Millət vəkili Türkiyə mediasında İƏT-in Qarabağdakı faktaraşdırıcı missiyasından yazdı



Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə mətbuatında İslam Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyasının Qarabağda ermənilər tərəfindən dağıdılan mədəni mirasın bərpası ilə bağlı fəaliyyətindən yazıb.
Deputat qeyd edib ki, əslində İslam Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyasının işğaldan azad olunmuş Qarabağa növbəti səfəri digər beynəlxalq təşkilatlar üçün də nümunə olmalıdır: 

“İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti işğaldan azad olunmuş Azərbaycan torpaqlarında yerində araşdırmalar aparır, sübutlar toplayır və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərəcək. Qarabağda səfərdə olan Türkiyə Ombudsmanı Şərəf Malkoç da bildirdi ki, ermənilərin uzaq mənzilli raketlərlə vurduğu Ağdam, Tərtər, Gəncə və Mingəçevirə səfər zamanı hesabatlar hazırlanıb. Faktaraşdırıcı missiya bütün faktları yerində araşdırıb, tarixi abidələrin yenidən bərpasının mümkün olub-olmadığına dair hesabat hazırlayacaq. Çünki söhbət 10-100 ilin deyil, bütün insanlığın məhsulu olan, yalnız Qafqazın, Azərbaycan xalqının deyil, bütün dünyanın mədəni mirası olan tarixi əsərlərin taleyindən gedir.”

Məqalədə o da vurğulanır ki, Ermənistanın 30 il ərzində dağıtdığı, məhv etməyə çalışdığı bu mədəni mirası bərpa etmək tarixə, mədəniyyətə xidmət etməkdir. İslam Əməkdaşlıq Təşkilatının insan haqları qurumunun hazırladığı hesabat bütün dünyaya, BMT-yə və insan haqlarını qoruyan qurumlara göndəriləcək ki, dünya əsl həqiqətin nədən ibarət olduğunu bilsin. Dünya bu həqiqətləri bilməlidir.  

K.Nurullayeva digər beynəlxalq təşkilatların da məsuliyyətini xatırladıb, 30 illik işğal dövründə bu məsələyə ədalətsiz yanaşmaya diqqət çəkib: 

“Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanması işğal faktlarının beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmasına mane olurdu. Əksər təşkilatlar xristian təəssübkeşliyi sərgiləyərək, Ermənistanı ifşa etməkdən yayınırdı.  Bu da çox mənfi və təhlükəli presedent yaradırdı. Halbuki Qarabağ faktaraşdırıcı missiyaların səfərlərinin təşkilinə ən çox ehtiyacı olan ərazilər idi. Nəzarətsizlik və cəzasızlıq Ermənistanı vandallıq aktlarının miqyasını genişləndirməyə, qanunsuz məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətə daha da həvəsləndirirdi.”

Bu gün Qarabağda ən vacib məsələlərdən biri də işğaldan azad olmuş ərazilərin mina xərtiələrinin bir hissəsninin hələ də Ermənistan tərəfindən verilməməsi olduğunu qeyd edən K.Nurullayeva əlavə edib ki, müharibə başa çatdıqdan sonra mina və digər partlayıcı qurğular insanların həyat və sağlamlığına ciddi təhlükə yaradıb, onlarla azərbaycanlı mina qurbanı olub. Ermənistan bu cür davranmaqla irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozur.