“Millətin özünü tanıması üçün öz dilində təhsil alması vacibdir”

Məşhur rus pedaqoqu Konstantin Uşinski deyirdi: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir”.

Yeni təhsil ilinin başlanması ilə bağlı Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması mövzusu yenə aktuallaşıb. Bir çox tanınmış şəxslər, sıravi vətəndaşlar övladını rus bölmələrinə göndərən valideynləri müzakirə etməyə başlayıblar. Məsələn, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Nəbioğlu Feysbuk hesabında yazıb ki, rus bölməsinə övladını göndərən valideynlər gələcəkdə çox peşman olacaqlar.

“Evində kitab yoxdur, amma Dostoyevskini, Tolstoyu rusca oxuyacaqlarmış bunların balaları. Özün oxumusanmı?. Gürcü rus məktəblərini hələ Sovet vaxtı bağlayıb. Bizdən gerimi qalıb?. İnsan ana dilində düşünməlidir, təhsil ana dildə olmalıdır”.

Ana dilini insanın genetik kodu adlandıran dilçi-alim, professor Adil Babayev “Sherg.az”a söyləyib ki, hər bir millətin dünyagörüşü, adət və ənənəsi ana dilində əks olunub:

“Millətin özünü tanıması, milli təfəkkürünü anlaması üçün öz dilində təhsil alması vacibdir. Sovet dövründə uşaqlara 5-ci sinifdən sonra rus dilini öyrətməyə başladılar. Çünki rus dili və digər xarici dillər insana öz ana dilində güclü bazaya malik olduqdan sonra lazımdır. Uşaqlarda ana dilinin möhkəm bazası 5-ci sinfə qədər olur. Gözəl bünövrə olduqdan sonra digər xarici dillərin öyrənilməsi lazımdır. Rus, ərəb, fars, ingilis və digər dilləri bilmək yaxşıdır, burada qəbahətli nəsə yoxdur. Ancaq hər bir vətəndaş ilk öncə doğma dilində mükəmməl bilməli və bu dildə təhsil almalıdır!”.

 Yeganə Bayramova