İlham Əliyev: “Bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı”

“Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün ən vacib əməliyyatların, ilk növbədə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadı. Xüsusi təyinatlı qüvvələrimiz fədakarlıqla mübarizə apardılar, bir çox əməliyyatlarda ölümə gedərək, həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) müharibədə oynadığı vacib rol barədə danışarkən deyib.
“Xüsusi Təyinatlı Qüvvələrə həmişə xüsusi diqqət yetirmişəm. Onların təchizatı və təkmilləşdirilməsi, silah və texnikası, döyüş hazırlığı mənim daim nəzarətimdə olub. Mən dəfələrlə xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti ilə görüşmüşəm və əmin olmuşam ki, ən çətin döyüş tapşırıqlarını həll edə biləcək yüksək döyüşqabiliyyətli bölmələr yaratmışıq.

Keçən ilki döyüşlərin gedişatına qayıtsaq, ərazinin relyefi bizim üçün əlverişsiz idi. Biz əslində dağlara qalxırdıq. Erməni tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq bir neçə möhkəmləndirilmiş müdafiə xətti yaratmışdı. Dağlıq relyefin özü də müdafiə xəttidir və çox çətindir. Buna görə də, XTQ möcüzəvi peşəkarlıq, iradə, güc və Vətən sevgisi göstərməli oldu. Ümumiyyətlə, mən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Biz müxtəlif güc strukturlarında bir neçə xüsusi təyinatlı qüvvə yaratdıq. Bir çox yaşayış məntəqələrinin azad edilməsində iştirak edən Sərhəd Qoşunlarının xüsusi təyinatlıları döyüşlərdə fəal və səmərəli iştirak etdilər. Həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, onlar da artıq döyüş zamanı döyüş tapşırıqlarının həllində fəal iştirak ediblər. Biz əvvəlcə bu bölmələri hazırlayıb və təchiz etsək də, onlardan istifadə etmək fikrində deyildik. Həm Sərhəd Xidməti, həm də Daxili Qoşunlar, bəlkə də birbaşa fəaliyyət istiqamətləri üçün o qədər də xarakterik olmayan hərbi texnika ilə təchiz olunmuşdu. Mən elə mobil hərbi qruplar yaratdım ki, özünün birbaşa təyinatından əlavə işğal altındakı torpaqlarımızı azad etmək üçün istifadə oluna bilər.

Bundan əlavə, hərbi əməliyyatların müəyyən mərhələsində, Naxçıvandan gətirilən və digər xüsusi təyinatlı bölmələrlə birlikdə döyüş əməliyyatlarına qatılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları cəlb edildi. Dəniz piyadalarımız da özlərini fəal və effektiv şəkildə göstərə bildilər. Əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları da qeyd olunmalıdır.

Beləliklə, bizim yeddi xüsusi təyinatlı bölməmiz vardı, ancaq əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Bir çox əməliyyatları birgə apardıqları üçün aralarındakı qarşılıqlı əlaqənin koordinasiyası da böyük əhəmiyyət kəsb edirdi. Burada onların fəaliyyətlərinin ahəngi əks-hücum əməliyyatının uğur qazanmasında əsas rol oynadı.

Əvvəlki dövrdə keçirdiyimiz bir sıra hərbi təlimlər zamanı Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların xüsusi təyinatlılarının birgə fəaliyyətləri işlənirdi və onların koordinasiya imkanları nəzərdən keçirilirdi. Ancaq təlimlərin gedişi başqa, real müharibə əsl tamam başqadır.

Ümumiyyətlə bizim xüsusi təyinatlı qüvvələrimizin bütün komponentləri İkinci Qarabağ müharibəsinin gedişində maksimum effektli fəaliyyət göstərdi, döyüşçülər və komandirləri kütləvi qəhrəmanlıq göstərdi, orden və medallarla təltif olundular. Biz haqlı olaraq onlarla fəxr edə bilərik”, - deyə, dövlət başçısı bildirib.