Türk ordusunda inqilab


Erməni lobbisinin ən böyük mediası Ərdoğana təriflər yağdırdı 

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin inkişaf edən və artan silah texnologiyası Suriya, Liviya və Qarabağ savaşında böyük uğurlar əldə etdi. Xarici və yerli mətbuat milli silahları günlərlə manşetlərə çıxardı və bir çox ölkələr xüsusilə PUA-lara can atdı. 
“Şərq” qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, bu fakt ermənilərə də böyük təsir göstərdi. Erməni lobbisinin ən böyük media orqanı olan “The Armenian Weekly” Prezident Ərdoğanın həyata keçirdiyi siyasətə diqqət çəkdi və Türkiyənin müdafiə sənayesi ilə bağlı təəccüblü açıqlamalar yaydı. 

“The Armenian Weekly”də dərc olunan “Ərdoğan dövründə türk ordusunda inqilab” başlıqlı məqalədə Türkiyənin müdafiə sənayesinin addım-addım necə inkişaf etdiyi izah edildi. 2019-cu ildə dünyanın 12 -ci ən böyük silah ixracatçısı olduğu və önümüzdəki illərdə ilk 10-luğa daxil olacağı vurğulandı.

Müasir silah texnologiyasının yer aldığı yazıda, türk hava qüvvələrində inqilab edən Selçuk Bayraktarın Türkiyənin ilk yerli və işlək PUA sistemlərinin memarı olduğu ifadə edildi. “Baykar” şirkəti tərəfindən istehsal edilən, uzaqdan idarə olunan və müstəqil uçuş əməliyyatlarına qadir olan pilotsuz döyüş aparatlarının əməliyyatlarda uğur qazandıqdan sonra Ukrayna, Polşa və digər ölkələr tərəfindən satın alınmaq istənməsi vurğulandı. Türk pilotsuz uçuş aparatlarının türk xalqı üçün qürur mənbəyi olduğu ifadə edildi. 

İsmayıl