"Ermənistan revanşizmdən əl çəkməlidir"

"Sərhədlər müəyyən olunmalı, yekun sülh müqaviləsi bağlanmalıdır. Bunlar ilk növbədə ermənilərə lazımdır"

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış edib. Çıxışı zamanı pandemiya, iqlim məsələləri, ticari əlaqələr, nəqliyyat dəhlizləri və s. mühüm məqamlara toxunan dövlət başçısı 44 günlük Vətən müharibəsindən, sonrakı proseslərdən və Ermənistanın revanşist davranışlarından söz açıb. İrəvana xəbərdarlıq edən ölkə rəhbəri düşmənin bundan sonrakı hər hansı səhvinə ciddi surətdə cavab veriləcəyini vurğulayıb. 

Prezident deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər: “Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. 

Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. 2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi. Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. 

Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi. Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi”. Dövlət başçısının sözlərinə görə, danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu: “İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini azad etdi. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur”. 

Ölkə rəhbəri bəyan edib ki, Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar edib, onları xarici bazarlarda satıb: “Tutarlı faktlara əsaslanaraq keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcək”. 
Prezident bildirib ki, Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Ölkə başçısı qeyd edib ki, etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur: “Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”. 

İctimaiyyət nümayəndələrinin fikrincə, Prezident İlham Əliyevin çıxışına regionda cərəyan edən gərgin proseslər kontekstində yanaşmaq lazımdır. Ölkə başçısının BMT tribunasından verdiyi mesajlar Ermənistanın revanşist cəhdləri başda olmaqla, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dirçəldilməsinə yönələn cəhdlərə qarşı cavabdır. 

Millət vəkili Aydın Mirzəzadə “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin BMT tribunasında çıxışı zamanı diqqət yönəltdiyi məqamlar Azərbaycandan daha çox regiona lazımdır. Deputatın sözlərinə görə, Azərbaycanın apardığı siyasət və atdığı addımlar regionda stabilliyin möhkəmlənməsinə, “Qafqaz evi” ideyasının reallaşmasına, beynəlxalq hüququn işləməsinə yönəlib: 

“Xaricdəki bəzi qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarını 30 il işğalda saxlaması regionun inkişafına maneçilik törətdi. Cənab Prezident 10 Noyabr sazişi imzalanandan sonra regionda yeni reallığın yarandığı anonsunu verdi. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli quruculuq işləri, kommunikasiyaların bərpası, mədəniyyətin dirçəldilməsi göz önündədir. Ancaq Ermənistan yenə də revanşist mövqeyindən vaz keçmir. Dörd qonşusunun hamısına ərazi iddiasında olub və bu gün də qonşuların ərazilərinə iddialarla yaşayırlar. Ölkə rəhbəri çıxışında bir daha bəyan etdi ki, revanşist yanaşma ilk növbədə Ermənistanın özünə zərbə vuracaq. Bu, İrəvana növbəti xəbərdarlıqdır. Ermənistanla Azərbaycana güc yetirəcək səviyyədə deyil. Beynəlxalq hüquq və sivil qaydalar da bunu istisna edir. Ermənistan revanşizmdən əl çəkməlidir. Sərhədlər müəyyən olunmalı, yekun sülh müqaviləsi bağlanmalıdır. Bunlar ilk növbədə ermənilərə lazımdır. Azərbaycan öz suverenliyini qorumaq üçün hüquqi və resurs cəhətdən bütün imkanlara malikdir”.

A.Mirzəzadə vurğulayıb ki, ATƏT-in Minsk qrupuna dövlət başçısının verdiyi qiymət də çox dəyərlidir: 

“Dünyanın üç nəhəng dövlətinin, BMT Təhlükəsizlik Şurasının ilk daimi üzvlərindən üçünün təmsil olunduğu həmsədrlik institutu faktiki heç nə etmədi. Siyasi turizmlə məşğul oldular. Hər zaman işğalçı ilə işğala məruz qalan tərəfləri eyniləşdirdilər. Ermənistanın işğalçılıq siyasətinə hüquqi, siyasi qiymət verilmədi. Üç ölkədən sadəcə birinin İrəvana qarşı sanksiya tətbiq etməsi kifayət idi ki, Ermənistan özünü yığışdırsın. Əgər fərqli hərəkət etsəydilər, münaqişə sülh yolu ilə həllini tapardı, region tərəqqidən geri qalmazdı. Ölkə başçısının çıxışı Azərbaycanın və regionun maraqlarını qorumaq baxımından çox düzgün siyasi mövqe idi”. 

İsmayıl Qocayev