənətkarla birgə fotosunu paylaşıb. Həmçinin, Yaqub Zurufçunun Meydan hərəkatı zamanı tribunada çəkilmiş fotosunu da. Q.Məhərrəmli fotoya bu sözləri əlavə edib: “Xalq hərəkatının başlandığı ilk dövrdə Yaqub Zurufçunun səsi milli duyğu, milli oyanış, milli bütövlük və mübarizə rəmzinə çevrilmişdi…” 

Fotoların izinə düşdük  və Qulu müəllimdən şəkillərin tarixçəsini soruşduq: 

- Əvvəla, bunu deməliyəm ki, Yaqub Zurufçu bizim nəslin şüurunda 1980-ci illərin sonu başlanan milli-azadlıq hərəkatının səs simvoludur. Onun ifasında “Ayrılıq” mahnısı geniş kütlənin milli oyanışı, milli bötüvlüyümüzün musiqili hekayəsidir. Sosial şəbəkədə də yazmışam ki, Yaqub Zurufçu bir mahnı ilə millətin qəlbində taxt qurdu. 

Q.Məhərrəmli Yaqub Zurufçu ilə dostluqlarını belə anlatdı:

- Bizim dostluğumuz “Səhər” proqramından başlayıb. Yaqub bəy Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramına tez-tez qonaq olurdu. Biz ona bu şəraiti yaradırdıq. “Səhər” proqramının rejissorları onun kliplərini ərsəyə gətirirdi. Azərbaycan dilini səylə öyrənirdi. Bizim xalq mahnılarını ifa edirdi, sonra özü də mahnılar yazmağa başladı. Onun “Dəniz” adlı mahnısı “Səhər” proqramında çox səslənirdi, daha çox da proqramın sonunda, çünki ritmik idi, yeni günə xoş ovqatla başlamaq üçün stimul verirdi.  Bizim birlikdə bir neçə şəklimiz var. Paylaşdığım bu foto 2 il əvvəl Xalq yazıçısı İsmayıl Şıxlının Filarmoniyada keçirilən yubileyi zamanı çəkilib. Əlaqələrimiz həmişə davam edirdi. 60 yaşımın tamam olması münasibətilə Amerikadan mənə zəng vurub təbrik etmişdi. Dostluqda bu cür möhkəm idi. Azərbaycanla bağlı yeganə gileyi məmurların təmənnalı olmasından idi. 2019-cu ildə, pandemiyadan 5-6 ay əvvəl Yaqub bəyin Heydər Əliyev adına sarayda konserti oldu. Əslində, bu, hesabat konserti idi… 

Meydan hərəkatındakı foto ilə bağlı isə Q.Məhərrəmli bunları dedi:

- Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda Yaqub Zurufçu Almaniyada yaşayırdı. Məncə, o, Xalq artisti Gülağa Məmmədovla yazışırdı. Necə tanış olmuşdular, dəqiq bilmirəm. Şövkət xanımın xətrini çox istəyirdi, Gülağa müəllimdən, Şövkət xanımdan dərs alırdı. Əlbəttə ki, o zaman indiki texniki imkanlar yox idi, sərhədlər də belə açıq deyildi. Kasetlər vasitəsilə onları dinləyirdi, onlardan öyrənirdi. Məncə, ilk dəfə Yaqub bəyi Azərbaycana Gülağa Məmmədovla Şövkət xanım dəvət etmişdi. Filarmoniyada keçirilən konsertdə Yaqub bəy də səhnəyə çıxdı, Şövkət xanımla, Gülağa Məmmədovla bir səhnəni paylaşdı. “Dərələr” mahnısını çox təsirli ifa etdilər… Nə deyim?.. Qismət, tale!.. Biz bütöv Azərbaycanın səs rəmzini itirdik. Yeri behişt olsun. 

Məlahət Rzayeva