Azərbaycan Talışların İctimai Şurası sifariş yerinə yetirir: İran təxribat "peşində"...

Akif Aşırlı:“Rəsmi Tehranın əlindən Nardaran faktoru çıxıb, indi başqa etnik amildən yararlanıb, nələrsə  etməyə başlayırlar”

Əhəd Məmmədli:“Azərbaycan dövləti həmin təşkilata və onun rəhbərinə bir də “göz gəzdirməlidir””



Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) talışların hüquqlarının qorunması barədə Avropa Şurasına (AŞ) hesabat göndərib. Həmin hesabatda deyilir:
“Talışlar xalq olaraq Azərbaycan hökuməti tərəfindən tanınmır. Hökumət talışlara münasibətdə faktiki olaraq onları tezliklə assimilyasiya etmək siyasəti yürüdür. “Talış” adı qadağa altındadır. Ölkədə talış adında heç bir QHT qeydə alınmır. “Talış” sözü Azərbaycan parlamentində və səlahiyyətli şəxslərin nitqlərində tələffüz edilmir”.

Məsələyə kəskin reaksiya verən tarix elmləri üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, Azərbaycan talışlarının İctimai Şurası adlı qondarma qurum İranın növbəti təxribat planından biridir. Baş yazarın sözlərinə görə, Ermənistana daşıdıqları neft, ərzaq, silah-sursatın doğurduğu qıcığa qarşı atılır:

“Bu mövzu təsadüfi deyil, Azərbaycanda yaşayan talışlara da aidiyyəti ola bilməz. 44 günlük Vətən savaşında da bunu göstərdilər, türklərlə, ləzgilərlə, tatlarla, kürdlərlə bir yerdə, bir səngərdə düşmənlərə qarşı döyüşdülər, Azərbaycanın bayrağının uca tutdular. İranın əlindən Nardaran faktoru çıxıb, indi başqa etnik amildən yararlanıb, nələrsə  etməyə başlayırlar.  Alınası iş deyil. Yalançı statistikalar, böhtan dolu açıqlamalar da buna hesablanıb. Azərbaycanda heç bir dini, etnik ayrı-seckilik yoxdur. Azərbaycanın Cənub bölgəsində isə tüklər kifayət qədərdir, hamısı talış deyil”.

Son zamanlar talış hüquqları ilə bağlı məsələnin gündəmə gətirilməsinin məqsədli olduğunu söyləyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a vurğulayıb ki, 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy tərəfindən milli azlıqlarla bağlı qərar qəbul edilmişdi. Bu qərarla Azərbaycandakı bütün millətlərin və milli azlıqların haqları və hüquqlarının qorunması barədə akt qəbul edilmişdi:

“Bundan sonra da milli azlıqların hüquqları qorunurdu. AŞ-na Azərbaycanla bağlı belə hesabatın göndərilməsinə Qarabağ və Zəngəzur məsələsi, ümumiyyətlə Ermənistanla münasibətlərdə Azərbaycana bir təzyiq və təsir rıçaqları kimi baxıram. Azərbaycandakı talışlarla bağlı təşkilat dövlətçiliyimizə qarşı fəaliyyətindən başqa heç nə ilə fərqlənməyib. Təşkilatın rəhbəri də bu yöndə fəaliyyətini davam etdirir. Azərbaycan dövləti həmin təşkilata və onun rəhbərinə bir də “göz gəzdirməlidir”. Çünki Azərbaycan unitar və balaca ölkədir. Burada bütün millətlər yaşayır, həmin millətlərin hər birinin hüquqları qorunur. Amma bu ölkənin bir dövlət dili var. Digər millətlərin də öz dili var və onlar bu dildə danışırlar, rahat şəkildə millətlərinin adını çəkirlər. Bununla bağlı onlara bu günə qədər hansısa təzyiq olmayıb, olmayacaq da. Ancaq bu mövzunun aktuallaşmasının siyasi sifariş olduğunu düşünürəm”.
Ə.Məmmədli qeyd edib ki, Rusiya da ölkəmizə qarşı belə təzyiqlərdən istifadə edir:
“Moskvada separatçı qurum və təşkilatlar, onların televiziyaları var. Açıq şəkildə dövlətimizə qarşı fəaliyyət göstərirlər. Təəssüf ki, Azərbaycan bu günə qədər Rusiyaya qarşı etirazını bildirməyib. Lakin dövlətimiz bu məsələlərə ciddi yanaşmalıdır. Azərbaycanda talışlar adlı qurum var, amma talışların çoxusu heç bilmir ki, həmin qurumun fəaliyyəti nədən ibarətdir. AŞ-na göndərilən hesabatdan  talışların əksəriyyətinin xəbəri yoxdur. Ümumiyyətlə, talışların hüquqları barədə danışmağa, AŞ-na müraciət göndərməyə haqları çatmır”.

Yeganə Bayramova