Putin-Ərdoğan görüşü:“Gərgin və uzun çəkəcək” – Xaotik durumdan danışılacaq! 

 Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.  Peskov bildirib ki, Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır.

 Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin, əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.- deyə, Peskov vurğulayıb.

Görüşün sentyabrın 29-da baş tutacağı deyilib.

Liderlər arasında müzakirə barədə “Sherg.az”a danışan siyasi analitik Samir Hümbətov belə bir görüşün çoxdan gözlənildiyini dedi:

 “Tərəflər arasnda ilk növbədə ikitərəfli əlaqələr, o cümlədən siyasi-iqtisadi məsələlər müzakirə ediləcək. S-400-lərin ikinci partiyasının alış-verişi ilə bağlı razılıq əldə edilə bilər. Həmçinin Yaxın Şərqəki, Mərkəzi Asiyadakı, Cənubi Qafqazdakı, Ukraynadakı durum masaya yatırılacaq. Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfəri nzamanı Rusiya prezienti Vladimir Putin dedi ki, Suriyanın əsas problemi kənar qüvvələrin ölkədə olmasıdır. Bu, Türkiyəyə mesaj idi. Ərdoğan isə BMT baş assambleyasındakı çıxışında Krımın ilhaqını tanımadığını söyləməklə öz növbəsində Putinə ismarıc verdi. Amma istənilən halda Krım məsələsi “hələ çox su aparacaq”. Doğrudur, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan daha çox, Türkiyəyə güvənir. Amma görüşdən sonra bu məsələdə qəti qərar verilməyəcək. Çünki Ankara Krım məsələsində həssasdır, Moskva isə geri çəkilmir. Rusiya sıxışdırılmağına rəğmən, Azərbaycandan da çıxmaq istəmir. Eyni zamanda qlobal səviyyəli məsələləri, o cümlədən koronavirus pandemiyasi, kibertəhlükəsizlik, Talibana münasibət kimi məqamlar ətrafında da fikir mübadiləsi aparılacaq. Ümumiyyətlə, görüşün gərgin və uzun çəkəcəyini düşünürəm”.

S.Hümbətovun fikrincə, regiondakı xaotik durum da masada olacaq: 

“Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə ilə yaxınlaşmaq barədə bəyanatları ilə Rusiyanı, o cümlədən Vladimir Putini təhqir etdi. Liderlərin Paşinyanın bu açıqlamasını müzakirə edəcəkləri də istisna deyil. Rusiya ilə İran Türkiyə- Azərbaycan əlaqələrindən narahatdır. Odur ki, əlaqələrin genişlənməsində maraqlı olanlar hansısa pozuculuq fəaliyyətinə imkan verməməlidirlər. Hazırda regionda durum gərgindir. Ən əsas məsələ isə bu şəraitdə kimin hansı mövqedə duracağıdır. Rusiya ilə Türkiyə rəqib olmalarına baxmayaraq, həm də əməkdaşlıq edirlər. Moskva Ankaradan başqa alternativinin olmadığını yaxşı anlayır”