Mesajın pərdəarxası: “Bakı Minsk qrupu çərçivəsində danışıqlara təhrik edilir”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı edib. Türkiyəli nazir çıxışı zamanı düşmən ölkələrə bir sıra mesaj verib. H.Akar qeyd edib ki, region özünün həssas dövrünü yaşayıb və prosesləri yaxından izləyirik.
O, bildirib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır:
“Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır:

“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq”.

İki qardaş ölkənin hərbi təlimlərinə dair fikirlərini “Sherg.az”la bölüşən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, bu gün regionda baş verən proseslər məcbur edir ki, Azərbaycan və müttəfiqləri öz mövqelərində konkret olsunlar:

“Mövcud təhdidlər və baş verə biləcək təhlükələrin qarşısını almaq üçün həm Azərbaycan, həm də Türkiyə əvvəlcədən bu təhlükələrə qarşı mövqeyini açıq bildirib. H.Akarın “Azərbaycana qarşı  edilən təhdidlər bizə qarşıdır” fikirləri məhz bundan irəli gəlir. Çünki İkinci Qarabağ müharibəsindən sonra bəlli oldu ki, Azərbaycan yalnız müharibədə qalib gəlməli deyilmiş, bəzi hallarda müharibədən sonra da düşmənlərlə mübarizə aparmalı imiş. Bu düşmənlər Ermənistandan daha təhlükəlidir. Onlara qarşı mübarizənin miqyası geniş, sərt və hərtərəfli olmalıdır.

Hazırkı məqamda Rusiya, İran və Amerika Dövlət Departamentinin mövqeyi bəllidir və bu, bizi çox narahat edir. 

Çünki Amerikanın  hələ də ermənilərin hüquqlarının müdafiəçisi kimi çıxış etməsi və münaqişənin bitmədiyini söyləməsi, ATƏT-in Minsk qrupu səviyyəsində Azərbaycanı danışıqlara təhrik etməsi olduqca təhlükəlidir. Belə olan halda dövlətimiz öz mövqeyini bildirməlidir və bildirir də. Düşmənlər unutmamlıdırlar ki, Qarabağ və Cənubi Qafqazda böyük üstünlüyə malik olan Azərbaycan baş verəcək təhlükələrin qarşısını almaq üçün bütün imkanalara malikdir. Bu, Azərbaycanın milli, mədəni və siyasi müstəqilliyi ilə bağlı olan məsələdir”.
 
Yeganə Bayramova